Son 5 ildə 8269 nəfərə bu ad qoyulub- Ədliyyə Nazirliyi

0
4
Azərbaycanda son illərdə uşaqlara qoyulan adlar arasında nəinki eyni adın müxtəlif formada qoyulması hallarına rast gəlinir, bəzi adların hətta nə ad, nə də soyad olduğu dəqiq başa düşülmür.

Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən apardığı araşdırmalar nəticəsində məlum olub ki, belə hallar daha çox dini adlarla bağlı yaranıb.

Son 5 ildə 8269 nəfərə Məhəmməd adı qoyulub. Həmin müddətdə 650 nəfərə Muhəmməd adı, 96 nəfərə Muhəmmədəli, 13 nəfərə Muhəmmədhüseyn, 5 nəfərə Muhəmmədəmin , 1 nəfərə Muhammədşamil, 5 nəfərə Muhəmmədbaqir, 5 nəfərə Muhəmmədbağır, 544 nəfərə Muhamməd, 36 nəfərə Muhammədəli, 4 nəfərə Muhammədəmin, 1 nəfərə Muhamməduveys, 1 nəfərə Muhammədbaqir, 1 nəfərə Muhamməd Elyas, 1 nəfərə Muhammədmustafa, 1 nəfərə Muhammədmehdi , 1 nəfərə Məhəmməd Mürsəl, 1 nəfərə Məhəmməd Nasir, 2 nəfərə Məhəmməduğur, 1 nəfərə Məhəmmədəli Ayxan, 1 nəfərə Məhəmmədəliəbəlfəz, 1 nəfərə Məhəmmədxalid adı verilib.

Bununla yanaşı, son 5 il ərzində 2 nəfərə Maqomed adı, 4 nəfərə Magamed adı verilib.

Ada bir hərfin əlavə edilməsi ilə yaranan Məhəmmədf adı da ötən müddətdə 1 nəfər uşağa qoyulub.

Qeyd edilən müddətdə 34 nəfərə Əbülfəz, 28 nəfərə Əbülfəzl, 5 nəfərə Əbülfəzil, 1 nəfərə Əbülfəzlilabbas, 1 nəfərə Əbülfəzilabbas, 523 nəfərə Əbəlfəz, 113 nəfərə Əbəlfəzl, 7 nəfərə Əbəlfəzil, 1 nəfərə Əbəlfəzləbbas, 6 nəfərə Əbəlfəzlabbas, 1 nəfərə Əbəlfəz Abbas adı qoyulub.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova Trend-ə bildirib ki, Azərbaycanda şəxs adlarının tələffüz forması ilə yazılmasına icazə verilməyəcək.

Onun sözlərinə görə, “Azərbaycan dilində səxs adlarının izahlı lüğəti” adlanan və nəşr olunmaq üzrə olan bu kitabda adların düzgün yazılış formaları göstərilib. Kitabda tələffüz forması ilə yazılan adlar şəxs adları siyahısından çıxarılıb. Kitaba 6300-ə yaxın ad daxil edilib: “Biz bu lüğətdə adların sayını azaltmışıq, mövcud 8200 addan təqribən 6300-nü saxlamışıq. Onların çoxunu 2000-ə yaxınını – “Kolxoz”, “Sovxoz” kimi adları çoxdan siyahıdan çıxarmışdıq. İndi isə tələffüz forması ilə yazılan adları siyahıdan çıxarmışıq. Məsələn, “Əlihəsən” də, “Əlhəsən”, yaxud “Əlihəsə” də yazılır. Biz bu adlardan ancaq “Əlihəsən”i götürmüşük. “Tapdıq” adı “Tapdığ”, “Tapdıx” kimi, yəni tələffüz formasında yazılır. Biz bu adlardan yalnız “Tapdıq”ı saxlamışıq. Rayonlarda qeydiyyat şöbələrində oturan məsul şəxslər həm çox savadlı olmalıdırlar, həm də adların düzgün yazılış forması onların əlinin altında olmalıdır. Bunlar olmadığına görə adların yazılışında müxtəliflik əmələ gəlib”.