Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli tərəfindən zorlandığı bildirilən 11-ci sinif şagirdi Nazilə Abduləliyevanın (ad şərtidir-red.) atası Rəmzi Abduləliyev Ölkə.Az-ın suallarını cavablandırıb.
– Ceyhun Tofiqlinin ailəsini necə tanıyırsınız?
– Eyni kənddənik, qohumluğumuz yoxdur.
– Bəs necə olub ki, bu işdən xəbər tutmusunuz?
– Qayınanam ağır xəstədir. Həyat yoldaşım qalxıb ki, anasının paltarını dəyişsin, görüb qız yerində yoxdur. Qızın səsinə evdən çıxıb. Gedib görüb ki, darvazanın ağzında…
– Ceyhun Tofiqli ilə?
– Bəli, Ceyhun zəng edib ki, gəl, sənə kitab gətirmişəm. Qızım da hazırlığa gedir. İnanıb, gedib. Bu gün 17 yaşı tamam olur.
– Söhbət konkret intim münasibətdən gedir?
– Qızım anasına deyib ki, elə bir şey olmayıb. Anası beş dəqiqə də gec çıxsaydı, iş işdən keçəcəkdi.
– Direktor məktəbdə ona hansısa xoşagəlməz hərəkət edirmiş?
– Bu barədə eşitməmişəm.
– Ceyhun Tofiqlinin ailəsi bildirir ki, ekspertiza zorlamanın olmadığı qənaətinə gəlib.
– Deyiblər ki, qalsın həftənin altıncı gününə. Mənə müəmmalı gəlir ki, niyə şənbə gününə qalsın. Ucarın eksperti pulgir adamdır.
– Axı bu iş Zərdab ərazisində baş verib. Niyə Ucardan baxılsın?
– Mənə də müəmmalı gələn budur. Zərdabın eksperti elə adamdır ki, nə də təklif etsən, düzgün nəticə çıxaracaq. Mənə elə gəlir ki, bu işi uzatmaq üçün belə edirlər.
– Ceyhun Tofiqlinin həbsini istəyirsiniz?
– Bütün kənd camaatı, vəzifə adamları deyir ki, bu adam ömürlük həbs cəzası almalıdır.
– O ailəyə get-gəliniz olub?
– Olmayıb.
– Adətən kənd yerlərində qızları tez ərə verirlər, nişanlayırlar…
– Xeyr, qızım təhsil alırdı. Onun üçün əsas olan dərsidir, oxuduğu məktəbin ən nümunəvi və yaxşı oxuyan şagirdidir. Məktəb direktorları, icra başçısı da onu tanıyır, fotoları var.
– Sizin vasitənizlə qızınızla danışa bilərik?
– Mən ailəmdən ayrılmışam, ailə qurmuşam. Amma qızımla yaxşı münasibətlərim var, rayona hazırlığa mən aparıb gətirirdim.
– Ceyhun Tofiqlini necə insan kimi tanımısınız?
– Yaxşı adam kimi tanımamışam.