Putinin köməkçisi:“Moskvanın Qarabağ nizamlanması ilə bağlı böyük nikbinliyi yoxdur”

0
3
“Moskvanın Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həll olunacağı ilə bağlı böyük nikbinliyi yoxdur”.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, bununla belə Rusiya İrəvan və Bakı ilə işi davam etdirəcək.

Uşakov danışıqların detallarını açıqlamaqdan imtina edib. O qeyd edib ki, danışıqlarda bir çox variant və təkliflər müzakirə olunur.

“Lakin mən bir daha qeyd edirəm ki, xüsusi nikbinlik üçün əsas yoxdur”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (LaçınKəlbəcərAğdamFüzuliCəbrayılQubadlıZəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPAATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.  (APA)