Ölkənin şimalındakı əl-Hoseyma şəhərində Muhsin Fikri adlı balıqsatanın başına gələn faciə sosial mediada qəzəb dalğası yaradıb.
Xəbər verilir ki, bu hadisə 2010-cu ildə Tunisdə meyvəsatanın ölümünə etiraz olaraq alovlanmış “Ərəb baharı” üsyanlarının başlanğıcını xatırladır.
Mərakeş kralı Məhəmməd rəsmilərə Fikrinin ailəsinə baş çəkməyi əmr edib. Daxili İşlər və Ədliyyə nazirlikləri isə hadisənin dərin təhqiqatının aparılacağını vəd edib.
“Məmur zülmü”
Mərakeş üçün misli görünməmiş etirazları 20 Fevral hərəkatı təşkil edib. Bu qrup 2011-ci ildə “Ərəb baharı” zamanı da etirazlar təşkil etmişdi.
Sosial mediadakı qəzəbli postlarda “Hoqra” ən çox işlədilən söz idi. Ərəb dilinin Əlcəzair dialektindən olan bu termin məmurların vətandaşa qarşı zülmünü ifadə edir.
“Mən 2011-ci ildən bəri belə böyük izdihamlar görməmişəm” – yazır Hussin Lmbaret. O, balıqsatan Fikrinin həlak olduğu İnzuren şəhərindəndir.
“Burda hamını zibil maşını əzir” – deyilir başqa bir postda.
Əl-Hoseymadan başqa, Kasablanka və paytaxt Rabatda da izdihamlı nümayişlər keçirilib.
Mərakeş mediasının yazdığına görə, Fikrinin satdığı qılıncbalıq ona görə polis tərəfindən müsadirə edilərək zibil maşının mişarı üzərinə atılmışdı ki, bu balığın ilin bu vaxtında ovlanması qadağan imiş.
Sosial mediada dolaşan videoda Fikrinin balığı çıxarmaq üçün zibil maşınına atılması və maşının zibilsıxan kompressorları arasında əzilməsi görünür.
Ərəb baharı da belə başlamışdı…
Daxili işlər naziri Məhəmməd Həssad deyib ki, hadisənin dəqiqliklə araşdırılmasına başlanıb. O deyib ki, balıqsatanla bu cür rəftar edilməməli idi. Nazir AFP agentliyinə bildirib ki, heç bir hakimiyyət nümayəndəsinin adamların hüquqlarına bu sayaq hörmətsiz hərəkət etməsi yolverilməzdir.
Media xəbərlərində deyilir ki, bu hadisə 2010-cu ilin dekabrında Tunisdə baş vermis faciəni yada salıb. O vaxt malları rəsmilər tərəfindən müsadirə edilmiş meyvə-tərəvəz alverçisi Məhəmməd Buəziz üstünə benizn tökərək özünü yandırmışdı.
Bu hadisədən alovlanan etiraz prezident Zeynel Abidin ben Alinin devrilməsi ilə nəticələnmiş və qəzəb dalğası Misir, Liviya və başqa ərəb ölkələrinə yayılmışdı.
Azadliqradiosu.az