Araz Ağalarovun məşhur “Krokus” Mərkəzini partlatmaq istəyən şəxs həbs olundu

0
3

Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Krokus Ekspo” sərgi mərkəzində partlayıcı qurğu yerləşdirməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın xəbərinə görə, bu barədə “TASS”a Moskva vilayəti Krasnoqorski şəhər məhkəməsinin mətbuat katibi Natalya Osipova bildirib.

“Məhkəmə istintaqın vəsatəti əsasında dekabrın 12-dək Şaiq Məhəmmədov barəsində həbs qətimkan tədbiri seçib”, -deyə Osipova bildirib.

Ş.Məhəmmədova qarşı Rusiya CM-nin 167-ci maddəsi üzrə ittiham irəli sürülüb. Bu ittiham üzrə Ş.Məhəmmədov beş ilədək azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, oktyabrın 7-də Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus sərgi mərkəzində partlayıcı qurğu tapılıb. Hüquq-mühafizə orqanlarının məlumatında əldəqayırma partlayıcı qurğunun çantaya qoyulduğu və sərgi mərkəzində yerləşən tualetlərin birinə yerləşdirildiyi bildirilib.