MTRŞ-dan dekoderlərin qiyməti ilə bağlı – Açıqlama

0
5

“Dekoderləri əhaliyə baha qiymətə satan yalnız mağaza sahibləri ola bilər”.

Bunu AzVision.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov dekoderlərin 30 manatdan yuxarı qiymətlə əhaliyə satılması məsələsinə aydınlıq gətirərkən deyib.

MTRŞ rəsmisi qeyd edib ki, qiymət artımın qarşısını almaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən poçt şöbələrinə dekoderlər aşağı qiymətlərlə verilib: “20-21 manatdan başlayan qiymətlərlə əhali dekoder ala bilər. Aparatın qiymətini baha satanlar yalnız sahibkarlardır. Poçt şöbələrində qiymət artımı yoxdur”.

T.Məmədov analoq yayımının dayandırılması ilə bağlı əhali tərəfindən onlara şikayətlə bağlı müraciətlərin daxil olmadığını deyib.

Qeyd edək ki, 1 noyabr tarixindən etibarən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb və rəqəmli televiziya yayımına keçilib. Müasir televizorlar, o cümlədən 2010-cu ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir. Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri (“Set-Top-Box”) istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür. Bakı, Abşeron və Sumqayıt sakinləri bu qurğuları Poçt Şöbələrindən 22 manat ödəməklə əldə edə bilərlər. Rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür. Rəqəmli televiziya yayımına keçid əhaliyə ölkənin istənilən ərazisində televiziya proqramlarının yüksək keyfiyyətlə, o cümlədən HD standartında izləməyə, təsvir və səs siqnallarının kənar maneələr və informasiya itkisi olmadan qəbul edilməsinə geniş imkanlar yaradır. Respublikanın digər ərazilərində tam olaraq rəqəmli televiziya yayımına cari ilin 1 dekabr tarixindən keçiləcək və analoq yayım bütün ölkə ərazisində tam dayandırılacaq. Naxçıvan Muxtar Respublikasında açıq paketli rəqəmli televiziya yayımına 10 dekabr 2014-cü il tarixindən keçilib. Rəqəmli televiziya yayımına keçidlə bağlı yaranan hər hansı problem və sualla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 14-11 nömrəli “Qaynar xətt”nə zəng etmək lazımdır.