Neftçilərə 392,7 manat pensiya verilir

0
6

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ilə təmin olunanların 28,1 min nəfəri neft sənayesində çalışmış pensiyaçılardır. Onlara ödənilən pensiyaların məbləği ildən-ilə yüksəlir. Belə ki, hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 392,7 manata çatıb.

Bunu virtualaz.org saytına nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib.

E.Babayev deyib ki, qanunvericilikdə neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışan vətəndaşlar üçün bir sıra imtiyazlar da əksini tapıb. Belə imtiyazlardan biri kimi, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddindən daha tez pensiyaya çıxmaq hüququna malikdirlər.

“Dövlət Neft Şirkəti fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanlarının sayına və məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malik olması ilə seçilir. Təkcə cari ilin yanvar-avqust aylarında ARDNŞ tərəfindən neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 91 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqının ödənilməsi təmin edilib”, – E.Babayev deyib.