Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, pilot layihə kimi dəyərləndirilən yenidənqurma işləri 5 il müddəti üçün nəzərdə tutulub və yararsız vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binasının sökülməsi, 30 mindən artıq sakinin köçürülməsi, milyonlarla kvadratmetr yaşayış sahəsinin tikilib istifadəyə verilməsi planlaşdırılır.
Qeyd olunub ki, bu layihənin həyata keçirilməsi üçün vəsaitin dövlət büdcəsindən yox, yaranmış əlverişli investisiya mühitində sahibkarlar tərəfindən yatırılması nəzərdə tutulub.
Qərarın 1.1-ci bəndinə əsasən müvafiq rayon icra hakimiyyətləri mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən həmin rayonların ərazisindəki yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanaraq (tikinti layihələrinin işlənməsindən əvvəl) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmasını təmin etməlidirlər.
Bununla əlaqədar bu günədək rayon icra hakimiyyətləri tərəfindən komitəyə təqdim olunmuş 52 ərazi planlaşdırma layihəsindən 45-i Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılıb.
Bildirilib ki, bu qəbildən olan ərazi planlaşdırma sənədlərinin hazırlanması təcrübəsi bu günə qədər Azərbaycanda mövcud olmayıb. Belə ki, ənənəvi olaraq qəbul olunmuş baş planlar, ərazinin müfəssəl planı kimi icrası mürəkkəb olan sənədlərin əvəzinə məhəllənin tikinti-planlaşdırma eskizi hazırlanıb. Məhəllənin tikinti-planlaşdırma eskizi 5 hektaradək ərazi üçün müəyyən olunub. Mövcud məlumatlar əsasında icra hakimiyyəti layihəçiyə müəyyən olunmuş küçələrin hüdudlarında məhəllənin planlaşdırılan tikintisinin hazırlığı üçün tapşırıq verir. Pilot layihələr üçün planlaşdırma həllərini əsasən Böyük Bakının regional inkişaf sxeminin, müfəssəl planların layihələri, eləcə də, bir sıra ərazi zonalaşdırılması sənədlərinin müəllifi olan Bakı Dövlət Layihə İnstitutu yerinə yetirir.