Eldar Mahmudov müavinlərinin qurbanı olub?!

0
5

1

Ramiz Tağıyev

(Əvvəli bu linkdə:http://milletim.info/2016/08/31/m%C9%99d%C9%99t-quliyev-dtx-ya-uzanan-%C9%99ll%C9%99ri-k%C9%99s%C9%99-bil%C9%99c%C9%99kmi/)

MTN ətrafında hələ açılmamış səhifələr var…

 

Əminliklə söyləmək mümkündür, Eldar Mahmudov müavinlərinə inandı, güvəndi və nəticədə ağlına belə gətirə bilmədiyi zərbələri onlardan aldı. Söhbət iki müavindən, 2011-ci ilin aprel ayında vəzifəsindən kənarlaşdırılmış general Əli Nağıyev və Mədət Quliyevin DTX-ya rəhbər təyin edilməsinə qədər nazirlik eşqiylə alışıb-yanan Hilal Əsədovdan gedir.

Hər iki müavin bir-biriylə barışmaz rəqib olsalar da, ayrı-ayrı zamanlarda E.Mahmudovun qəlbinə yol tapıb, külli- ixtiyar sahibi ola bilmişdilər. İnkar edilməz faktdır ki, hər ikisi məhz E.Mahmudovun etimadı sayəsində müavinliyə qədər irəliləyib, yüksək mənsəb sahibinə çevrilmişdi. Görünən odur ki, onlar əldə etdikləri ilə kifayətlənməyib, nazir kreslosunu ələ keçirmək üçün rəqabətə girişiblərmiş. Səbəb…?!

Qeyd etdim ki, keçmiş müavinlərdən biri ölkədə hər kəsin, hətta oliqarxların həsəd apara biləcəyi biznes imperiyası yarada bilib. Keçmiş MTN-nin sabiq nazir müavini, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində müavin postunu tutmuş , “ikiqat” general Əli Nağıyevin Novxanıdan başlayıb, Nərimanov, Nizami və paytaxtın, eləcə də ölkənin əksər rayonlarına uzanmaqla bitməyən, xaricdə də ad-san qazanmış iqtisadi imperiyası barədə yazmaqla bir neçə kitabı ərsəyə gətirməyin mümkünlüyünə şübhə edə bilmərik. Bu mənada həmin mövzunu növbəti yazılara saxlamaq daha doğru olardı. Əldə etdikləri ilə rahatlıq tapmayan oliqarx müavin özünü daima peşəkar “çekist” kimi təqdim etməyə nail olub, əlavə divident qazanır, nazirin kreslosunu altından çəkməyə çalışırdı. Əlbəttə, Ə.Nağıyevin peşəkar “çekist” olması bir az şübhə doğurur. İşi-peşəsi biznesini inkişaf etdirmək olan general istəsə belə ona ümid edilmiş dövlət vəzifəsinin icrasına zaman ayırmaqda çətinlik çəkməliydi.

İqtisadi sferanın bir çox sahəsində “dominant”lığı ələ keçirə bilmiş general ona tapşırılmış önəmli vəzifəni layiqincə yerinə yetirə bilməzdi. MTN-də tutduğu post ölkədə iqtisadi cinayətkarlıqla mübarizə aparmaq səlahiyyəti versə də, faktlar təsdiq edir ki, general nəinki iqtisadi cinayətkarlıqla mübarizə aparmış, əksinə, səlahiyyətindən gen-bol istifadə etməklə ölkə iqtisadiyyatının önəmli “rıçaq”larını əlində cəmləşdirməyə nail olub. Mətbuat zaman-zaman Ə.Nağıyevin biznes fəaliyyəti barədə məlumatlar yaysa da, generalın mətbu şəbəkəsindəki əlaltıları informasiyaların qarşısını almağa nail olublar. O da sirr deyil ki, Ə.Nağıyev ölkənin aparıcı müxalifət mətbuatıyla ciddi ilişkilərə malikdir. Bəzən, bunu pərdələmək üçün özü barəsində tənqidi yazılara imza atdıra bilir ki, hələlik onun müxalifətlə, müxalif media ilə əlaqələri ustalıqla pərdələnir.

 

“Azadlıq” qəzeti Əli Nağıyevi nə üçün “hədəfə” almışdı?”

1

Kimsə düşünə bilər ki, mən, Eldar Mahmudovu müdafiə edir, onun əzəli rəqiblərini tənqid edirəm. Birmənalı söyləyirəm, ölkədə MTN-nin ən ağır zərbəsini mən və yaxınlarım alıb. Ömrümün illərini həbsxanalara həsr etməli oldum. Bu gün də acısını çəkməkdəyik. Günahsız cəzalandırılmanın nə demək olduğunu yaxşı bilirəm. Şər-böhtanın çəkilməz dərd olduğunu yaşamışam və bunu kimsəyə arzu etmirəm. Hətta qəni düşmən hesab edilənlərə də… “Yıxılana balta vurmaq” məndə ikrah hissi yaradır. Molla Nəsrəddinin bir lətifəsini xatırlatmaq yerinə düşər; Molla qızına bir sillə vurub kuzəni qızına verir ki, get su gətir. Görənlər təəccübləndikdə, kuzəni sınırdıqdan sonra sillənin heç bir təsiri olmayacaq, deyir. İndi də qələmi əlinə alıb,mövzu tapa bilməyən E.Mahmudovu və hətta onun ailə üzvlərini hədəfə alır.Yazılsın, ancaq olanları, keçənləri ətraflı təhlil etməklə… Təkcə sabiq nazirinmi biznesi olub?! Axı, qeyd etdiklərimin sərvəti E.Mahmudovun əlində cəmləşəndən dəfələrlə çoxdur. Gözləyək ki, onlar da yıxılsın, “baltalayaq”?!  Söhbət kimsədən yox, ömrünün uzun illərini ölkəyə xidmətdə keçirmiş sabiq Milli Təhlükəsizlik nazirindən gedir axı…

Etiraf edək, onun uğurları da az olmayıb. Bununla belə, qələminə hörmət bəslədiyim bir jurnalist yazır ki, qanqster Hacı Məmmədov məhkəmədə “osminoqun hələ qolları qalır” deyib və həmin “osminoq” kimi E.Mahmudovun nəzərdə tutulduğuna işarə vurur. Bir az ədalətli olaq dostlar! Hacının məhkəməsi başlayanda E.Mahmudov da MTN-də yeni idi və hər hansı çətədən söhbət belə gedə bilməzdi. Kimsə inciməsin, yazılanların əksəriyyətinin sifarişli olduğu açıq-aşkar görünür. Düşünürəm ki, ədalətli jurnalistlərin araşdırma yazıları istintaqın, hətta məhkəmə istintaqının araşdırmasından daha çox həqiqətləri aşkar etmək gücündədir.

1

Bəli, əzəli rəqibləri sabiq naziri bağışlamır, onu bitirmək üçün medianın gücündən maksimum istifadə etməyə çalısırlar. Ə.Nağıyevin də mediaya təsir gücü az deyil…Qeyd etdim ki,aparıcı müxalifət qəzetləriylə ilişkisi yox deyil. Bir zamanlar hamının sevimli qəzeti olmuş “Azadlıq”-ın indi müstəqil olmadığını sübut etməyə ehtiyac duyulmur. “Azadlıq” indi digər Əlinin-AXCP sədri Əli Kərimlinin əsirinə çevrilib söyləsək, yanılmarıq. Qəzetdə senzura var… Ə.Kərimlinin tətbiq etdiyi diktat senzura. İndi qəzet iqtidar məmurlarının “savaş” poliqonuna çevrilib. Bir müddət “Azadlıq” nəşrini dayandırdı. Səbəb kimi iqtidarın basqısını göstərsələr də, bu inandırıcı deyil. Əsil səbəb əvvəlki yazımdan narahat olub, Ə.Kərimliyə yardım əli uzadan bəzi iqtidar məmurlarının kisənin ağzını bir müddət bağlamalarıdır.

Burada bir məqama diqqət yetirmək bəzi qaranlıq mətləblərə aydınlıq gətirə bilər. “Azadlıq” qəzeti 2015-ci ilin oktyabr ayının 13-də Ə.Nağıyevin Kürdəmir rayonunda bir iş adamının əmlakını ələ keçirməsinə yazı həsr edir. Cəmi 4 gün sonra E.Mahmudov vəzifəsindən kənarlaşdırılır. Bundan sonra “Azadlıq” üçün Ə.Nağıyev mövzusu bitir. Yazı böyük ehtimalla elə Ə.Nağıyevin özü tərəfindən sifariş edilibmiş. Belə ki, daha öncə E.Mahmudov müavini Ə.Nağıyevin AXCP sədri Ə.Kərimli ilə ilişkisi barədə məlumat almış, araşdırılması üçün müvafiq göstərişlər vermişdi. Söhbət tək Ə.Kərimli və “Azadlıq” qəzetindən deyil, iqtidarın şantaj edildiyi digər KİV-lərdən də gedibmiş.

Sirr deyil ki, əllərində bir neçə mətbu orqan saxlayıb, onları maliyyələşdirən məmurların iddiaları sonsuzdur. Belə görünür ki, sabiq müavinin sabiq nazirlə davası bitməyib. Müavin hücumda olsa da, keçmiş “günah”larıyla baş-başa buraxılmış E.Mahmudov taleyilə barışmış kimi görünüb, hələlik susqunluğa üstünlük verib. Həm sabiq nazir susub, həm də bir zamanlar MTN-nin şır-şır “bulağı”ndan “su” içib, boğazlarını yaşlatdıqdan sonra yetənə yetib, yetməyənə bir daş atan MTN-nin mətbu şəbəkəsini sanki cinlər aparıb.

Ə.Nağıyevin ruporları olan dəstə isə hücuma keçdikcə o qədər açıqlar buraxırlar ki, bir zamanlar onun dostu, sirdaşı olmuş, indi Parisdə Qənimət Zahidlə arkadaşlıq edən Elşad Abdullayev heç o qədər “xoruz” buraxmamışdı. E.Abdullayevin tarixçəsi uzun və senssasion olduğundan, ona da bir neçə yazı həsr etməli olacağam. Hələlik bir onu deyə bilərəm ki, Çovdarovun iti “caynaq”larından birtəhər qurtulmuş “Azadlıq”-ın jurnalisti Aqil Xəlilin, Qənimət Zahidin, sabiq MTN-çi Ramin Nağıyevin və əsərin “qəhrəman”ı E.Abdullayevin eyni məkana-Fransaya sığınmalarını təsadüfi hesab etmək diletantlıqdan savayı bir mövqe olmazdı. Ölkədə hər kəsi şərləyib, qara yaxan E.Abdullayevin efirə buraxdığı videoyazıda Ə.Nağıyevi “bəy” tərifinə tutması maraqlı olduğu qədər, həm də müəmmalıdır.

 

Generalı qəzəbləndirən nə imiş?..

 

Qəribədir, bu gün Ə.Nağıyevin müdafiəçisinə çevrilmiş bir hüquqşünas- yazar, yaxın keçmişdə Daxili İşlər naziri Ramil Usubov barədə serial, böhtan xarakter yazılar yazmağı özünə peşə etmişdi. Nazirin iddiası ilə məhkəməyə cəlb edildikdə, “hissə qapılmışdım, məni bağışlayın”, deməklə cəzadan xilas olmuşdu. İndi söyləmək mümkündür ki, səbəb heç də hissə qapılma deyilmiş. Bəzi qohumlarının polis sıralarından uzaqlaşdırılması cənab Ə.Nağıyevi bərk qəzəbləndiribmiş…

İndi, “qəhrəman” jurnalistin hədəfinə hələlik E.Mahmudov tuş gəlib. Bax budur, tarixin əsil istehzası, məzhəkəsi. Müxalifətdə olsam da, ölkə prezidenti cənab İlham Əliyevə münasibətim daima müsbət olub. Əfsuslar olsun ki, bir zamanlar “Ölkədə İlham Əliyevin alternativi yoxdur” başlıqlı yazılara imza atmağıma baxmayaraq, E.Mahmudovun rəhbərlik etdiyi MTN şər-böhtanla 8 il həbs cəzasıyla “mükafat”landırdı. Buna baxmayaraq, Prezidentə inamım böyükdü. Yaxınlarda keçiriləcək referendumdan sonra ölkədə ciddi dəyişikliklərin olacağına, xüsusilə kadr islahatı aparılacağına şübhə etmirəm. Artıq mesajlar verilib ki, xalqın malını mənimsəyib, torpaqlarını zəbt edənlər cəzasız qalmayacaq. Prezident ən sədaqətli, yüksək keyfiyyətli kadrları vitse prezident postlarına təyin edəcək ki, bu da ölkədə baş verənlər barədə daha dolğun informasiya almağa şərait yaradacaq. Məmurların bir çoxunun narahatlığı diqqətdən yayınmır. Bəzilərinə ölkədə sabitliyin pozulması da sərf edir.

Sabitlik ciddi islahatlara yol açır ki, bəzi müxaliflər kimi iriçaplı məmurların bir çoxuna bu sərfəli deyil. Sorğu-sual gününə çox az qaldığını prezident artıq dəfələrlə xatırladıb.

 

Ardı var