“Kimsə deyə bilərmi ki, Heydər Əliyev idarəçiliyi Naxçıvanda tək Vasif Talıbova öyrətmək istəyirdi?!”
Naxçıvanlıların özləri demişkən, Naxçıvana dəyib qayıtdıq.Cəmi-cümlətanı bir gün, bir gecəlik səfərin formal adı belədi. Məzmun isə… Forması qısa olan səfərin məzmunu daha uzun, daha dərin və daha tarixidir.
Ölkənin aparıcı və tanınmış media rəhbərləri olaraq qrupumuzun Naxçıvan barədə ilk təsəvvürləri gedənbaş təyyarədə yarandı. Aydındır ki, əslən naxçıvanlı olan bir neçə baş redaktoru çıxmaq şərtilə, qrupumuzdakı əksəriyyət Naxçıvanı tam yeni bir aləm kimi görməyə gedirdi. Təyyarədə maraqlı söhbət başladı. Kimlərin Naxçıvanda indiyədək olub-olmadığı soruşuldu. Kimlərsə heç vaxt bu diyarda olmadığını dedi. Biri 24 il əvvəl olduğunu, başqa biri 6 il əvvəl olduğunu deyəndə Fondumuzun icracı direktoru Vüqar Səfərlinin ritorik cavabı hamının diqqətini çəkdi: “Elə bu da Naxçıvanda olmamaq kimi bir şeydi”. Hətta 6 il əvvəl Naxçıvanda son dəfə olmaq əslində orada olmamaq kimi təqdim oluna bilərsə, bunun mənası mübahisəsiz olaraq belədir: “Naxçıvan hər il, hər ay, bəlkə hər həftə dəyişmə prosesindədir”.
Mən bir naxçıvanlı kimi qürur duydum ki, illərin ayrılığından sonra Naxçıvanı belə gördüm. İlk qədəm basdığımız “Təbriz” otelinin interyerində, fasadında və xidmət sektorundakı köklü dəyişikliklər son illərdə Muxtar diyarın yaşadığı böyük dəyişmələrin miqyasını göstərən tək fakt deyildi. Qarşıdakı təxminən iki gün ərzində ictimiyyət nümayəndələri ilə görüşlər, yerli idarəetmə məmurları ilə müzakirələr, onların intellektual və icraçılıq-idarəçilik məharətlərinə qiymət vermək imkanı, müqəddəs Əshabi-Kəhf ziyarətgahı, əfsanəvi Əlincə qalası, uzaqdan görünən Nəiminin türbəsi, Gülüstan türbəsi, Mömünəxatun məqbərəsi, Bayraq muzeyi, Media mərkəzi, Biznes mərkəzi, H.Əliyev muzeyi və əlbəttə ki, baş çəkməyimiz üçün nəzərdə tutulmuş bir ünvandan digərinə gedərkən yolboyu Naxçıvan şəhərinin, Şahbuzun, Culfanın və sairin təmiz və yaşıllıq fonundakı ekzotik görkəmi ilə tanışlıq imkanlarımız hələ qabaqda idi.
İlk görüşümüz Naxçıvan şəhərindəki Texniki Kollecin binası ilə tanışlıq və orada işgüzar konfransdan başladı. Bizimlə eyni və bənzər fəaliyyət sahələrinin nümayəndələrinin, yerli məmurların qatıldığı konfrans açıq söhbət müzakirələri ilə keçdi. Bu illər ərzində Naxçıvanda qurulub-yaradılan hər şeyin ilk anonslarını elə burada aldıq. Naxçıvanın yenidən yaradılması prosesinin birbaşa icraçısı olan insanların bir qrupu ilə canlı təmasda olduq. Hər biri mümkün qədər geniş danışmaq, biz qonaqlara öz diyarını daha kamil təqdim etmək istəyirdi. Buna haqları da var. Axı bu diyar həm də onların əli ilə yaradılıb və bu işdə onların da zəhməti var…
Naxçıvanla bağlı, xüsusilə də internet mediada rast gəlinən birtərəfli, qərəzli və qaralayıcı xəbər və şərhlərdən yerli insanlardakı narahatlığı gördük. Əlbəttə, heç onlar da, bizlər də o iddiada deyilik ki, Naxçıvan “Neva Prospekti” kimi dümdüzdü və heç bir əyər-əskiyi yoxdu. Ancaq bu insanların narahatlığı ilə mütləq razılaşmalı olursan – bugünkü Naxçıvan yerlilərin əsaslı şəkildə tənqidlə qarşıladıqları qərəzli yazılarda göstərildiyi kimi deyil axı… Belə olsa, bizim ünsiyyətdə olduğumuz canlı insanlardan başqa, abadlaşdırılmış cansız küçə və parklar, salınmış yaşıllıqlar, adamın ölüb-qalmaq istədiyi yüksək şəkildə abadlaşdırılmış keçmiş xarabalıqlar, səliqəli daş döşənmiş ziyarətgahlar, müxtəlif ölkələrin arxiv və toz basmış künc-bucaqlarından “minbir” əziyyətlə gətirilərək milli şərəf tariximizin şahidlərinə çevrilmiş muzey eksponatları, 2 min metr hündürlükdə tarixi Əlincə qalasının başında at-eşşək gücünə qaldırılaraq daş döşəmələrdən yaradılmış əzəmətli Bayraq meydanı, 150-200 metrlik dağın altında yüz metrlərlə üfüqi dərinliklərə işləmiş məşhur “Duz dağı”nın super cəlbedici tərtibatı, daha nələr, nələrsə canlılar kimi dil açıb etiraz edər, yazısı ilə qərəz püskürənlərə “qızıl balans” prinsipini unutma və bir az ədalətli ol” deyər, deyəcək də…
İllər öncə Afrika ölkələrindən birinə səfir göndərilmiş Türkiyənin Naxçıvandakı konsulunun Muxtar Respublikanı tərk edərkən müsahibəsində dediyi bir cümləni xatırladım: “Vəsiyyət edəcəyəm ki, öləndə məni qaytarıb Naxçıvanda dəfn etsinlər” Yerli camaat deyir ki, indi Naxçıvanda dələduzluq, xuliqanlıq, oğurluq, yol qəzaları kimi xırda cinayətlərin kökü kəsilib, ağır cinayət halları baş verəndə isə bütün Respublikanı təəccüb bürüyür. İnsanların təhlükəsiz yaşadığı bu bölgədə ölülərin də rahat yatmasına güvənən türk konsulunun qəribə arzusuna haqq verdim…
Həqiqətən də bu gün Naxçıvanın ən çox nəyə ehtiyacı var? Fasiləsiz dəyişmə prosesi gedir, insan həyatı təhlükəsizdi, yollarına söz ola bilməz, 350 adda müxtəlif təyinatlı yerli məhsul istehsal olunur, hərbi hissələrdə ideal nizam-intizam, nəqliyyatda qayda-qanun, inanılmaz səliqə-sahman, təmizlik də öz yerində… Bakının abadlığına baxan adamlar qoy inciməsinlər, Naxçıvanı görsəydilər və gördüklərindən nəticə çıxarsaydılar, ünvanlarına yağdırılan tənqidləri qəbul edərdilər. Biz orada olduğumuz iki günün biri intensiv yağışlı keçdi. Ancaq yağışın fövqəladə nəticələrinin şahidi olmadıq. Azacıq yağışdan sonra Bakıda keçilməz gölməçələrin əlində əsir-yesir qalan təsərrüfatçı rəhbərlər gedib Naxçıvanda təcrübə öyrənsələr, pis olmaz.
Bu gün Naxçıvanın dürüst, ədalətli yanaşmalara çox böyük ehtiyacı var. Bu hamıya aiddir – istər jurnalist, istər qeyri jurnalist olsun, getdinsə, gördünsə, doğru və gerçək olanı etiraf etməlisən. Ancaq bəzi hallarda bunun əksi baş verir, oranı qurub-tikən insanların qəlbinə toxunan yazılar peyda olur. Burada Bakıdan gedənlər olaraq bəlkə bizim də günahımız var. Görünür, bizlər indiyə qədər Naxçıvandakı prosesləri, genişmiqyaslı dəyişmələri həm də bütün Azərbaycanın kamilləşən dövlətçilik prosesinin tərkib hissəsi kimi qəbul edə və ona mümkün qədər çox diqqət ayıra bilməmişik. Başqa sözlə desək, Naxçıvanda gedən işləri təkcə Naxçıvanın özünə dəxli olan məsələ kimi qəbul edərək bir az kölgədə buraxmışıq. Məsələnin naxçıvanlıların özlərinə aid məsuliyyət tərəfi də var. Hər kəs özünün gücünü Naxçıvanın abadlaşdırılması kontekstində qarşısına qoyulmuş konkret vəzifələrin keyfiyyətli icrasına yönəltdiyi üçün icra edilmiş işlərin böyük nəticələrini tanıtmaq, müasir menecerlərin dili ilə desək, reklam etmək görünür arxa plana verilib. Təvazökarlıq yaxşı keyfiyyətdi.
Ancaq o da heç olmasa minimum həddində olmalıdı. Bu həddən aşağı düşəndə görülmüş real işlərin nəticəsi kənara sıxışdırılır, ortada tək-tək nüanslara söykənən qərəz və ittihamlar at oynatmağa başlayır. Mübaliğəsiz deyim ki, bu gün Muxtar diyarımızın adi məmurundan başlayaraq ta Ali Məclisin rəhbərliyinə qədər hamının qurub-yaratdığı ilə bunları daha geniş auditoriyalara tanıtmaq fəaliyyəti arasında balans yoxdu. Halbuki, bu balansın olması çox vacibdi. Belə bir deyim var:aşığı oynamaq üçün yığırlar. Torpağı da təkcə abadlaşdırmaq xatirinə abadlaşdırmırlar. Bunları hamıya göstərmək də lazımdır. Başqalarına da nümunə olsun deyə, nəyisə dəyişməyi mümkünsüz sayan tənbəl və pintilər hərəkət etsinlər deyə… Niyə də Bakıdakı insanların, bölgələrimizin əhalisinin, hələ də abad yolu, işığı, qazı olmayan bəzi ucqar kəndlərimizin sakinlərinin, bunlara görə məsul olan yerli rəhbərlərin Naxçıvanda reallaşan gözəlliklərdən xəbəri olmasın?!
KİV DF-nin təşkil etdiyi bu səfər Azərbaycanın başqa bölgələrində indiyə qədər keçirdiyimiz görüşlərdən təbii ki, fərqlidi. İki sadə səbəb var. Başqa bölgələr, hətta ən ucqar kəndləri də daxil olmaqla, Naxçıvan qədər abad deyil, ikinci səbəb, Naxçıvan rəhbərliyi bu fərqli mənzərəni başqaları ilə müqayisədə daha az imkanlarla həyata keçirə bilib.
Bu səfərin bizə də, Naxçıvan rəhbərliyinə də, Naxçıvan sakinlərinə də əhəmiyyətli olacağına şübhəm yoxdu. Bizim üçün əhəmiyyətlidir ki, Naxçıvanı indiyə qədər medianın ən iti baxış bucağından kənarda tutmaq ənənəsi sındı. Naxçıvan rəhbərliyi üçün əhəmiyyətlidir ki, bu diyarın gələcəyinə şübhə ilə baxanların proqnozlarını alt-üst edərək, orada yaratdıqlarından bütün azərbaycanlıların, hətta əcnəbilərin zövq ala bilməsinə daha bir imkan açıldı.
Naxçıvan əhalisi üçün əhəmiyyətli o oldu ki, Bakı mediasının bu gün Naxçıvanla birgə olmaq istəyini real olaraq gördü. Bilməyənlər üçün deyim ki, indiyə qədər KİV DF-nin İcra hakimiyyətləri ilə keçirdiyi görüşlərdən sonra mediamızın həmin bölgəyə baxışı dəyişib, obyektiv və qərəzsiz baxış daha üstün tendensiyaya çevrilməyə başlayıb. Eynilə Naxçıvanla da gələcək münasibətlərin belə olacağına şübhə yoxdu. Və bu, yerli hakimiyyətlərlə media arasında işgüzar əlaqələrin qurulmasında KİV DF-nin öz missiyasını yüksək səviyyədə icra etdiyinə növbəti sübut olacaq.
Son 20 ildə dünyanın saysız yerlərində olmuşam, rəsmi və qeyri-rəsmi insanlarla görüşmüşəm. Naxçıvan kimi fasiləsiz və sürətlə dəyişən tək-tək yerləri xatırlayıram.
İllər öncə hərə bir motivin təsiri altında olmaqla bir çoxları Naxçıvanı tərk etdi. Şəxsən mənim özümün Naxçıvanı, Ali Məclisdə dövlət quruculuğu şöbəsinin baş referenti vəzifəsini tərk etməyimin səbəbləri bunların heç birinə oxşamır. Bəziləri şəxsi ambisiya ilə diyarı tərk etdi, bəziləri muxtariyyəti məhvə məhkum hesab etdiyindən, onunla birlikdə qürub etmək istəmədiyi üçün tərk etdi. O zaman, yəni mərhum Heydər Əliyevin Bakıya gəlişindən sonrakı ilk illərdə bəlkə də Naxçıvan əhalisinin böyük hissəsi pessimist ovqatda idi, sabaha aydın baxa bilmirdi, məhvə məhkum olduğunu düşünürdü. Azərbaycandan tam təcrid vəziyyətinə düşmüş insanların üstəlik mərhum Heydər Əliyevin Bakıya qayıtmasından sonra nikbin əhvalda ola bilmələri zatən təəccüblü olardı. O zaman Naxçıvanda tam fərqli və optimist düşüncəli insanlara çox böyük ehtiyac var idi. Məhz onlar MR əhalisini bu pessimizmdən qurtarmalı, inandırmalı idilər ki, Naxçıvan bu vəziyyətdən nəinki çıxacaq, üstəlik özünü xeyli gözəlləşdirəcək də. Belə passionar, yəni özü ilə bərabər başqalarına da enerji ötürə bilən aparıcıların öncülü olmaq missiyası Vasif Talıbovun üzərində düşdü.
Həyatımın böyük hissəsi Naxçıvanla bağlı olub. Universitetdə, bir neçə il Ali Məclisdə işləmişəm. Ali Məclisin sədri postunda əfsanəvi Heydər Əliyevi yaxından görmək, onun ilk uğurlu şagirdlərindən biri olan Vasif Talıbovun rəhbərliyi altında işləmək, onunla ünsiyyət imkanlarım olub.
Heydər Əliyevin hələ Naxçıvanda ikən bu diyara və bütün Azərbaycana nələr verə biləcəyi mənim üçün qeyri-müəyyən deyildi. Elə bunu bildiyim üçün Azərbaycanda Heydər Əliyevin ilk müdafiəçilərindən oldum, 91-92-ci illərdə yerli “Ağrıdağ” qəzetində, Bakıda “İki sahil” qəzetində, Naxçıvan televiziyasında çıxışlarımda Heydər Əliyevi Azərbaycanın bütün siyasi perspektivlərindən kənarda qoymaq istəyənlərin çox ziyanlı yolda olduqlarını göstərməyə çalışdım. Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə 1918-ci ildən sonrakı dövr üçün ikinci nəfəslik açmaqda alternativsiz rol oynaya biləcəyini əvvəldən görürdüm. Öncədən görülənlər sonradan gerçəkləşdi.
Heydər Əliyevdən sonra Vasif Talıbovun Naxçıvan üçün nələri edə biləcəyi bəzilərinə inanılmaz, bəzilərinə qeyri-müəyyən görünsə də, bu sətirlərin müəllifi olaraq mənə aydın idi. Onun Heydər Əliyev məktəbindən təsirlənməsi faktoruna adi baxmaq olmazdı. Çünki bu “siyasi məktəb” tək öz şagirdlərini yox, hətta ona kənardan baxanları da öyrətmək gücündə olan orijinal təzahür idi. 90-92-ci illərdən başlayaraq o məktəbin çox “şagirdləri” və “məzunları” oldu. Ancaq Naxçıvanın bugünkü mənzərəsi, iqtisadi potensialı, istehsalat gücü sübut edir ki, Heydər Əliyevin dövlətçilik təfəkkürünə, idarəçilik prinsiplərinə, hakimiyyət məsuliyyətinə, xarakterinə, məqsədyönlülük prinsiplərinə Naxçıvanda ən yaxın olan Vasif Talıbov imiş. Naxçıvanda Heydər Əliyevin əlinin altında çoxları işlədi. İndi hardadı onlar? Heydər Əliyevin öyrətmək istədiklərini onların hamısı öyrəndimi? Kimsə deyə bilərmi ki, Heydər Əliyev idarəçiliyi Naxçıvanda tək Vasif Talıbova öyrətmək istəyirdi?! Heydər Əliyev üçün önəmli deyildi ki, onun idarəçilik təcrübəsini Naxçıvanda kimlər öyrənəcək. Onun üçün maraqlı idi ki, öyrənənlər mümkün qədər çox olsun…Kimlər öyrəndi, kimlər öyrənmədi, bu artıq hər kəsin öz şəxsi qabiliyyət məsələsi idi…
“Duz dağı” yalayan ingilislərin sayını artırmaq gərəkdi…
Heyrətləndiyimiz ünvanların hamısı haqqında ayrılıqda söhbət açmaq üçün yetərincə əsaslar var. Ancaq daha təfsilatlı söhbətləri növbəti səfərimizə saxlayaq və ümid edək ki, MR rəhbərliyi media ilə daha bir geniş görüşə məqbul yanaşacaq. Bu gün Naxçıvanın böyük bir piar işinə ehtiyacının olması bunu diqtə edir. Gərəkdi ki, məşhur “Duz dağ” müalicə müəssisəsinin həqiqətən duzdan ibarət olduğunu yəqinləşdirmək üçün oranı dili ilə yalayan ingilis-əcnəbilər yüzlərlə, minlərlə olsun. Müqəddəs Əshabi-Kəhfə qədər neçə kilometrlərlə tam işıqlandırılmış və ətrafı yaşıllaşdırılmış yol, ziyarətgahın zirvəsindəki nağılvari “Cənnət bağı”na qədər 1400 pilləlik yaraşıqlı çıxış hansı əcnəbinin diqqətini çəkməz ki?! Teymurləngi düz 14 il mühasirə əzabına məhkum etmiş tarixi Əlincə qalası hər birimiz üçün milli-mənəvi qürur obyektidir. 15-20 il əvvəl az sayda adamlar bundan xəbərdar idi, daha az sayda adamlar isə onu öz gözlərilə görmüşdü. Bu gün Əlincənin zirvəsində – 2 min metr hündürlükdə yaradılmış füsunkar Bayraq meydanı, bu meydana qədər 1500-dək pilləkənli yol hər bir şəxsə ordakı gözəlliklərə şahid olmaq imkanı verir.
Kim nə deyir desin, Əlincəyə çəkilən əzəmətli yol Azərbaycanın şərəfi sayılan bu qalanı yenidən xalqımıza qaytarmaqdı. İranın bir Hissəsini, bütün Naxçıvanı ovuc içi kimi göstərən Əlincə zirvəsini, onun inanılmaz zövq və əziyyətlə çəkilmiş yolunu, başındakı Bayraq meydanını bircə dəfə görmək üçün istənilən bir əcnəbi vətəndaş nə qədər desəniz pul xərcləyə bilər. Hələ tam açılmamış turizm potensialı Naxçıvan üçün böyük valyuta gətirə bilən bir mənbədir. Daha bir mənbə. Muxtar Respublikadakı Biznes Mərkəzində bir dəfə olmaq kifayətdi ki, yerli istehsal sayılan 350-dən çox addakı malların xaricə çıxışının təşkil olunması ilə Respublikaya nə qədər valyutanın axa biləcəyini təsəvvür edəsən. Yetər ki, Naxçıvanı əcnəbilərə, Azərbaycanın başqa bölgələrindən olan insanlara “xortdan” obrazında yox, elə bugünkü real obrazı ilə təqdim edə bilək. Bu həm bizdən, həm də Naxçıvanın öz rəhbərliyindən çox asılıdır.
Aydın QULİYEV