S
trateq.az xəbər verir ki, bu iddianı Türkiyənin “Hürriyet” qəzeti irəli sürüb.
Varis
Kəşfiyyat məlumatlarına əsaslanan iddiaya görə, camaatı bu addım barədə düşünməyə vadar edən iki başlıca səbəb var: Fətullah Gülənin Türkiyəyə qaytarılması ehtimalı və sağlamlıq problemləri. Onsuz da uğursuz çevriliş cəhdindən sonra psixoloji sarsıntı keçirtməkdə olan tərəfdarlarına bir də arzulamadıqları acı sürprizə hazırlamaq üçün camaat liderləri xoca əfəndinin varisini müəyyənləşdirmək məcburiyyətində qalıblar. Varislik üçün Gülənin ən yaxın qrupundan Mehmet Ali Şengül, Cevdet Türkyolu, Osman Şimşek və Ahmet Kurucan yarışıb.
Camaatın yeni varis olaraq Mehmet Ali Şengülün üzərində dayandığı xəbər verilir.
Həbsxana imamları
Qəzet bildirir ki, FETÖ-nün bütün fəaliyyətlərini yaxından izləyən kəşfiyyat xəbərlərinin analizləri əsasında hazırlanan hesabatda başqa iddialar da irəli sürülür:“Hesabatda həbs olunan və ya təşkilata arxa çevirənlərin yerinin doldurulması üçün təşkilatın imam heyətinə yeni üzvlərin seçildiyi xəbər verilir”.
Son 15 ildə işgüzar fəaliyyətə və hakimiyyətdə olmaq rahatlığına öyrəşən Gülənçilərin birdən-birə düşmən elan olunub ağır təzyiq altına düşməsi, bir çoxlarının hətta həbsxanalara doldurulması camaat liderlərini yeni situasiyaya uyğunlaşmaq metodlarına keçmək zərurəti qarşısında qoyub. Bu çərçivədə həyata keçirilən motivasiya çalışmaları da xeyli maraqlıdır. Kəşfiyyat raportlarına görə, camaat indi həbsxana imamlarını təyin etməli olub. Hər həbsxana kolonunun imamı seçilib və onlar FETÖ-cü dustaqlarına cəm namazı qıldırır, uzağı 2 aydan sonra hər kəsin azadlığa buraxılacağını vəd edərək tərəfdarlarını mənən motivasiya edirlər. Bu motivasiya çalışmalarının əsas məqsədi FETÖ-çülərin istintaq zamanı öz günahlarını etiraf etməsinin qarşısını almaqdır.
Qarqış seansları
İstər azadlıqda, istərsə də həbsdə olan gülənçilərin kollektiv qarqış seansları da diqqəti cəlb edən iddialardandır. Bildirildiyinə görə, cəm namazından sonra gülənçilər başda Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan olmaqla, bütün Fəthullah düşmənlərinə kollektiv “qarqış zikrinə” otururlar.