Vasif Talıbovun redaktorları qəbul etməməsinin səbəbi bilindi:“…Heydər Əliyevin əleyhinə yazan əlləri sıxmaq istəməyib”

0
3

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Bakıda fəaliyyət göstərən 20-yədək KİV rəhbəri oktyabrın 14-15-də Naxçıvan Muxtar Respublikasında səfərdə olublar.

Rəsmi məlumata görə, səfər Naxçıvan şəhərində “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfransda iştirak etmək məqsədiylə təşkil olunub, həmçinin konfrans iştirakçılarına Muxtar Respublikanın gəzməli-görməli yerləri ilə, xüsusən də tarixi abidələrlə yaxından tanışlıq imkanı yaradılıb…

Xatırladaq ki, həm konfransın gedişi, həm də redaktorların gəzib gördükləri yerlər barədə istər mediada, istərsə də sosial şəbəkələrdə geniş məlumatlar, fotoşəkillər və rəylər verilib.

Ancaq səfərin həm də yazılmayan və deyilməyən maraqlı tərəfləri də olub…

Bu haqda Strateq.az-ı bilgiləndirən məlumatlı mənbənin informasiyasına görə, səfərdə iştirak edən baş redaktorların bəzisi Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən qəbul ediləcəklərini gözləyirmişlər və hətta aralarında bu məqsədlə öncədən çıxış hazırlayanlar da varmış. Ancaq Naxçıvanda olarkən, “ölkənin ən aparıcı, ən böyük 20 media təmsilçisi”nə aydın olub ki, Vasif Talıbov onları qəbul etməyəcək… Bu məyusedici xəbər onların bəzisini dilxor etsə də, nə səfər müddətində, nə də sonra bu məsələni açıb-ağarmamağa çalışıblar…

Qeyd edək ki, mənbəmiz Ali Məclis sədrinin ölkənin bu “ən aparıcı 20 media təmsilçisi”ni niyə qəbul etməməsinin səbəbləri haqda da olduqca maraqlı fikirlər səsləndirib: “Naxçıvana gedəcək KİV rəhbərlərinin siyahısı Bakıda tutulub. Ancaq şübhəsiz ki, səfərdə kimlərin iştirak edəcəyi və ümumiyyətlə, tədbirin təşkilində məqsəd öncədən Sədrə məruzə olunub… Çox güman ki, siyahıdakı iki baş redaktorun adı bu görüşün baş tutmamasında əsas əngəl olub. Həmin iki baş redaktorun qəzetlərində uzun illər ərzində, hətta ötən ilədək, şəxsən Vasif Talıbovun əleyhinə, həmçinin vaxtilə mərhum prezident Heydər Əliyevin və indiki prezident İlham Əliyevin ünvanlarına olmazın iftiralar atılıb, böhtanlar yağdırılıb, aşağılayıcı yazılar yazılıb. Görünür, xaraktercə çox prinsipial və güzəştsiz adam olan Vasif Talıbov sadəcə həmin iki baş redaktorla üz-üzə gəlmək, onların Heydər Əliyevin və özünün əleyhinə yazan əllərini sıxmaq istəmədiyindən, bütövlükdə jurnalistlərlə görüşdən imtina edib. Baxmayaraq ki, belə bir görüş Vasif Talıbovun təbliğatı üçün çox önəmli olardı, ancaq o, prinsiplərini siyasi maraqlardan öndə tutub…”.

Xatırladaq ki, Naxçıvana aparılan Nümayəndə Heyətinin tərkibində bu şəxslər olub: KİVDF icraçı direktoru Vüqar Səfərov, Mətbuat Şurasının üzvü, deputat Aqil Abbas, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, Trend İnformasiya Agentliyinin baş redaktoru Arzu Nağıyev, “Xalq” qəzetinin baş redaktoru Həsən Həsənov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Olaylar” İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Oxu məni” qəzetinin baş redaktoru Emil Axundov, “Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev, “Mövqe” qəzetinin baş redaktoru Rasim Bayramov, “Respublika” qəzetinin baş redaktor müavini Hümbət Musayev, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, KİVDF-in əməkdaşı Samir Mustafayev, “Mövqe” qəzetinin əməkdaşı Zülfiyə Quliyeva

Strateq.az 

 

kiv-4

kiv-20-1