“Döyülən məktəblinin beyni silkələnib” – Baş həkimin müavini

0
5

Xəbər verdiyimiz kimi, Qaradağ rayonunda yerləşən 127 saylı orta məktəbdə iki şagird arasında dava düşüb.

Nəticədə şagirdlərdən biri – Muradov Mustafa 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan şagirdin kəllə-beyin travması aldığı bildirilsə də, məktəbin direktoru Mərhəmət Məmmədov AzNews.az-a açıqlamasında onun sadəcə gözünün altından yaralandığı deyib.

Məsələni aydınlaşdırmaq üçün 1 saylı Şəhər Kliniki Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın baş həkimin müavini Adil Hüseynov saytımıza açıqlamasında, 9-cu sinif şagirdi Muradov Mustafanın kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirildiyini bidirdi: “Ona beyin silkələnməsi diaqnozu da qoyulub. Sol gözünün altında göyərmələr var. Yumşaq toxumalar əzilib”.

A.Hüseynov qeyd edib ki, M.Muradovun müayinələrinin nəticələri bu gün bəlli olacaq.

Qeyd edək ki, Qaradağ rayon 127 saylı orta məktəbində şagirdlər arasında münaqişə olub.

Nəticədə 9-cu sinif şagirdi Muradov Mustafa aldığı xəsarətdən 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Məktəbin direktoru Mərhəmət Məmmədovun sözlərinə görə, M. Muradovun döyülməsinə səbəb onun dərs zamanı müəllimi lağa qoymasıdır: “Dərs zamanı Muradov Mustafa müəllimi eşitməyib, ələ salıb. Bu da Azada təsir edib. Dərsdən sonra şagirdlər bir-birini itələyib. Aralarında münaqişə düşüb. Azad da vurub Mustafanın gözünün altını qaraldıb. Bundan sonra Mustafa birbaşa xəstəxanaya gedib. Mustafa tələb edir ki, Azad İsmayılovun valideyni ondan üzr istəsin. Amma Azadın valideyni işdə olduğundan bu mümkün olmayıb. Biz də məsələni müzakirəyə çıxarıb hər iki şagirdi cəzalandıracağıq”.

Onu da bildirək ki, Muradov Mustafanı döyən İsmayılov Azad müəllimin nəvəsidir.