“Satılmayan mənzilləri dövlət almalıdır” – Prezident

0
3

Gələn il sosial infrastruktur layihələri icra ediləcək. Məktəblərin, xəstəxanaların, olimpiya mərkəzlərinin tikintisi nəzərdə tutulur.

Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

İlham Əliyevin sözlərinə görə, hazırda qəzalı şəraitdə kifayət qədər çox məktəb var:

“Modul tipli məktəblər tikilməlidir. Çünki bizdə hələ qəzalı şəraitdə kifayət qədər çox məktəb var. Məncə, biz onları 2017-2018-ci illərdə tamamilə sökəcəyik və onların yerində yeni məktəblər tikiləcək. Beləliklə, bir dənə də qəzalı, təmirsiz məktəb qalmamalıdır.

Məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzindədir. Artıq burada məruzədə də səsləndi ki, bu işlərə nə qədər böyük vəsait ayrıldı, bölgələrdə 100-ə yaxın qəsəbə salındı, Bakı şəhərində evlər tikildi. Hesab edirəm ki, 2017-ci ildə bu məsələləri daha da sürətlə həll etmək üçün biz iki yolla getməliyik. Əlbəttə, yeni qəsəbələr salınmalıdır, salınır. Eyni zamanda, yeni binalar tikilməlidir, satılmayan mövcud mənzillər dövlət tərəfindən alınmalıdır və köçkünlərə verilməlidir. Beləliklə, biz ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemlərini daha da tez bir zamanda həll edə bilərik. Çünki binaların tikintisi vaxt tələb edir. Bir də ki, Bakı şəhərində, digər şəhərlərdə kifayət qədər çox mənzillər var ki, boşdur, dövlət onları ala bilər. Bu da öz növbəsində tikinti sektorunu canlandıra, vergiləri artıra bilər”.