Akif Çovdarov və həbsdəki MTN-çilər dövlətə nə qədər zərər vurub? –Rəqəmlər açıqlandı

0
5
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin törədikləri cinayət əməli nəticəsində dövlətə vurduqları ziyanın məbləği açıqlanıb.

Onlar Nazirlər Kabinetinin 28 noyabr 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əməliyyat-axtarış fəaliyyəti üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları” adlı hüquqi aktın tələblərini qəsdən pozublar.

2013-2015-ci illər ərzində 920 000 manat, 455 000 ABŞ dolları və 790.000 avro məbləğlərində dövlət büdcə vəsaitlərini tərtib olunan raport və vəkalətnamələr əsasında əməliyyat-axtarış fəaliyyətinin təminatı adı ilə keçmiş MTN-in Maliyyə İdarəsinin kassasından götürüb əməliyyat zəruriliyi və məqsədəuyğunluğu olmayan əməliyyat-axtarış tədbirlərinin icrasına və faktiki mövcud olmayan müvəqqəti cəlb olunmuş vətəndaşların və etibarlı şəxslərin guya mükafatlandırılmalarına sərf olunması barədə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək həqiqətə uyğun olmayan hesabatlar, arayışlar tərtib ediblər.

Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin II İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Əliyev izahatında bildirib ki, A. Çovdarovun verdiyi vəkalətnamələr əsasında Maliyyə İdarəsinin kassasından götürdüyü ümumilikdə 890 000 manat, 405 000 ABŞ dolları, 790 000 avro məbləğində pul vəsaitini nağd şəkildə heç bir sənədləşmə aparmadan A. Çovdarova verib.

Energetika və Nəqliyyat Sahələrinə Nəzarət İdarəsinin II İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan Akif Əliyev izahatında bildirib ki, A. Çovdarovun verdiyi vəkalətnamələr əsasında Maliyyə İdarəsinin kassasından götürdüyü ümumilikdə 890 000 manat, 405 000 ABŞ dolları, 790 000 avro məbləğində pul vəsaitini nağd şəkildə heç bir sənədləşmə aparmadan A. Çovdarova verib. O, izahatında qeyd edib ki, A. Çovdarovun göstərişi əsasında birdəfəlik pul vəsaitləri ilə mükafatlandırılmaları üçün barələrində müvafiq raportlar yazdığı şəxslərin heç birini tanımır. Həmin raportlar A. Çovdarov tərəfindən nazirə məruzə edildikdən sonra 2014-cü ildə məhv edilib.

Həmin idarənin I İdarəsinin hazırda həbsdə olan rəisi Səlim Məmmədov isə izahatında qeyd edib ki, müvəqqəti cəlb olunmuş bir nəfər tanımadığı, heç bir əməliyyat məlumatı almadığı vətəndaşın mükafatlandırılması üçün A. Çovdarovun verdiyi vəkalətnamə əsasında Maliyyə İdarəsinin kassasından götürdüyü ümumilikdə 50 000 ABŞ dolları məbləğində pul vəsaitini nağd şəkildə heç bir sənədləşmə aparılmadan A. Çovdarova verib. O, həmin pulun kimə verilməsindən məlumatı olmasa da, A. Çovdarovun göstərişi əsasında pulun müvəqqəti cəlb olunmuş bir nəfərə verilməsi barədə həqiqətə uyğun olmayan hesabat sənədi yazaraq Maliyyə İdarəsinə göndərib.

İstintaq zamanı müəyyən edilib ki, ümumilikdə 2 917 300 manata bərabər külli miqdarda pul vəsaiti qulluq mövqeyindən istifadə edilməklə vəzifə saxtakarlığı ilə mənimsənilib.

İttiham aktında qeyd olunub ki, Akif Çovdarov istintaqa məlum olmayan mənbədən soyuq silah hesab edilən dəyənəkləri qanunsuz əldə edərək yaşadığı evdə saxlayıb.

A. Çovdarov və iş üzrə təqsirləndirilən digər şəxslər «Əməliyyat-axtarış fəaliyyəti haqqında» qanunun əməliyyat-axtarış tədbirlərinin məhkəmənin (hakimin) və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarları əsasında həyata keçirilməli olmasını təsbit edən müddəalarının tələblərini kobud surətdə pozaraq qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə olunmaqla və müvafiq proqramlar tətbiq edilməklə ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olan telefon danışıqlarına gizli qulaqasma, texniki vasitələrdən, rabitə kanallarından informasiyanın çıxarılması və başqa xidməti sahələr üzrə qanunsuz əməliyyat-axtarış tədbirlərini həyata keçiriblər.

Qeyd edək ki, Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Onların cinayət işi üzrə məhkəmə prosesi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilir.

APA