A.Qurbanovun bu fikirlərini Ermənistan mətbuatı talış dilində lüğətlərin çapına qarşı yönəldərək, qalmaqal kimi xarakterizə edib. Moskvadakı separatçı dairələr isə bunu “talışların mədəni hüquqlarının məhdudlaşdırılması” kimi qələmə verib.
Məsələnin mahiyyətini öyrənmək üçün “525-ci qəzet” Araz Qurbanovla əlaqə yaradıb, yazdığı status ətrafında baş verən olayla bağlı ondan müsahibə götürüb.
Strateq.az uzun illər Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (artıq ləğv edilmiş) Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyən Araz Qurbanovun bir çox məsələləri aydınlaşdırmaq üçün faktlarla zəngin bu maraqlı müsahibəsini oxucularına təqdim edir:
– Azərbaycanda çap olunan talış dilindəki lüğətlər ətrafında hadisəni Ermənistan mətbuatı “qalmaqal” adlandırıb. Həmin lüğətlərin nəşrinə sosial şəbəkələrdə mənfi reaksiya verən ilk şəxs kimi bu məsələni necə şərh edərdiniz?
– Əvvəla onu deyim ki, “qalmaqal” ifadəsi əsasən şou-bizneslə bağlıdır. Doğrudur, opponentlərimin iddialarında şou elementləri və ritorika olsa da, onların bilərəkdən və ya bilmədən törətdikləri əməl Azərbaycan dövlətinə, Azərbaycanda yaşayan millətlərin birliyinə qarşı təxribatdır və hazırda sosial şəbəkələrdə əks-təbliğatlarını da “şou-biznes” səviyyəsində aparırlar. Mən məsuliyyətlə “biznes” kəlməsini xüsusi vurğulayıram. Çünki belələrinin “təmənnasız talış sevgisinin” arxasında həm PR kampaniyası – özlərinə süni “milli cəfakeş” statusu qazandırmaq cəhdi, həm də “biznes-planlar” dayanır.
İkincisi, mən iddia olunduğu kimi, talış dilində lüğətlərin nəşrinə mənfi reaksiya verməmişəm. Belə yanlışlıq onların ictimai rəyi məqsədli şəkildə fərqli istiqamətə yönəltmək niyyətindən irəli gəlir, həm İradə Məlikovanın, həm də qadını qabağa verib arxasında gizlənən məlum şəxs və qüvvələrin arzusudur. Hamı kimi mən də talışlar da daxil olmaqla Azərbaycanda yaşayan bütün millətlərin ana dillərində kitab, qəzet, jurnal, lüğət nəşr olunmasını, onların etnik mədəniyyətlərinin qorunub inkişaf etdirilməsini alqışlayıram. Bu, Azərbaycan dövlətinin mövqeyi, Azərbaycançılıq məfkurəsinin prioritetlərindəndir. Millətlərarası münasibətlər, etnik və dini separatizm mövzusu mənim üçün yeni deyil və bu barədə həm əvvəllər, həm də indi müəyyən qədər məlumatlıyam. Odur ki, “karvan öz yolundadır” prinsipinə sadiq qalaraq, separatçıların sosial şəbəkədə mənə ünvanladıqları təhqir və “xristian lənətlərinə” məhəl qoymadan suallarınıza aydınlıq gətirməyə çalışacağam. Talış dili lüğətləri ilə bağlı spekulyasiyaya mütləq aydınlıq gətirilməlidir.
– Bəzi mətbuat orqanları lüğətlərlə bağlı məsələni talış dilinə təzyiq kimi dəyərləndirib.
– Bu, onların yeganə və primitiv “bəraət” yoludur. Lakin siyasi mənsubiyyətlərindən asılı olmayaraq, Azərbaycanın yerli kütləvi informasiya vasitələrinin böyük hissəsi dövlətçilik mövqeyindən çıxış edərək məsələnin talış milləti ilə bağlı olmadığını bildiriblər. Məsələni “talış dilinə təzyiq” kimi şərh edənlərin mövqeyinin haradan qaynaqlandığını bilmək üçün həmin KİV-lərin bəzilərinin adlarının açıqlanması kifayətdir: Ermənistana məxsus “panorama.am”, “russia-armenia.info”, “newshay.com”, “voskanapat.info”, “novostikavkaza.com” saytları, Rusiyadan yayılan ermənipərəst “Reqnum” agentliyi, separatçıların Moskvadakı “tolishpress.org” saytı, İranın “Talış radiosu” və s.
– Sizcə, Azərbaycanda etnik separatizm təhlükəsi varmı?
– Bilirsiniz ki, dövlət müstəqilliyimizi bərpa etdiyimiz gündən indiyədək qlobal güclər, bəzi region ölkələri Azərbaycanda geosiyasi və geoiqtisadi maraqlarının ödənilməsi, dövlətimizin siyasi iradəsinə təsir göstərilməsi məqsədilə planlar tərtib edib, onların icrasına çalışıblar. Azərbaycan Respublikasının iyirmi beş illik təcrübəsi də göstərir ki, ölkə ərazisində istənilən etnik və ya dini separatizm təzahürlərinin, buraya nüfuz etdirilən qeyri-ənənəvi din və təriqətlərin, missionerlik fəaliyyətinin, dini-siyasi hərəkatların arxasında məhz həmin qüvvələrin məqsədləri dayanır. Azərbaycan cəmiyyətinin parçalanmasına, millətlər arasında çoxəsrlik münasibətlərə qarşılıqlı etimadsızlığın və natamamlıq kompleksinin aşılanmasına yönəldilən belə fəaliyyətə Ermənistanın xüsusi olaraq qoşulması da başadüşüləndir. Əgər xatırlayırsınızsa, Serj Sarkisyan hələ 2012-ci ildə real hərbi gücə malik olmayan Ermənistanın “Azərbaycana qarşı asimmetrik mübarizə üsullarından istifadə edəcəyini” bəyan etmişdi. Bu baxımdan, xaricdən Azərbaycana nüfuz etdirilən separatizm meyilləri Ermənistanın “asimmetrik”, “hibrid müharibəsi” üsullarından biridir. Lakin onların üzləşdiyi ən böyük problem isə Azərbaycanda etnik separatizmin sosial bazasının olmamasıdır. Bu gün Əlikram Hümbətovun da, Fəxrəddin Abbaszadənin də, onların açıq və gizli tərəfdarlarının da əsas məqsədi belə bazanın yaradılması, müxtəlif aksiyalarla Azərbaycan dövlətinin zəiflədilməsidir. Halbuki, Lənkəranda qondarma “Talış-Muğan Respublikasına” qarşı mübarizə aparanların, Azərbaycanın ərazi bütövlüyünü qoruyanların böyük əksəriyyəti məhz talışlar olub. İddialı tərəfin nəzərinə onu da çatdırım ki, Azərbaycan Konstitusiyasının 44-cü maddəsində açıq şəkildə göstərilir: “Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ var”.
“Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda da Azərbaycan ərazisində yaşayan bütün millətlərin etnik kimliyinin və mədəniyyətinin qorunmasına, inkişafına təminat nəzərdə tutulur. Vaxtilə ümummilli lider Heydər Əliyev Azərbaycanın etnomədəni müxtəlifliyinə dövlətin əvəzsiz sərvəti kimi yanaşaraq bildirib ki, “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da – bütünlükdə hamısı azərbaycanlıdır. “Azərbaycan” sözü bizi həmişə birləşdirib”.
Azərbaycan xalqının polikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən bu siyasət hazırda prezident İlham Əliyev tərəfindən inkişaf etdirilməkdədir. Həmin siyasət nəticəsində Şərqlə Qərbi, Avropa ilə Asiyanı, xristian aləmi ilə müsəlman aləmini bir masa ətrafına toplamağı bacaran, fərqli mədəniyyətlərin effektiv dialoq məkanı olan Azərbaycanda bütün millət və xalqların mədəniyyətinə, inanclarına eyni dərəcədə yüksək qayğı göstərilir.
Dövlət başçısının vurğuladığı kimi, “Azərbaycanda bütün millətlər bir ailə kimi yaşayırlar. Bu, bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik… Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır”. Odur ki, ölkəmizdə etnik qarşıdurmalar üçün yerli zəmin yoxdur və olmayacaq. Azərbaycanda etnik münasibətlərin unikallığının, dini və ya etnik zəmində qarşıdurmaların yaranmamasının başlıca səbəbi isə burada insanların etnik və dini identikliklərini qorumaq üçün əlverişli hüquqi şəraitin olması, etnoslar, ənənəvi din və məzhəblər arasında çoxəsrlik təbii inteqrasiya prosesinin davam etməsi və tarixi birgəyaşayış ənənələrinin formalaşmasıdır. Buna görə də, Azərbaycanda etnik və dini separatizm meyilləri bir qayda olaraq xaricdəki maraqlı dairələr tərəfindən nüfuz etdirilir və göründüyü kimi proses səngiməyib.
– Sizcə, talış dilində lüğətlərin nəşriylə bağlı mövqeyiniz məqsədli şəkildə təhrif olunur?
– Bu, mahiyyət etibarilə Azərbaycan dövlətinə meydan oxumaq və müvafiq strukturların sayıqlıq səviyyəsini yoxlamaq cəhdidir. Yəni, “baxın, siz Fəxrəddin Abbaszadəni separatçı, düşmən elan edirsiniz, biz isə Azərbaycanın paytaxtında onun kitabını nəşr edib yayırıq”. Təkrar edirəm, hədəfimiz lüğətlərin nəşri deyil, Azərbaycan dövlətçiliyinə qarşı düşmənçilik mövqeyində dayanan Fəxrəddin Abbaszadənin “Talış Milli Akademiyasının”, “Talış Milli Dirçəliş Hərəkatının” bu yolla Bakıda təbliğidir. Mən o kitabların dördü ilə də tanışam. Özünü talışların “böyük bacısı”, yəni talış dilində “dodo” elan edən və bu təxəllüslə şeirlər yazan, Bakıda “Azərbaycançı” kimi təqdim olunan, İran və Rusiyadakı talış saytlarında, o cümlədən, Ərdəbildən yayımlanan “Talış radiosunda” isə “milli fəal” kimi təbliğ edilən İradə Məlikova mənim vurğuladığım məsələlərin doğruluğunu çox gözəl bilir. Bununla belə, “Azərbaycançı-folklorşünas” sərbəst buraxılandan sonra da müsahibələrində bildirir ki, “Talış dili üzrə mütəxəssis kimi Fəxrəddin Abbaszadə və Zabil Mədoju görürəm”. Sonra isə özünü sığortalamağa çalışaraq əlavə edir: “Müəllif talışdır və həm də linqvist alimdir, onun politikliyi işin ikinci tərəfidir. Niyə buna siyasi don geydirirlər, anlamıram”.
“Siyasi don geydirmədən” anlatmağa çalışacam. Məsələn, rəsmi tədbirlərdə həm talış icmasının, həm də xristian icmasının nümayəndəsi kimi tez-tez çıxış edən İradə Məlikova Azərbaycanda milli və dini qruplara yaradılan gözəl şərait, onlara yüksək diqqət və qayğı göstərildiyi barədə həmişə ağızdolusu danışır. Onun canfəşanlıqla müdafiə etdiyi “ziyansız linqvistlər” – Fəxrəddin Abbasov və Zabil Mədoj isə başqa fikirdədirlər. Belə ki, bu ilin mart ayında İrəvanda “Azərbaycan Respublikasının köklü xalqları. Reallıqlar və perspektivlər” mövzusunda keçirilmiş dəyirmi masada İradə Məlikovadan fərqli olaraq, “Azərbaycan dövlətində talışların təqib olunduğunu, milli mədəniyyətlərinin, ana dillərinin məhv edildiyini” bəyan edirlər. Lüğətlə bağlı az sonra sadalayacağım digər faktlar da İ.Məlikova ilə müqayisədə Fəxrəddin və Zabilin öz sözlərində daha səmimi olduğunu göstərir.
– Əlikram Hümbətov, Fəxrəddin Abbaszadə və Zabil Mədoj Azərbaycanda separatçı elan edilsələr də, bəzi xarici dairələrdə onların bu fəaliyyəti dəstəklənir.
– İradə Məlikova-Dodo onu da yaxşı bilir ki, onun müdafiə etdiyi və “politikliyi işin ikinci tərəfi” olan həvəskar “linqvist” Fəxrəddin Abbaszadə öz intellektini lüğət tərtib etməyə yönəltməkdən savayı boş vaxtlarında həm də Moskvada fəaliyyət göstərən “Talış milli dirçəliş hərəkatına” rəhbərlik edir. Üstəlik, Azərbaycanın görkəmli şair, publisist və tərcüməçisi, tanınmış dövlət xadimi, latın qrafikası ilə talış əlifbasının ilk tərtibçisi, 30-cu illərin bolşevik repressiyalarının günahsız qurbanlarından olmuş Zülfüqar Əhmədzadənin də xatirəsinə hörmətsizlik edir. Özünün və hərəkatın əhəmiyyətini artırmaq üçün, guya, Zülfüqar Əhmədzadənin vaxtilə “Talış Milli Dirçəliş Hərəkatının” ilk yaradıcısı olduğunu bildirir.
Rusiya ərazisində maneəsiz fəaliyyət göstərən “Federal Talış Milli-Mədəni Muxtariyyatı”nın, “Talış milli dirçəliş hərəkatı”nın liderlərinin, o cümlədən, Əlikram Hümbətov və Fəxrəddin Abbaszadənin İrəvana intensiv səfərləri, birgə fəaliyyət planlarının müəyyənləşdirilməsi perspektivdə Azərbaycanda etnik zəmində qarşıdurmalar yaratmaq arzusundan irəli gəlir. Əgər əvvəllər separatçı qruplaşmalar “Azərbaycan Respublikasında talışların pozulmuş mədəni huquqlarının bərpasını və talışların sıx yaşadıqları regionda onların mədəni muxtariyyətinin təmin olunmasını” tələb edirdilərsə, 2003-cü ildə bu iddia “Azərbaycanda federativ dövlət quruculuğunun zəruriliyi” ilə əvəz edilib. Belə ki, həmin il Bakıda nəşr olunan “Tolışi-sədo” qəzetində yayılan “Talış milli dirçəliş hərəkatının” manifest-proqramında açıq şəkildə göstərilirdi ki, guya vaxtilə “Azərbaycan ərazisində tarixən yeddi federativ inzibati-ərazi vahidi” mövcud olub və onların bərpası “tarixi zərurətdir”.
Ə.Hümbətovun və “linqvist” F.Abbaszadənin İrəvana səfərlərindən sonra proqrama düzəlişlər edilib, “Talış-Muğan Respublikasının” müstəqilliyinin tanınması və “Azərbaycan Respublikası ilə münasibətlərin yalnız konfederativ əsaslar üzrə qurulmasının mümkünlüyü” barədə sərsəm ideya gündəmə gətirilib. Yeni plana əsasən, “Azərbaycan Federativ Respublikası” inzibati-ərazi vahidləri bölgüsünə görə “Azərbaycan”, “Talışıstan”, “Ləzgistan”, “Girdman”, “Naxçıvan” federal respublikalarından hesab etdikləri üçün bu “federasiyanın” tərkibinə daxil etməyiblər.
İradə Məlikovanın bəraət qazandırmağa çalışdığı Fəxrəddin Abbaszadə və Zabil Mədoj haqqında daha bir neçə faktı da onun yadına salım: “2012-ci ilin fevral ayında Ermənistanda “Qardaşlıq körpüsü” hüquq müdafiə təşkilatının yaradılmasında digər etnik separatçı təşkilatların rəhbərləri ilə yanaşı, Əlikramın və “linqvist” Fəxrəddinin rolu olub. Erməni politoloqu Levon Melik-Şaxnazaryanla birgə təsis olunan həmin təşkilatın məqsədi Azərbaycan ordusunda hərbi xidmət keçən etnosların nümayəndələrini fərariliyə və Ermənistan tərəfinə keçməyə sövq etmək, onlara siyasi sığınacaq verməkdir. Təşkilatın toplantılarının birində Fəxrəddin göz yaşlarını gizlətmədən bunları etiraf edib: “Qarabağda döyüşəndə də düşünürdük ki, ermənilər bizim qardaşlarımızdır”. 2016-cı ilin aprel döyüşlərindən sonra “Talış milli televiziyasının” aparıcısı, digər “linqvist”, əslən Masallının Mahmudavar kəndindən olan Zabil Mədoj isə “Bu bizim müharibə deyil” adlı verilişini yayımlamışdı. O, bir saatlıq veriliş ərzində talış xalqının oğul və qızlarını “Arsak-Azərbaycan müharibəsində” iştirak etməməyə çağırıb. Görəsən, özünün fərəhlə dediyi kimi, 1997-2008-ci illər ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyində işləmiş İradə Məlikova nə üçün bütün bunları “ikinci dərəcəli məsələ” hesab edir?!
– Bayaq qeyd etdiniz ki, lüğətlə bağlı digər məsələlərə də aydınlıq gətirəcəksiniz.
– İradə Məlikova müsahibələrində Fəxrəddini ittihamlardan yayındırmaq üçün qeyd edir ki, guya, bu lüğətlərin tərtibçisi özüdür. Hətta saxlandıqdan sonra feysbuk profilində belə kövrək sətirlər də yazıb: “Dodo sizlərə qurban. Evdə vəsiyyət etmişəm ki, birdən sizləri tərk eləsəm, başdaşımı lüğət kitabımız kimi düzəldərsiniz. Belə də yazılsın: Tolışə lüğət!”. Əgər bu, həqiqətən belədirsə, bəs nə üçün kitabın üstündə tərtibçi kimi “Farmoni Faxraddin Aboszoda” yazılıb? Belə olan halda, Allah uzaq eləsin, başdaşı-lüğətin üzərində kimin adı qeyd olunacaq? Halbuki, F.Abbaszadənin rusiyalı yardımçısı Yana Amelina “Nezavisimaya qazeta” nəşrindəki məqaləsində bu lüğətlərin həm təşəbbüsçüsünün, həm də tərtibçisinin məhz Fəxrəddin Abbaszadə olduğunu göstərir. Erməniləri özünə qardaş bilən “linqvist” Fəxrəddinin Azərbaycan Respublikasına düşmənçilik mövqeyi, Lənkəranda saldığı qanlı olaylar, onun talış gənclərinin Azərbaycan Silahlı Qüvvələrində xidmətdən yayındırmaq istəyi hamıya aydındır. Bu zaman növbəti sual yaranır: İradə Məlikovanın “təşəbbüskar” qismində Bakıda nəşr etdirdiyi, cildindən göründüyü kimi müəllif və tərtibçisinin Fəxrəddin Abbaszadə olduğu “Tolışə-tırkə luğat” kitabının iç səhifəsində “Kitob həsr kardə beydə bə Vətəni roədə şəhid bıə tolışon”, yəni, “Kitab Vətənin azadlığı uğrunda şəhid olmuş talışlara həsr edilir” ikibaşlı ifadəsi kimlərə ünvanlanıb? Bundan başqa, digər lüğətlərdən fərqli olaraq, yalnız ingilis-talış lüğətində ingilisdilli oxuculara müraciət yer tapıb. Müraciətdə isə yazılır ki, guya, talış xalqı məhv olur, talış tarixi araşdırılmır, talış xalqının qədim dövrlərdə yaratdığı abidələri başqaları mənimsəyir və s.
Daha bir vacib məqam. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra, 1991-ci ilin dekabr ayının 25-də “Azərbaycanda latın qrafikalı əlifbanın bərpa edilməsi haqqında” qanun qəbul edilib. Həmin qanunun tələbinə uyğun olaraq, 1992-1993-cü tədris ilindən ümumtəhsil məktəblərinin birinci siniflərində, 1993-1994-cü dərs ilindən isə bütün siniflər üçün latın qrafikalı dərsliklərin nəşrinə başlanılmışdı. Həmin qanun çərçivəsində latın əlifbası ilə Azərbaycan Respublikasında yaşayan xalqların ana dillərində, o cümlədən, talış dilində aşağı siniflər üçün dərsliklər, məsələn, “Tolışə Zıvon” kitabı da işıq üzü görüb. Bundan başqa, Talış Mədəniyyət Mərkəzinin orqanı olan “Tolışi sədo” qəzeti də tədricən yeni əlifbaya keçib. 2001-ci ilin iyunun 18-də isə Azərbaycan Respublikası Prezidentinin latın qrafikası ilə Azərbaycan əlifbasının geniş və hərtərəfli tətbiqinə dair fərmanı qüvvəyə minib. Elə şəxsən İradə Məlikovanın talış dilində nəşr etdiyi digər kitablar da latın əlifbası ilə çap edilib. Yalnız Moskvadakı separatçı ünsürlər, eləcə də “linqvist” Fəxrəddin Abbaszadə Azərbaycan Respublikasına etiraz əlaməti olaraq, hələ də bütün materiallarını kiril əlifbası ilə yazır və çap etdirirlər. Bu zaman növbəti sual ortaya çıxır: “Azərbaycançı” İradə Məlikovanın Azərbaycanda nəşr etdirdiyi həmin dörd lüğətdə talış dilində olan bütün mətnlərin kiril əlifbası ilə verilməsinin səbəbi nədir?
– Sizcə, Fəxrəddin Abbaszadənin və digərlərinin adlarının yenidən gündəmə gətirilməsi onları təbliğ etmək məqsədi daşımırmı?
– Fəxrəddin Abbaszadənin imzası ilə lüğətlərin Azərbaycanda çapı və yayılması bu işdə maraqlı olan qüvvələrin təşəbbüsüdür. “Linqvist” kimi ictimaiyyətə sırınan və həmin lüğətlər vasitəsilə təbliğ olunan nə Fəxrəddin Abbaszadə, nə Zabil Mədoj, nə də İradə Məlikova lüğət tərtibi üzrə mütəxəssis deyillər. Fəxrəddin Abbaszadə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Onun dissertasiya mövzusunun talış xalqına və dilinə “aidiyyəti” bu qədərdir: “İnkişaf etmiş sosializm şəraitində zəhmətkeşlərin həyat fəaliyyətinin yaxşılaşdırılmasının istehsal formaları”. İradə Məlikova “folklorşünas alim” kimi təqdim edilsə də, 1987-ci ildə Bakı Politexnik Texnikumunun su təchizatı, 1994-cü ildə isə İnşaat Mühəndisləri Universitetinin Tikinti mühəndisliyi fakültələrini bitirib. İxtisası üzrə Bakı Məişət Kondisionerləri zavodunda, “Cənubkəntəsərrüfatısutikinti” Layihə İnstitutunda, Müdafiə Nazirliyinin mənzil istismarı sahəsində texnik və mühəndis kimi çalışıb.
İngilis və türk dillərini bilməyən, rus dilindəki çıxış mətnləri və yazdığı bütün materiallar isə “şəxsi köməkçisi” – Rusiyanın “Rosbalt” informasiya agentliyinin “müasir Qafqazın problemləri üzrə eksperti” Yana Amelinanın əli ilə ciddi redaktə olunan Fəxrəddin Abbaszadəyə yalnız İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının, hazırda isə Ermənistandakı Qafqaz İranistika Mərkəzinin və Qafqaz-Xəzər regionunun Aftoxton Xalqları İnstitutunun rəhbəri, Rusiya-Ermənistan strateji və ictimai təşəbbüslər mərkəzinin fəal üzvü olan professor Qarnik Asatryanla qardaşlıq əlaqələri tövsiyə edildikdən sonra ona “ilahidən əmr” gəlib və başqalarının tərtib etdiyi hazır materiallara öz imzasını qoyub. Bakıdakı dostları isə ən yaxşı halda Litvadakı “Talış” cəmiyyətinin rəhbəri “mesenat tolışə xəlği” yəni, “talış xalqının mesenatı” olan Kamal Zülfiyevin pulu ilə həmin planı icra ediblər. İradə Məlikova özünü “tərtibçi” kimi qələmə versə də, ona texniki işlər – lüğətlərin Bakıdakı dostlarının mətbəəsində nəşr etdirmək və yaymaq həvalə olunub. Bu kitabların satılması və ya pulsuz paylanması barədə isə məlumatsızam.
– Siz bu məsələ ilə bağlı feysbuk statusunuzda “Talış Milli Akademiyasının” da adını çəkmisiniz.
– Bunu həmin lüğətlərə “akademik nəşr” donu geydirmək üçün ediblər. Kitabların müəlliflik hüququ isə həm də onlara məxsusdur. Qarnik Asatryan Ermənistanın xüsusi xidmət orqanlarının təlimatı əsasında Azərbaycan Respublikası ərazisində yaşayan irandilli millətlər arasında separatizm meyllərinin “tarixi-ideoloji əsaslarının” yaradılması ilə məşğuldur. Bilavasitə onun iştirakı ilə Belarusda “Talış Milli Akademiyası” adlı qurum təsis edilib. Anti-Azərbaycan əhval-ruhiyyəli alimləri ətrafına toplayan “akademiya”dan istifadə etməkdə məqsəd “talış separatizmi” üçün tarixi-siyası bazanın formalaşdırılması və planlaşdırılan proseslərin “vahid elmi mərkəzdən” idarə edilməsi təsəvvürünün yaradılmasıdır. “Qarnik Asatryan “Real Caucasus” saytında yazır: “Məlum səbəblər üzündən vətəndən kənarda yaradılan milli akademiya talışların milli ənənələrinin intibahına və möhkəmləndirilməsinə, həqiqi talış akademik təfəkkürünün və elmi məktəblərinin formalaşdırılmasına yönəldilən intellektual potensialının göstəricisidir. Yaxın gələcəkdə Rusiyada, Ukraynada və İranda, eləcə də çətin də olsa, Lənkəranda akademiyanın filiallarının yaradılması nəzərdə tutulub”.
Bundan başqa, İranda həmin akademiyanın bir qolu – “Tolişe-Fərhəng” – Talış Mədəniyyət Mərkəzi təsis olunub. Əvvəllər Tehranda fəaliyyət göstərən mərkəz hazırda talış və giləklərin sıx yaşadıqları Rəşt şəhərinə köçürülüb. Buraya İranın müxtəlif ali təhsil müəssisələrindən Fərəməz Mənsuri, Armin Fəridi, Rəsul Əlizadə, Nağı Mehrpur kimi anti-Azərbaycan əhval-ruhiyyəli alimlər cəlb olunublar. Mərkəzin “Mahnameyi-Taleş” jurnalı Azərbaycan dövlət quruluşunun dəyişdirilməsinə yönəldilən materiallara geniş yer verir. Onun da təbliğ etdiyi əsas ideyalardan biri Azərbaycanın konfederativ, ən yaxşı halda isə federativ dövlətə çevrilməsidir. Qarnik Asatryanın Azərbaycana və Azərbaycançılıq ideyasına münasibətini bilmək üçün isə onun “Talış məsələsi: Etnogenez problemlərindən talış milli hərəkatında erməni amilinədək” məqaləsini oxumaq kifayətdir.
Ceyhun ABASOV
525-ci qəzet