Məktəbəhazırlıq qruplarında ev tapşırığı olmayacaq.
Təhsil Nazirliyindən verilən məlumata görə, 2016-2017-ci tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaq.
Məktəbəhazırlıq qrupları respublikanın bütün şəhər və rayonlarında təşkil olunacaq.
Məktəbəhazırlıq qruplarında ibtidai sinif müəllimi ixtisaslı, müəyyən iş təcrübəsinə malik müəllimlər dərs deyəcək. Dərslər həftədə 4 gün (12 saat) olmaqla, gün ərzində 3 məşğələ keçiləcək. Bir məşğələ üçün 30 dəqiqə vaxt ayrılır. Məşğələlərarası fasilə isə 10 dəqiqədir.
Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olmuş uşaqlar qəbul olunurlar. Qruplarda tədris ödənişli deyil, dövlət hesabınadır(trend).