Elxan ŞÜKÜRLÜ
Strateq.az saytının rəhbəri
ABŞ-ın ilk dövlət katibi, ikinci vitse-prezidenti və üçüncü prezidenti olmuş, eləcə də dünya demokratiyasının ən dəyərli sənədlərindən birini – məşhur İstiqlaliyyət Bəyannaməsini yazmış Tomas Ceffersonun (1743-1826) tez-tez istinad edilən belə bir fikri var: “Əgər mən “qəzetlərsiz hökumət olsun, yoxsa hökumətsiz qəzetlər” seçimi qarışısında qalsaydım, tərəddüd etmədən ikincini seçərdim…”.
ABŞ kimi qüdrətli dövlətin təməlini atanlardan olan bu nəhəng siyasətçi-alimin, dövlət xadiminin sitat gətirdiyimiz kəlmələri əslində mətbuatın bir ölkənin inkişafı və tərəqqisi üçün nə dərəcədə önəmli olduğunu anlatmaq baxımından, indiyədək ifadə edilmiş ən sərrast fikirlərdən sayıla bilər. Çünki Cefferson üçün ən yaxşı hökumət, onun öz sözləriylə desək, “Yaradanın insana bəxş etdiyi 3 əsas təməl hüququ – yaşamaq, azadlıq və səadətə canatma hüquqlarını qoruyan, təmin edən, ədalətli və idarəolunanların razılığını qazanan quruluş” idisə, qəzetlər, yəni mətbuat da məhz belə – ədalətli və idarəolunanların razılığını qazanacaq hökumətin təşkilində üzərinə çox böyük missiya düşən ən vacib, yəni hətta hökumətin özündən də əhəmiyyətli sahə idi…
Şübhəsiz ki, mətbuata, mediaya (ərəbmənşəli “mətbuat” və latınmənşəli “media” məfhumları eyni mahiyyəti ifadə edir və biz də yazıda hər iki istilahdan bütün kütləvi informasiya vasitələrini nəzərdə tutan anlayış olaraq istifadə etmişik – E.Ş.) bu dərəcədə önəm verilməsi onun daşıdığı ictimai yük, cəmiyyətdəki bütün proseslərə, o cümlədən ölkələrin siyasi hakimiyyətlərinin qədərinədək təsir edə bilmək imkanları, gücüylə bağlıdır.
Elə bu güc və imkanları zamanında görə, dərk edə bildiklərindən idi ki, Ceffersonun“hökumətin özündən vacib” saydığı mətbuatı sonradan öz yazılarıyla Rusiyada inqilabi fikrin yayılmasına çox böyük təsir göstərmiş Gertsen “ictimai həyatı zəif inkişaf etmiş xalqlar üçün ən yaxşı tribuna” adlandırır, klassik sosialist inqilabı nəzəriyyələrini alt-üst edərək nəhəng bir quruluşun yaradıcısı olmuş Lenin “həm kollektiv təbliğatçı, həm kollektiv təşviqatçı və həm də kollektiv təşkilatçı”bilir, Türkiyənin xilaskarı böyük Mustafa Kamal Atatürk isə “millətin müştərək səsi” olaraq eşidirdi…
…Azərbaycanda milli mətbuatımızın bünövrəsinin qoyulduğu 1875-ci ildən ta 1991-ci ilin dekabrınadək – SSRİ-nin rəsmən dağıldığının elanınadək olan dövrdə baş verənlərə toxunmadan, yenidən müstəqillik əldə etdiyimiz son 25 ilin mətbuat tarixini vərəqlədikdəsə, təəssüf ki, acı bir gerçəkliklə üz-üzə qalırıq: bu 25 ildə mətbuatımız nə ictimai fikrin kollektiv ifadəçisinə çevrilərək hökumətin siyasətinə təsir göstərən, yön verən institutlar olmağı bacarıb; nə getdikcə mənəvi-əxlaqi baxımdan aşınmış cəmiyyəti qoruyub saxlayacaq və inkişaf etdirəcək tribunalara dönüb; nə də millətin ən yüksəklərdə eşidiləcək, duyulacaq səsi olub…
Buna çoxsaylı səbəblər göstərilsə də, ümumiləşdirilmiş şəkildə ifadə olunan həqiqət belədir: iqtidarda və müxalifətdə durmasından asılı olmayaraq, ötən bu 25 ildə mediaya sahib bütün tərəflər ona gerçək informasiya təminatçısı, çatdırıcısı və ya cəmiyyəti yaxş dəyərlər üzərində kökləyən maarifçi tribunalar kimi yox, daha çox məhz hakimiyyət uğrunda aparılan mübarizənin sadəcə bir elementi, siyasi, qrup və ya şəxsi maraqların təminində savaş vasitəsi kimi yanaşıb! Və məhz bu yanaşma da öz bətnindən bugünkü mediamızı doğub çıxarıb…
Nəticə ortadadır – Azərbaycanda hal-hazırda mövcud olan media strukturları(televiziya, radio, agentlik, qəzet və internet-media resursları), bəzi kiçik istisnaları çıxmaq şərtiylə, əsasən ictimai rəydə aşağıdakı şəkildə qruplaşdırılıb və məhz bu cür də qəbul edilir:
- Rəsmi və ya qeyri-rəsmi şəkildə tam olaraq dövlətin nəzarətində olan, cəmiyyətdəki və yaxın olduqları sahələrdəki gerçəkləri tənqiddən daha çox, malalayıb-gizlətmə, yalan, şişirtmə, bayağı tərif və mədhiyyəçilik prinsipi üzərində quran və bu səbəbdən də günbəgün oxucu-tamaşaçı sayını, deməli, həm də ictimai rəyi formalaşdırma imkanını itirmiş çoxsaylı iqtidar mediası;
- Bütün fəaliyyətini çox sərt üslubda yalnız hakimiyyətin gözdən salınması və “ən yaxşı bizimkidir” prinsipi üzərində qurmuş, hakimiyyətdən narazı kəsim üçün informasiya təminatçısı olmaqdan daha çox “ürəksakitləşdirici həb” rolunu oynayan azsaylı müxalifət mediası;
- Müxalif fikrin ifadəçisi və ya dini təbliğat çətiri altında Azərbaycan cəmiyyətinə nüfuz etdirilən, ancaq daha çox konkret xarici dairələrin ideoloji və əməliyyat-agentura maraqları üçün yaradılan, birbaşa da xaricdən maliyyələşdirilən və koordinasiya edilən media;
- Birbaşa deyil, dolayısıyla hakimiyyətdəki ayrı-ayrı məmurlara, qurumlara və ya iş adamlarına bağlı olan, bu səbəbdən də tənqid sferası olduqca məhdudlaşdırılan, bəlli bir çərçivədə azadlıq imkanı tanınan media;
- Konkret cinayətkar maraqların təmini məqsədiylə yaradılan və fəaliyyət göstərən “reket mediası”…
Yeni mərhələyə “köhnə media” ilə?!
… Ancaq Azərbaycanda artıq o mərhələ gəlib yetişib ki, Tomas Ceffersonun sözləriylə desək, “ədalətli və idarəolunanların razılığını qazanacaq hökumət”in, müasir anlayışlarla ifadə etsəksə “çevik, açıq və şəffaf hökumət”in təşkili son zərurət olaraq siyasi hakimiyyətin qapısının ağzını kəsdirib. Və sözsüz ki, bu situasiya da, istər-istəməz, Ceffersonun hökumətdən daha vacib institut saydığımedia sektorunda da köklü dəyişikliklərin aparılmasını, yəni yuxarıda göstərdiyimiz bu 5 qrupda əhəmiyyətli yerdəyişmələrə gətirib çıxaracaq addımların atılmasını qaçılmaz reallığa, hətta məcburiyyətə çevirib. Nədir bu reallıq və məcburiyyət?
Reallıq odur ki, uzun illər ərzində cəmiyyətdəki və dövlət idarəçiliyindəki bütün nöqsan və çatışmazlıqlarını yüksək neft gəlirlərinin dəbdəbəli qiyafəsi, göz qamaşdıran parıltısı ilə ört-basdır edən Azərbaycan hakimiyyəti postneft dövrünə çox hazırlıqsız vəziyyətdə yaxalanıb.
Bu mərhələ – yeni şərait hakimiyyətdən bir neçə ilə görməli olduğu və ya görməyə planlaşdırdığı işləri indi çox az zaman içərisində – illəri aylara, ayları həftələrə, həftələri günlərə, günləri də saatlara çevirməklə – yerinə yetirməyi tələb edir ki, bu da yalnız və yalnız bütün sferalar üzrə fundamental siyasi və iqtisadireformaların aparılmasıyla mümkündür.
Təkcə son 1-1,6 il ərzində ölkə Prezidentinin etdiyi çıxışların, imzaladığı fərman və sərəncamların analizi sübut edir ki, qısa zaman kəsiyi ərzində sürətli reformaların aparılmasının alternativinin omadığı ən yüksək səviyyədə qəbul və etiraf edilir, üstəlik, ölkənin birinci şəxsinin timsalında buna ciddi səy və təşəbbüs göstərilir…
Ancaq tarixi təcrübə göstərir ki, adətən, radikal reformalar həmişə hakimiyyətlərin elə öz içərisində müqavimətlə qarşılanır, xüsusən korrupsiya və digər cinayətlər yoluyla sərvət toplamış, hakimiyyət içərisində mövqe, nüfuz qazanmış qruplar və ya şəxslər ilk növbədə onların maraq və mənafelərinin əleyhinə yönəlmiş bu reformaları asanlıqla qəbul etmir, əvvəlki status və imtiyazlarının itirilməsiylə barışmayıb ya ona qarşı açıq çıxışa əl atırlar, buna cəsarət etmədikdəsə əlaltdan prosesin özünü sabotaj etməyə, reformaların zamanını uzatmağa çalışırlar…
Şübhəsiz ki, Azərbaycan hakimiyyəti də belə təzahürlərdən, meyl və təşəbbüslərdən sığortalanmayıb. Əksinə, təkcə ötən 1 il ərzində hakimiyyət komandasının qohumçuluq əlaqələriylə ittifaqlarını daha da gücləndirmiş iki ən önəmli siması – Azərbaycanın maliyyə-bank sektorunda xüsusi statusa malikBeynəlxalq Bank rəhbəri Cahagir Hacıyev və MTN rəhbəri Eldar Mahmudovlabağlı yaşanan olaylar göstərdi ki, komandanın ən iri ranqlı məmurları öz şəxsi mənafe və ambisiyaları üçün dövlət maraqlarını necə risklərə soxur, təhlükələrə atırlar…
Doğrudur, hər iki quda – həm Cahangir Hacıyev, həm də Eldar Mahudovla bağlı ölkə rəhbərliyinin qəbul etdiyi qərarlar Azərbaycan hakimiyyəti içərisində bundan sonra da “yolunu azan”, reformaların önünü kəsmək istəyən istənilən qüvvəyə göz dağı vermək üçün çox gərəkli siqnal oldu. Ancaq bu olaylar həm cəmiyyət, həm də elə ölkənin ali iradəsi üçün bir tərəfdən hökumətin öz içərisində hansı proseslərin getdiyini aşkarladı, o biri tərəfədən başqa bir ibrətamiz gerçəkliyi ortaya qoydu: aydınlaşdı ki, ölkədəki gerçəkliklər vaxtlı-vaxtında və dürüst şəkildə ölkə rəhbərliyinə çatdırılmayanda, geniş səlahiyyət, imtiyaz və inzibati resurslara sahib dövlət məmuru üzərində ciddi ictimai və qarşılıqlı nəzarət mexanizmi qurulmayanda, dövlət aparatında nələr baş verir və hələ daha nələr də baş verə bilər…
Bax, elə məhz buna – prezidentlə cəmiyyət arasında birbaşa əlaqənin qurulması, cəmiyyətdə baş verən proseslərin doğru-dürüst işıqlandırılması və rəhbərin də ölkəsində, xalqının içərisində nələrin baş verdiyini hər hansı dövlət qurumundan asılı olmadan öyrənib-bilməsi imkanlarına görə, Cefferson azad mətbuatı hökumətdən daha üstün tuturdu!
Azərbaycan Prezidenti niyə “azad media işimi yüngülləşdirir” demişdi?
Xatırladaq ki, Prezident İlham Əliyev də 2015-ci ilin 22 iyulunda milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşündə əslində azad medianın ölkənin idarəetmə sistemində aparılacaq reformalar üçün şəxsən onun özünə necə gərəkli ola biləcəyinin mesajlarını açıq-aydın şəkildə vermişdi. Prezident həmin görüşdə üzünü media təmsilçilərinə tutaraq demişdi:“…Yəqin, siz də bilirsiniz ki, Prezidentin hadisələrlə bağlı bilavasitə mətbuata çıxışı yoxdur, vasitəçilər, köməkçilər, administrasiya işçiləri, digər mənbələr var. Ona görə, bəzi hallarda məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə, Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir... Ölkədə həllini gözləyən problemlər hələ ki, çoxdur… Siyasi islahatlarla, iqtisadi inkişafla bağlı görüləsi işlər çoxdur. Hesab edirəm ki, xüsusilə, idarəetmə sistemində islahatlar daha da dərinləşməlidir. Ölkədə sosial ədalətsizlik halları var. Məmur özbaşınalığı halları, digər xoşagəlməz hallar – korrupsiya, rüşvətxorluq, insanların hüquqlarının pozulması halları var. Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq”…
Ona da xüsusi diqqət yetirmək gərəkdir ki, Prezidentin bu çıxışı fevral devalvasiyası, ardınca Binəqədidəki yanan bina olaylarından sonra ictimai nəzarətin vacibliyi haqda açıq mətnlə söylədiyi üçüncü mühüm çağırış idi və hələ onda arsenalında özlərinə gərəkli dezinformasiyaları yaymaq üçün böyük bir media-jurnalist şəbəkəsi olan MTN də çökdürülməmişdi… Yəni, yalnız 17 oktyabr olaylarından – Eldar Mahmudov və dəstəsinin zərərsizləşdirilməsindən sonra cəmiyyətə aydın olacaqdı ki, əslində, Prezident İlham Əliyevin bu çağırışları həm də onu əhatəyə almış informasiya blokadasını yarmaq, dezinformasiya axınını dayandırmaq cəhdləridir və o, həqiqətən, ölkənin gerçək mənzərəsini birbaşa xalqdan eşitmək, millətdən duymaq istəyir və bu səbəbdən azad medianın mövcudluğunun onun işini yüngülləşdirəcəyini vurğulayır, jurnalistləri, mətbuatı səmimi şəkildə fəaliyyətlərini gücləndirməyə, ona reformaların dərinləşdirilməsi işində dəstək verməyə səsləyir…
Bəs, hal-hazırda Azərbaycanda mövcud olan media, yuxarıda dediyimiz kimi, qarşıdakı mərhələdə ölkədə ədalətli və idarəolunanların razılığını qazanan, açıq, şəffaf və çevik hökumətin təşkili üçün sürətli reformaların informasiya-təbliğat yükünü öz çiyinləri üzərinə götürməyə və düzgün ictimai nəzarətin təşkiliylə onu təmin etməyə hazırdırmı?!
Birmənalı demək olar ki, hələlik hazır deyil! Səbəbsə çox sadədir: mövcudmedianın öz daxilində islahat getmədən, onun özündə düzən yaratmadan və onu çağdaş dövrün tələblərinə uyğunlaşdırmadan, Azərbaycan mətbuatını həqiqi ictimai nəzarət institutuna çevirmək olmayacaq…
Mediada düzəni necə yaratmalı?
Yuxarıda vurğuladıq ki, hal-hazırda Azərbaycanda media 5 qrupda cəmləşib. Detallara varmadan, söyləmək olar ki, bu 5 qrupdan 3-də qısa müddətdə düzən yaratmaq birbaşa hakimiyyətin öz əlindədir. Və təbii ki, bu 3 qrupda yaradılan düzən avtomatik olaraq hakimiyyət üçün başağrısına çevrilən daha bir qrupu – müxalifət mətbuatını da, istər-istəməz, o düzənə qoşulmağa vadar edəcək. Nəticədə, əvvəlkindən fərqli, ancaq həm cəmiyyətin özünə, həm də hakimiyyətdə reformaların aparlmasını istəyənlərə gərəkli, daha geniş auditoriyaya çıxış imkanı verən və ən əsası, həm də ictimi rəyə ciddi təsiretmə gücü olan, gələcəkdəsə daha demokratik təsisata çevrilə biləcək işlək media mexanizmiqurulacaq. Yalnız xaricdən asılı media qrupu kənarda qalacaq ki, bu da ictimai rəy uğrunda yarışda azad rəqabətə və peşəkarlığa dayanıqlı fəaliyyətə bağlıdır…
Əlbəttə, anlayırıq ki, məsələ heç də sözdə ifadə olunduğu qədər asan başa gələn, bir sehrli çubuğun hərəkətiylə tənzimlənən proses deyil, ancaq bu, mümkündür və hətta edilməsi mütləq vacib işdir. Çünki bir daha təkrarlayırıq: cəmiyyətdə ciddi təsir gücünə sahib ictimai nəzarət institutlarını, – bu sırada da əsas funksiya daşıyan media hakimiyyətini, – formalaşdırmadan, istənilən reforma maraqları tapdanan oliqarxiyanın, çoxsaylı məmur korpusunun müqavimət və sabotajıyla, cəmiyyətə yanlış təqdimatıyla üzləşəcək ki, bu da ictimai çaşqınlıq mühiti formalaşdırmaqla, indi həddən artq gərəkli olan zamanın itirilməsinə və kənar güclərin şəraitdən bəhrələnərək “çirkli informasiyalar”la boşluğu doldurmasına gətirib çıxaracaq…
Bu sektorda real islahatlara başlanıldığını göstərmək üçünsə, fikrimizcə, ilkin olaraq aşağıdakı istiqamətlərdə konkret addımlar atılmalıdır:
Birinci istiqamət: Hazırda hakimiyyətin əlində media ilə bağlı məsələlərin koordinasiyasında, meydana çıxmış problemlərin həllində daha çox “bir mərkəzdən idarəetmə” funksiyasını həyata keçirən iki əsas (biri qeyri-dövlət, biri dövlət) qurumun – Mətbuat Şurasının və Prezident yanında KİV-ə Dəstək Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə, statuslarına yenidən baxılaraq səlahiyyət çərçivələrinin dəqiqləşdirilməsinə, hətta mümkündürsə, artırılmasına və “böhran dövrü”nə hazırlanmasına ciddi ehtiyac var. Əlbəttə, hər iki qurumun fəaliyyətinin təkmilləşdirilməsinə, ilk növbədə, bu qurumların rəhbərliyində media işini mükəmməl bilən tamahsız, dövlətin ayırdığı vəsaitə göz dikməyəcək, dövlət maraqlarını oliqarxiyanın maraqlarına satmayacaq dürüst, vicdanlı, məsuliyyətli və ədalətli kadrların irəli çəkilməsi, önə verilməsiylə başlanılmalıdır ki, bu, sonrakı cəsarətli addımların əsas təməl daşı, bünövrəsi ola bilsin. Axı həyat sübut edib ki, qədim rolmalılar demiş, “yalnız təmiz vicdan nə yalanlardan qorxar, nə də şayiə və böhtanlardan”. Üstəlik, bu da bir həqiqətdir ki, vicdan özüylə ədalət, ədalət də çox çıxılmazlara çözüm, çarə gətirər…
İkinci istiqamət: Bu media qurumlarının fəaliyyətini təkmilləşdirdikdən sonra, məhz ədalətli yanaşmanın tətbiqiylə Mətbuat Şurası, KİV DF və hüquq-mühafizə orqanlarının aidiyyəti strukturları birlikdə ciddi şəkildə “reket jurnalistikası”yla mübarizəyə başlamalıdır. Çünki cinayətkar maraqlara qulluq edən “reket mətbuat”la ciddi medianın sərhədlərini ayırıb ona qarşı savaş açılmasa və ümumiyyətlə, bu qrup tam şəkildə sıradan çıxarılmasa, dördüncü hakimiyyət sayılan mediaya ictimai hörmət və nüfuz qazandırmaq qətiyyən mümkün olmayacaq, nəinki məmur korpusu, bütövlükdə cəmiyyət jurnalistlərə ən aşağı kateqoriya sahibləri kimi yanaşacaq…
Üçüncü istiqamət: Xüsusən dövrün tələbləriylə ayaqlaşmayan çap mediasına hər il dövlət büdcəsindən ayrılan və “susuz quyuya su tökmək” mahiyyətli maddi-siyasi dəstək azaldılaraq, əsas diqqət çağdaş – onlayn medianın inkişafına yönəldilməli, xüsusən də “KİV haqqında qanun”a əsaslı dəyişikliklər edilərək, saytların media qurumu kimi qeydiyyatından tutmuş fəaliyyətinin əsas prinsiplərinə, maliyyə təminatınadək ən xırda detallar belə, nəzərə alınmalıdır.
Dördüncü istiqamət: Ölkənin müharibə şəraitində olması və informasiyanın, təbliğat-əkstəbliğat işinin bu savaşda əsas silah sayılması reallığı əsas götürülərək, Azərbaycan mediasına, ən azı, müharibə şəraiti başa çatanadək, həm də bu yöndə çox gərəkli töhfə verə biləcək ciddi hərbi-siyasi-informativ mexanizm kimi yanaşılmalı, onun beynəlxalq arenaya çıxış imkanlarını artıran proqramlar təbiq edilməlidir…