Nazirlik:”Restoranlarda ayı əti adı altında naməlum heyvan əti satılır”

0
5
Azərbaycanda ayıların ovlanması qadağandır.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor əvəzi Hikmət Əlizadə bildirib.

2013-cü ildən ayıların adının “Qırmızı kitab”a daxil edildiyini deyən H.Əlizadə qeyd edib ki, ETSN ölkədə ayı ovuna qadağa qoyub: “Artıq 15 ilə yaxındır ki, ayıların ovlanması tamamilə qadağandır. Əgər bu gün ayı ovundan söhbət gedirsə, deməli, qanunsuz ov edilib. Bu əməli törədən şəxs barəsində qanuna müvafiq qaydada cəza tədbiri görülməlidir. Ancaq ayı ovu ölkədə qanunsuz ovu aparılan heyvanların sırasında yüksək yerdə dayanmır”.

Bəzi restoranlarda ayı ətindən yeməklərin hazırlanması ilə bağlı məlumatlara münasibət bildirən H.Əlizadə qeyd edib ki, indiyədək ETSN-ə hansısa restoranda ayı ətinin satılması ilə bağlı rəsmi müraciət daxil olmayıb.

Onun sözlərinə görə, əgər müraciət daxil olarsa, nazirlik digər əlaqədar qurumlar da cəlb edilməklə belə məlumatları araşdırmağa hər zaman hazırdır. Bu halda nazirlik həmin ətin haradan və necə əldə edildiyi barədə səlahiyyəti daxilində araşdırma apara bilər:

“Biz istəyərdik ki, qanunsuz ov edilməsin. Təəssüf ki, bu, istənilən cəmiyyətdə var. Bəzən restoranlar ayı, cüyür adı altında naməlum heyvan ətlərini satırlar. Yeyən də başa düşmür ki, bu, hansı heyvanın ətidir. Ancaq yenə istisna deyil ki, kimsə brakonyerlik yolu ilə hansısa heyvanı ovlayıb onu restorana satar və restoran da onu “delikates” adı altında müştəriyə təqdim edə bilər. Belə məlumat olanda vətəndaşlar icra hakimiyyəti orqanlarına kömək etməli, ETSN-nin “Qaynar xətti”nə məlumat verməlidirlər. Bu məsələlərlə bağlı araşdırma aparmaq üçün vətəndaşın müraciət etməsi lazımdır”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsindən ölkəyə rəsmi olaraq ayı ətinin idxal edilib-edilməməsi ilə bağlı Trend-in sorğusu cavablandırılmayıb.