Strateq.az azadliq.infoya istinadən xəbər verir ki, bunu bir müddət əvvəl ləğv edilənMilli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov bildirib.
Bu haqda Çovdarovun vəkili Kamandar Nəsibov məlumat yayıb. Vəkilin mətbuat konfransında açıqladığ məlumatda deyilir: “Akif Çovdarov dünən bizimlə görüşdü. Getdik rəisin yanına. Akif Çovdarov rəisə dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb, öldürüb, sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər”…
***
Xatırladaq ki, bu məlumat mətbuatda yayılmazdan qabaq, vəkil Kamandar Nəsibov Çovdarovun məktub yazaraq, onu həbsdə öldürmək istədikləri barədə də həyəcan təbili çalımışdı.
Vəkilin sözlərinə görə, keçmiş MTN-çi məktubunda yazıb ki, həbsxanada onun müalicəsinə imkan verilmir, əksinə yanlış dərman atdırmaqla ürəyinin dayanmasına çalışırlar.
Çovradrovun yazdığına görə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi ona müalicə təyinatı yazmağa imkan vermir. Ona görə də oktyabrın 22-də Bakı İstintaq Təcridxanasının Tibb-Sanitar hissəsinə gələn həkim-koordioloq Natəvan Babayeva onun tam sağlam olması barədə rəy verib.
Çovdarovun yazdığına görə, 6 aydır onu “Deqaqsin” adlı bir dərman atmağa məcbur edirlər. Dərmanın təyinatında isə onu 20 gündən artıq qəbulu etməyə icazə verilmir. “Həmin dərmanı qəbul edəndən sonra ürəyim daha da zəifləyir, səhhətim pisləşir. O dərmanın təyinatında göstərilir ki, 20 gündən artıq qəbul edilə bilməz. Bunu həkim Natəvan Babayeva da təsdiqləyib. Xəstəlik tarixçəmdə də bu dərmanı qəbul etməli olduğum göstərilməyib. Əgər bu dərmanın qəbulundan ölsəm, belə çıxacaq ki, onu özbaşına qəbul eləmişəm”, – deyə Çovdarov yazıb.
Keçmiş MTN generalı əlavə edib ki, oktyabrın 22-dən 23-nə keçən gecə səhhəti kəskin pisləşib və o, növbətçi həkimdən Natəvan Babayevanın tövsiyə etdiyi“Algikey” dərmanı vurmasını xahiş edib. Növbətçi həkim isə tibb-sanitar hissəsində belə dərman olmadığını deyib. Bundan sonra Çovdarov təcili yardım çağırılmasını istəyib. Növbətçi tibb-sanitar hissəsinin rəisi ilə əlaqə saxlayıb, rəis də deyib ki, təcili yardıma ehtiyac yoxdur. Heç səhəri gün də təcili yardım çağırılmayıb.
“Ürək xəstəsi kimi, hər gün açıq havada olmalıyam. Amma həbs olunandan bəri bir dəfə də açıq havada gəzməyimə imkan verilməyib. Bütün bunlar məni kimlərinsə sifarişi ilə öldürməyə çalışdıqlarını sübut edir. Odur ki, qeyd etdiyim qanunsuzluqlara etiraz olaraq, həmçinin həyatım təhlükədə olduğu üçün Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin və Bakı İstintaq Təcridxanasının həkimləri tərəfindən müayinə və müalicə olunmaqdan imtina edirəm. Yalnız öz vəsaitimiz hesabına ailə üzvlərim tərəfindən müəyyən edilmiş həkimlər tərəfindən müayinə olunmağa razılıq verirəm. Həmçinin Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəhbərliyi tərəfindən “müalicə” yolu ilə öldürüləcəyimdən əmin olduğum üçün buna etiraz olaraq, dərman, qida və su qəbul etməkdən imtina edib, oktyabrın 25-dən aclıq elan edirəm”, – deyə Çovdarov məktubunda yazıb.
Çovdarovun məktubunu diqqətə çatdırandan sonra vəkil bəzi narazılıqlarını da dilə gətirib. O, ittiham aktının yayılmasına etiraz edərək bildirib ki, ittiham aktında əsasən təqsirləndirilən şəxsin əleyhinə olanlar yazılır. Amma ittiham aktının hər səhifəsinin arxasında 3-4 cild sənəd var. Dindirmə protokollarında çox şey əksini tapır.
Kamandar Nəsibov bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərdən də danışıb. Bildirib ki, iş üzrə həqiqətən də zərər çənlərin sayı 2-3 nəfərdir, amma 60-a yaxın göstərilib. Bu zərərçəkənlərin yarısından çoxu isə dələduzluğa görə məhkum olunan və ya barəsində cinayət təqibi gedən adamlardı. Elə zərərçəkmiş ərizələri var ki, heç qatlanmayıb da. Onların əksəriyyəti məqsədli şəkildə quraşdırılıb. “Bizdə məlumat var ki, zərərçəkmişlərin bir qisminə hədə-qorxu gəlib, müəyyən vədlər verib bu işə cəlb ediblər. Rusiyada yaşayan adamla telefonla danışıb, onu zərərçəkmiş kimi tanıyıblar. Kim deyə bilər ki, telefonun o başında danışan həmin bu şəxsdi? Tağı Əhmədov kimiləri cinayət məsuliyyətindən azad olmaq üçün ərizə veriblər. 16-17 nəfər yalnız mənəvi ziyana görə zərərçəkmişlərdi. Bu nə deməkdi? Nardaran işində bu praktikanın təməlini qoyub, bu işdə də davam etdiriblər”, – deyə vəkil bildirib.
Vəkil daha sonra Akif Çovdarovun MTN Antiterror Mərkəzinin rəis müavini olmuş, istintaq təcridxanasında ölən İlqar Əliyevlə bağlı dedikləri barədə danışıb. “İlqar Əliyev özünü asan idisə, ölməmişdən əvvəl özünü niyə döyürdü? Bundan başqa, o, ölümündən bir saat əvvəl evinə zəng eləyib, yeyib-içmək istəyib. Yaxud Orxana (MTN-nin həbsdə olan başqa bir əməkdaşı) ərizə yazdırıblar ki, guya özü öz başını divara vurub. Onu o vaxtdan tibb-sanitar hissəsinə salıblar, havaya da buraxmırlar. Bütün bunları mənə Çovdarov deyib”, – deyə Kamandar Nəsibov bildirib.
Vəkil Akif Çovdarova agentura xərclərinin mənimsənilməsi ilə bağlı verilmiş ittihama da toxunub. Bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti məhkəməyə mülki iddia ilə müraciət edərək, 2.9 milyon manatdan çox puıun mənimsənildiyini iddia edir və həmin vəsaitin Akif Çovdarov və onunla birlikdə mühakimə olunan Akif Əliyevlə Səlim Məmmədovdan alınıb DTX-nın bank hesabına köçürülməsini istəyir. “Akif Çovdarov bu epizod üzrə danışmır, hesab edir ki, danışsa, dedikləri dövlətçiliyə xələl gətirə bilər. İş materiallarında o pulların alınması ilə bağlı Akif Çivdarovun nazirə raportu var. Agentlərin gerçək kimliyini Akif Çovdarov və nazir bilir. İndi istintaq nə istəyir? Akif Çovdarov o adamların kimliyini açıb ortaya qoysun? Bu ittihamı irəli sürənlər Azərbaycan dövlətçiliyinə son qoymaq istəyən şəxslərdir”, – deyə vəkil vurğulayıb.