VHP qərargahında Azərbaycanda milli azadlıq hərəkatının başlanması günü kimi tarixə düşən 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə ölkənin tanınmış simaları, partiya liderləri, meydan hərəkatının öncül simaları və Türkiyədən gələn qonaqlar iştirak edib.
Tədbiri giriş sözü ilə VHP sədri, xalq şairi Sabir Rüstəmxanlı açdı. Meydan hərəkatının öncüllərindən olan partiya sədri tədbir iştirakçılarını salamladı. Xalq şairi hərəkatda iştirak edən öncüllərin adlarını sadaladı: “Bu gün Azərbaycan tarixinin ən şərəfli hadisələrindən biri olan meydan hərəkatının ildönümüdür. Bu illər ərzində çox hadisələr oldu. Bu hərəkatın önündə olan bir sıra insanlar həyatdan gediblər. Ona görə bütün şəhidlərimizi, türk dünyasının bütövlüyü uğrunda canlarını fəda edən, böyüklərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək”.
Sükutun ardından Azərbaycanın dövlət himni səsləndi.
Himnin ardından meydan hərəkatı vaxtı səslənən uvertura Nemət Pənahlının, Sabir Rüstəmxanlının meydanları çıxışları ilə alqış sədaları altında səsləndi.
S.Rüstəmxanlı çıxışına davam etdi: “Bu kadrlar o günləri qaytardı. Bizim azadlıq mübarizəzimiz türk dünyasında və digər ölkələrdə gedən bu tipli proseslərdən geri qalmır. Bu gün burada danışıqlar çox olacaq. Ona görə geniş danışmaq istəmirəm. Hər il bu günləri partiyalar şəklində müzakirə edirik. Ona görə bu gün partiyalar olaraq birik. Təəssüf bu müddət ərzində ayrılıqlar oldu. Meydan hərəkatında bir olanlar indi ayrıdır. Bəlkə də bu Avropanın siyasəti idi ki, demokratiya adı altında ayrılıq salmaq. Nə yaxşı ki, tariximizdə 1988-ci ilin meydan hərəkatı var. Kaş belə meydanların sayı çox olsun tariximizdə. Əslində bu meydan ikiyə bölünməyimizdən, xalq cümhuriyyətinin süqutundan başlamışdı. Meydan bu millətin ruhundan başlamışdı. Meydan həyatımızın və tariximizin elə səhifəsidir ki, o tarixə qayıtdıqca böyüyürük.
Nə qədər yaşayırıq bu tarix yaşayacaq. Bu tədbirin özü də tarixi toplantıdır. Tezliklə Qarabağ problemimiz həll olunsun. Meydan hərəkatı olmasaydı, SSRİ dağılmayacaqdı. Bu tarixə kölgə salmaq olmaz. Sizlərə eşq olsun”.
Ardınca söz Nemət Pənahlıya verildi: “Biz tariximizə nəzər salsaq, bütün fəlakətlərin kökündə parçalanmaları görəcəyik. Əsrlərdir başımıza fəlakət gəlir. Bütün tarix boyu istiqlal mübarizəsi aparırıq. Təəssüflər olsun ki, o inqilabların sonu qələbə olmadı. Çünki xarici qüvvələrə daim inam göstərildi. Onlar da bizi satdılar. İki yüz ildə meydan hərəkatı qədər xalqı birləşdirən hərəkat olmayıb. Azərbaycanı qan içində boğsalar da, sonda qalib gəldik. Millət özünə inananda, bir olanda o boyda imperiyanı diz çökdürmək olurmuş. Təəssüf ki, müstəqillikdən sonra mübarizəmizə müxtəlif donlar geyindirdilər. Çünki o insanların meydan hərəkatı ilə bağlılıqları yox idi. Əminəm ki, bu millət bir daha bir araya gələcək. Bütün uğurlarımız milli birlikdən keçir”.
N.Pənahlı çıxışını öz şeiri ilə bitirdi: Daha sonra aparıcı Türkiyədən gələn qonaqları salamladı. AK Partiyanın millət vəkili Mehmet Emin Bilgiz bunları dedi: “Hər kəsi salamlayıram. Türkiyənin hər tərəfində sizə dəstək verən milyonlarla insan var. Biz bu birliyi möhkəmləndirmək üçün burdayıq. Bir birlikdə dünyaya təpki verməliyik. Dünya hansı birimizi incitsə, dünyanın hər tərəfindən türklərin təpkisi ilə üzləşəcəyini bilməlidir. Hər kəsi təbrik edirəm. Allah yardımçımız olsun”.
“Çənlibel” Dərnəyinin yaradıcılarından olan Bəxtiyar Tuncay ilyarımlıq meydan hərəkatının 600 səhifəlik yazdığı kitaba sığışmadığını bildirdi: “Tarixçilər hesab edirlər ki, milli azadlıq hərəkatı “Çənlibel”lə başlayıb. Burada iştirak edən hər kəsi xatırlayıram. Rus əsgərləri ilk dəfə Nemət Pənahlı işğalçı adlandırdı. İlk dəfə SSRİ-dən çıxmağı Nemət bəy milyonların qarşısında dedi. Bunları unutmaq olmaz. Bir faktı unutmaq olmaz ki, biz bu hadisələrdə daha çox Şimaldan olan liderləri deyirik. Amma Güneydən olan liderlər də az deyildi. Mən Məhəmməd Hatəmini milli azadlıq hərəkatını banisi sayıram ki, o da güneyli idi. Bu hərəkatda Güney və Qüzey birləşdi. Bunları unutmayaq”.
Meydan hərəkatının güneyli fəalı Siyamək həmin dövrlər barədə bunları söylədi: “Həmin ilin dekabrında artıq meydanı dağıtmaq üçün hərəkətə keçmişdilər. Millət o zaman meydandan getmirdi. Dekabrın 4-ü gecəsi Nemət bəy dedi ki, bizi dağıdacaqlar, öldürə bilərlər, dağılışın, biz qalacağıq. Amma millət getmədi, bu millətdən yoxdur. 17 noyabrdan önəmli 5 dekabrdır. Bunu da unutmaq olmaz”.
Hərəkatın fəallarından olan Ramiz Tağıyev hər kəsin bu gününü təbrik etdi: “O zaman Naxçıvanda mənim üzərimə missiya qoyulmuşdu. O zaman bütövləşdik, amma sonradan dağıldıq. Çox səhvlər etdik həmin tarixdən sonra. Öz silahdaşlarımız bizi ləkələməyə çalışdılar. Bir-birimizin quyusunu qazdıq. Millət də ruhdan düşdü, amma bu millət hər şeyə qadirdir. Bu gözəl gündür. Hamını birliyə çağırıram. Millətin dərdi böyükdür.
Oyanmağın zamanıdır. Hamını mübarizə əhval ruhiyyəsinə çağırıram. Cəsarət olan yerdə uğur da olur”.
MSDM rəhbəri İsa Qəmbər partiyaları bir araya gətirməyin böyük təşəbbüs olduğunu bildirdi: “Möhtəşəm bir tarix idi. Xalqımızın ədalət, müstəqillik hisslərinə uyğun hərəkat idi. Daha çox Qarabağ məsələsinə o meydan hərəkatı başlamışdı. O hərəkatı idarə edənlər təbii ki var idi. Nemət Pənahlı, Sabir Rüstəmxanlı, Məhəmməd Hatəminin rolu kifayət qədər yüksək idi. Bu şəxslərin hər birinin meydanda xüsusi xətti var idi. Nemət Pənahlı xalqla daha çox birlikdə hərəkət edirdi. Adları saymaqla bitirmək olmaz. Biz qum dənələri kimi birləşərək meydanı yaratdıq. Meydanın əsas qəhrəmanı heç yerdə tanımayan vətəndaş idi. Eşq olsun o qəhrəmana. Meydan tarixdə bir zirvə idi. Zirvəni fəth etmək olar, amma yaşamaq olmur. Xalqımız o zirvəni əldə etdi. Hədəf o idi ki, dünyaya varlığımızın mesajını göndərmək. Onlar möhtəşəm hisslər idi. İlk dəfə o meydanda 31 yaşımda çıxış etmişdim. Millət bir-birini dinləyirdi. Meydan hərəkatı millətin birliyini göstərdi. Tariximizdə ən şərəfli tarixlərdən biri idi. Meydanda bir nəfər də var idi, o da Əbülfəz Elçibəy idi. O zamandan prosesin önündə idi. Bir daha tədbir təşkilatçılarına təşəkkür edirəm. Birlik sözdə yox, əməldə olmalıdır”.
Milli Şuranın sədri Cəmil Həsənli hər kəsi təbrik etdi: “Əzəmətli gündür. Uzun zamandan sonra xalq siyasi səhnəyə çıxmışdı. Xalq tarixin yaradıcısına çevrilmişdi. Xalq o günə hazır idi.
Meydanın qəhrəmanları, iştirakçıları da var idi. Hər cəhətdən ora meydan idi və xalqın dirilişini göstərirdi. Biz müstəqil olduq, amma azad olmadıq. Bu gün o birliyə bir daha ehtiyac var. SSRİ-nin sonunu gətirən Bakı hadisəsi oldu, bunu unutmamalıyıq. Kükrəyən meydanın varisləri bu gün ağır vəziyyətdədir. Azad mətbuatı yox, söz azadlığı mövcud deyil. 17 noyabrı etmiş xalq bir daha ayağa qalxmalıdır”.
Sabiq müdafiə naziri Rəhim Qazıyev çıxışında meydan hərəkatında rolu olan hər kəsi təbrik etdi: “Bu möhtəşəm hərəkatda iştirak edən və hazırda həyatda olmayan hər kəsin ruhu şad olsun. Əldə qayırma liderlərin vasitəsilə hazırda xalqa müxtəlif fikirlər yeridirlər. Növbəti belə günlərin yenidən olmasını arzu edirəm”.
Sabiq daxili işlər naziri İsgəndər Həmidov bildirdi ki, çıxış edənlərin hər biri ürəyimə toxunur: “Heç kəs istiqlaliyyətini qurban verməyəcək. Hər birinizi təbrik edirəm. Mən fəxr edirəm ki, Elçibəyin rəhbəri olduğu partiyanın üzvü olmuşam”.
KXCP sədri Mirmahmud Mirəlioğlu çox sözün deyildiyini qeyd etdi: “Biz niyə bu gündəyik, mandat görəndə özümüzü unutduq, haqqımızı yedik? 16 ildir meydan boşdur. Əgər sabah növbədənkənar prezident seçkiləri, yaxud parlament və bələdiyyə seçkiləri olsa nə baş verər? Sabir Rüstəmxanlı o zaman çağırsa gələrik? Əlbəttə yox, çünki o zaman hamımızın işi olacaq. Üzbəüz gələndə görüşdük, sonra arxamızca nələr danışmadıq. 28 illiyini qeyd etdiyimiz bu günün iştirakçılarının baş naziri Artur Rasizadə olmamalı idi. Hamımız bir–birimizə qarşıyıq. Bu gün təkcə üç siyasi məhbus siyahısı var. Bunlar Azərbaycan reallığıdır. Bundan çıxış edərək hərəkət etmək lazımdır. İnanıram ki, özümüzdə güc tapıb birlikdə olacağıq”.
VİP sədri Əli Əliyev 17 noyabrın qırılma nöqtəsi meydan hərəkatında olduğunu söylədi: “Bu tədbir tariximizi xatırlamağı, yaddaşlarımızı yeniləmək üçün önəmli idi. Bu hadisələrin təsiri ilə digər SSRİ ölkələri də müstəqillik əldə etdilər. Xalqımız qarşısında çox məsələlər var. Ədalətli cəmiyyətə ehtiyacımız var. Bu tədbiri növbəti mərhələnin başlanması kimi qəbul edirəm. Tədbiri təşkil edəndə də əsas məqsədimiz bu oldu. Xalqımız daim ayaqda olmalıdır”.
Hüquqşünas Aslan İsmayılov o hərəkatı görmədiyini bildirdi: “1989-cu ildən mitinqlərə getmişəm. Orada çıxış edən hər kəsə salam verməyi özümə şərəf bilirəm. Böyük tarixdir. O hərəkatda iştirak edən hər kəs öz missiyasını yerinə yetirib. O şəxslərin hər biri memuar yazmalıdır ki, həqiqətləri bilək”.
AĞ Partiya sədri Tural Abbaslı çıxışında bildirdi ki, çıxış etməyə haqqı olan hər kəsdən üzr istəyib danışıram: “Meydan hərəkatında iştirak edənlər özlərini bu gün qınadılar. Qum dənələri deyildi, əgər o meydanda iki tribuna olsaydı, iki istiqamətdə xalq gedərdi. Təəssüf ki, bu gün bu milli birlik yoxdur. Amma artıq bu birliyi yaratmağa ehtiyac var. Təklif edirəm ki, gələn bir milli birlik mitinqi təşkil edək”.
T.Abbaslının təklifi zalda alqışlara səbəb oldu.
Tədbirin sonlarına yaxın Sabir Rüstəmxanlı bu gün Nemət Pənahlının doğum gününün olduğunu xatırlatdı və toplantı iştirakçıları onu gurultulu alqış sədaları altında təbrik etdi.
Aparıcı S.Rüstəmxanlı iştirak edən hər kəsə təşəkkür etdi.
Tədbir “Savalan”qrupunun konserti ilə davam etdi.
Musavat.com