Məlumata əsasən, BNA-nın irəli sürdüyü növbəti təşəbbüs ilə Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq və Xəlil Rza Ulutürk küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin, o cümlədən müntəzəm sərnişindaşıma xidməti göstərən avtobusların birbaşa yol ötürücüsünə daxil olmalarının qarşısını almaq məqsədilə ərazidə 132 metr məsafədə, qoşa xətt boyunca 60 sm enində bardür düzülməkdədir.
“Koroğlu” metro stansiyası yaxınlığında yerləşən Nəqliyyatı Mübadilə Mərkəzindən (Koroğlu NMM) Qara Qarayev prospekti və Hava Limanı istiqamətində hərəkət etmək istəyən avtobusların Xəlil Rza Ulutürk küçəsindən qoşa xəttin tələblərini pozaraq birbaşa Böyükşor körpüsünə daxil olmaları günün pik saatlarında qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində tıxac və sıxlıq hallarının yaranması ilə yanaşı, yol nəqliyyat hadisələrinin baş verməsinə də səbəb olurdu. Xəlil Rza Ulutürk küçəsi tam olaraq istifadəyə verildikdən sonra həmin küçədə nəqliyyat vasitələrinin sayının artması Ziya Bünyadov prospekti ilə kəsişmədə daha böyük problemlərin yaranmasına gətirib çıxaracaqdı.