BBC xəbər verir ki, bu məlumat “The Guardian” qəzetində dərc olunan məqalədə yer alıb.
Qəzet yazır ki, əvvəllər yalnız böyüklərin xəstəlikləri sayılan 2-ci qrup diabet və yüksək qan təzyiqi indi getdikcə daha çox uşaqlarda müşahidə olunur: “Küçədə yeyilən fast fud və ya qəlyanaltılar və şirniyyat uşaqları yeni xəstəliklərə düçar edir və onların ömrünü qısaldır. Belə getsə, BMT-nin 2025-ci ilədək uşaq piylənməsinə son qoymaq hədəfinə nail olmaq mümkün olmayacaq”.
“The Guardian” yazır ki, uşaq piylənməsinin ən geniş yayıldığı üç ölkə Cənubi Sakit okeanda yerləşən ada ölkələr – Kiribati, Samoa və Mikroneziyadır. Lakin başqa ölkələdə də vəziyyət ürəkaçan deyil.
Misirdə 5-17 yaşları arasında olan uşaqların 35, 5 faizində piylənmə qeydə alınıb. 2013-cü ildə bu rəqəm Yunanıstanda 31, 4, Səudiyyədə 30, 5, ABŞ-da 29, 3, Meksikada 28, 9 və Britaniyada 27, 7 faiz olub.
Yeri gəlmişkən, Cənubi Qafqazın üç ölkəsində – Azərbaycan, Gürcüstan və Ermənistandakı vəziyyət barədə məlumatlar yoxdur.
Hazırda uşaqlar arasında 2-ci tip diabetdən əzab çəkənlərin sayı 3,5 milyon nəfərə çatıb. Bu xəstəlik daha ahıl yaşlarda müxtəlif fəsadlara, korluğa səbəb olur, bəzən ayaqların amputasiyası ilə nəticələnir.
Dünya Piylənmə Federasiyasının proqnozuna görə 2025-ci ilədək piylənən və artıq çəkiyə malik uşaqların sayı 4 milyonu keçəcək.
Artıq indinin özündə 13, 5 milyon uşaqda qlükozaya müqavimətdə problemlər mövcuddur. Bu isə diabet xəstyəliyinin carçısı sayılır.
O da hesablanıb ki, dünya boyunca 24 milyon uşağın yüksək qan təzyiqi, 33 milyon uşağın isə piylənməkdə olan qara ciyəri var. Adətən alkoqolizmlə bağlanan qara ciyər piylənməsi serroz xəstəliyinin başlanğıcı sayılır.
Federasiyanın siyasət üzrə direktoru Tim Lobstein deyib ki, “kaş proqnozlar doğru çıxmayaydı”, lakin bu proqnozların doğrulmaması üçün rəqəmlərin ilkin başlanğıcda heç olmasa 2010-cu ilin səviyyəsinə endirilməsi vacibdir.
Lobstein deyir ki, problemin kökündə uşaqların qidalanmasındakı qüsurlar dayanır. Ekspert bildirir ki, yoxsul ölkələrdə uşaqların piylənməsi ilə boyların qısalması yanaşı addımlayır.
Onun sözlərinə görə, uşaqlar arasında piylənmə və artıq çəki daha çox yoxsul və ortagəlirli ölkələrdə qeydə alınıb: “Biz çirkli suyu Coca-Cola ilə, yaxşı xörəkləri qəlyanaltı ilə əvəzləməklə sağlam nəsil yetişdirə bilmərik”.
Federasiyanın prezidenti, professor Ian Caterson deyir ki, uşaqların piylənməsi bütün ölkələrdə yer alır və buna əsas səbəb şəkərli içkilər, oturaq həyat tərzidir.