BBC xəbər verir ki, Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə oktyabrın 14-də yerli vaxtla saat 4:30 radələrində Şimali Osetiya ərazisində – Qafqaz avtomobil yolunun 8-ci kilometrində baş verib.
52 sərnişinlə Moskvadan Yerevana hərəkət edən Mercedes markalı avtobus, avtomobil daşıyan Scania markalı maşınla toqquşub. Qəzanın səbəbləri hələ məlum deyil.
Qəza nəticəsində 5 adam ölüb, 27 nəfər yaralanıb. Zərərçəkənlər arasında 10-15 yaşlarında 4 uşaq da var. Onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Zərərçəkənlərin 9 nəfəri Vladiqafqaz xəstəxanalarında, digərləri müvəqqəti saxlama məntəqələrində yerləşdiriliblər. Səhhətində ciddi problemlərin olmadığı şəxslərin cümə günü Rusiya FHN təyyarəsi ilə Ermənistana çatdırılacağı nəzərdə tutulub.
Şimali Osetiya Səhiyyə Nazirliyi zərər çəkənlər haqqında məlumat almaq üçün “qaynar telefon xətti” açıb.