“İki gündür “Premium” markalı benzin tapa bilmirik. Məcburən avtomobilə “Aİ-92″ markalı benzin doldurmuşuq. Bu isə maşına ciddi ziyan vurur”, – deyə sürücülərdən biri bildirib.
Bunu nəzərə alaraq APA ölkədə ən geniş YDM şəbəkəsinə malik olan şirkətlər arasında sorğu keçirib.
“LUKoil-Azərbaycan” QSC-dən bildirilib ki, şirkət “Premium” markalı yanacağı “SOCAR Petroleum” QSC-dən alır: “Bizə yanacaq limitlə satılır. Problemin səbəbi də budur. Böyük ehtimalla, problem 1-2 günə həllini tapar”.
“Tosoil” şirkətindən analoji cavab aldıq: “Ehtiyatımız tükənib. Bazadan (“SOCAR Petroleum” QSC-nin bazasından – red.) 1-2 günlük satış dayanıb. Yəqin ki, bir neçə günə satışı bərpa edərik”.
“Azpetrol” MMC-dən məsələyə münasibət bildirən tapılmayıb.
“Günəş Petrol” firmasından da “Premium” markalı benzinin satışının dayandırıldığını etiraf ediblər. Bununla yanaşı, şirkət rəsmisi qeyd edib ki, problem sabahadək həllini tapmalıdır: “Biz də məhsulumuzun satılmasında maraqlıyıq”.
Bununla yanaşı, şirkətlərin nümayəndələri yekdilliklə bildirirlər ki, məhsulun qıtlığı qiymət artımına səbəb olmayacaq.
Qeyd edək ki, YDM şəbəkəsinə malik olan şirkətlərin mütləq əksəriyyəti “Premium” markalı benzini “SOCAR Petroleum” QSC-dən alır. Şirkətin müştəriləri arasında “IST Petrol”, “Tosoil”, “LUKoil-Azərbaycan”, “ABU Petrol”, “Merd Petrol”, “AZAL Oil”, “Günəş IKF” MMC, “AS-Petrol” MMC, “Azərsun Holdinq” MMC, “Karasu Operating Company”, “Silk Way Aviaşirkəti”, “LUX-OİL” MMC, “Məişət Maye Qaz” QSC, “Balakhani Operating Company LTD” kimi şirkətlər var.
“SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli isə bildirib ki, artıq problem aradan qaldırılmaq üzrədir: “Bildiyiniz kimi, bu yanacaq növü Azərbaycana xaricdən idxal olunur. Son günlər idxalda yaranan problemlə bağlı daxili bazarda bu yanacaq növünün çatışmazlığı yaranıb. Lakin artıq yanacağın idxalında yaranan problem aradan qaldırılıb və müştərilərimiz məhsulla təchiz olunmaqdadır. Bilirsiniz ki, “SOCAR Petroleum” böyük bir YDM şəbəkəsinə sahibdir. Lakin biz ilk növbədə müştərilərimizin tələbatını ödədik. İlk təchiz etdiyimiz şirkətlərdən biri də “LUKoil-Azərbaycan”dır. Son iki gün ərzində müştərilərimiz yanacağı əldə edir. Düzdür, müştərilərimizə yanacaq məhdud həcmdə satılır”.
Onun sözlərinə görə, defisitin yaranmasına tələbatın yüksək olmasıdır: “Məsələn, sonuncu dəfə “LUKoil-Azərbaycan”a 5 maşın yanacaq verilib. Olar bilər ki, tələbatın yüksək olması səbəbindən ehtiyat tükənib”.