“Rusiya 5 rayonun qaytarılmasını təklif etdi, Türkiyə dəstəklədi” –Çavuşoğlundan Qarabağla bağlı sensasion açıqlamalar

0
4
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu bildirib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Rusiya bizimlə bu ideyanı paylaşdı, biz isə dəstəklədik. Biz Qarabağ probleminin həlli üçün çox çalışmışıq. Ermənistanla münasibətin normallaşması üçün də xeyli iş görmüşük. Hətta İsveçrədə saziş də bağlamışıq, lakin bu, nəticə verməyib”, – Çavuşoğlu Avropa Şurasının Parlament Assambleyasının iclasında Milli Məclisin deputatı Qənirə Paşayevanın sualına cavab olaraq bildirib.

“Bu gün Minsk Qrupunun və Rusiyanın həmsədrləri bəzi konstruktiv təkliflər irəli sürüblər. Gündəmdə işğal olunmuş ən azı beş rayonunun Azərbaycana qaytarılması məsələsi durur. Rusiya bu təklifi paylaşdı, Türkiyə isə onu dəstəklədi. Bunu Azərbaycan tərəfi ilə də müzakirə etdik.Əgər bu cür addımlar atılsa, biz Azərbaycanın istənilən qərarını dəstəkləyəcəyik. Biz Ermənistanla da münasibətlərin normallaşmasını istəyirik.

Əgər bu problem həll olunsa, güman edirik ki, Azərbaycan da bunu istəyəcək. Nəyə görə Cənubi Qafqazda bu cür təhlükə, bu cür problem olmalıdır? Niyə o, həll olunmur? Minsk Qrupu da səy göstərməlidir”, – Çavuşoğlu qeyd edib.

Oxu.az