Tofiq Əzizov (Əzizbəyli).
Tarixçi, arxeoloq.
(III məqalə)
B. V. Miller Ə. Kəsrəvinin ,,Azəri, yaxud Azərbaycanın qədim dili” adlı əsəri haqqında. Ə. Kəsrəvinin bu əsəri giriş və 3 fəsildən ibarətdir. Birınci fəsildə azəri dilinin Azərbaycanın qədim dili olmasından, ikinci fəsildə türk dilinin Azərbaycanda yayılması tarixindən, üçüncü fəsildə Azəri dilinin nümunələrindən bəhs edilir (Bax: Abdulla Fazili. Azərbaycanın qədim və ilk orta əsrlər tarixi İran tarixşünaslığında. Bakı – 1984, s. 111). Ə. Kəsrəvinin ,,Azəri dilinin nümunələri” kimi təqdim etdiyi materiallar 18 ədəddir. Onlardan dördü bir neçə sözdən ibarət qısa mətn, on dördü isə rübaidir. Ə. Kəsrəvi bu mətnlərdən birini Həmdullah Mustofinin (1340) ,,Nüzhətul – Qülub”, üçünü isə Təvəkkül ibn İsmayıl ibn Bəzzazın ,,Səfvət əs – Səfa” (Saflığın saflığı”) və Şeyx Zahidin nəslindən olan Şeyx Hüseynin ,,Silsileyi – nəsəbe Səfəviyə” adlı əsərlərindən tapmışdır. Təvəkkül ibn İsmayıl Ibn Bəzzazın ,,Səfvət əs –Səfa” əsərindən tapdığı 12 rübainin (1, 4 – 14) müəllifi Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddindir. İkinci rübai Xalxalın hazırda talışların yaşadığı hissəsindən olan xalxallıya, üçüncü ,,pəhləvicə rübai” Ərdəbil yaxınlığında bostanda işləyən qadına məxsusdur (Bax: Б. В. Миллер. Талышский язык. Москва – 1953, s. 256 ). Ə. Kəsrəvi ,,Azəri, yaxud Azərbaycanın qədim dili” adlı əsərinin 1926 – cı ildəki ilk nəşrində bu materialların Azəri adlı qədim fars dilində olduğunu və Azəri dilinin Azərbaycanın yalnız Araz çayından cənubdakı hissəsində yayıldığını bildirmişdi. Lakin Sovet alimi B. V. Miller bu materialları tədqiq etdikdən sonra 1930 – cu ildə yazdığı ,,О языке населения Азербайджана до отуречения этой области” məqaləsində belə bir nəticəyə gəldi ki, bu materiallar qədim fars dilində deyil, müasir Talış dilinə yaxın olan bir dildədir və yalnız Ərdəbil vilayətində mövcud olmuşdur Ə. Kəsrəvi də B. V. Millerin bu məqaləsini oxuduqdan sonra onunla razılaşmış və kitabın 1938 – ci ildəki nəşrində buraxdığı səhvləri etiraf etmişdi. (Bax: А. Мамедов. Талыши как носители древнего языка Азербайджана. atropat. narod. ru/ moa 3.html). B. V. Miller isə sonralar bu məqaləsinin üzərində yenidən işləyərək onu daha da təkmilləşdirib, ,,Талышский язык и язык азери” (,,Talış dili və azəri dili”) başlığı altında ,,Tалышский язык” (,,Talış dili”) аdlı kitabına daxil etmişdi. Ə. Kəsrəvinin topladığı materialları təhlil edən B. V. Miller ,,Talış dili” kitabında yazırdı ki, Ə. Kəsrəvi X – XII əsr Ərəb müəlliflərinin haqqında məlumat verdikləri Azəri dilini İran dillərinə aid etməklə düzgün nəticəyə gəlmişdir. Lakin Azəri dili Ə. Kəsrəvinin hesab etdiyi kimi, qədim Fars dili deyil, müasir Talış dilinə yaxın olan bir dildir və Talış dili də Azəri dilinin qalıqlarındandır. Azəri dili Azərbaycanın Araz çayından cənubdakı bütün ərazisində yox, yalnız xüsusən Ərdəbillə bağlı olan şərq və şimal – şərq hissələrində yayılmış qədim dildir. Lakin Ə. Kəsrəvinin topladığı bu materiallar XIV əsrin I yarısına aid olduğundan bu onların əsasında Azəri dilinin Azərbaycanın qədim dili olması nəticəsinə gəlməyə kifayət etmir (Bax: Б. В. Миллер. Талышский язык. Москва – 1953, S. 255). B. V. Miller yazırdı ki, Azərbaycanın Araz çayından cənubdakı hissəsində XI əsrin əvvəllərindən yaşamağa başlayan türklər Səlcuqların və Xarəzmşahların 200 illik hökmranlığı dövründə onun hər tərəfinə yayılmasına baxmayaraq Azəri dili xeyli zəifləsə də ümumi ünsiyyət vasitəsi olaraq qalmışdır. XIII əsrdə monqol işğalı nəticəsində Azərbaycana çoxlu yeni türk tayfaları gəldiyindən azlıqda qalan azərilər Türk dilini öyrənmək məcburiyyətində qalıb, türkləşməyə başlamış, Monqol dönəminin sonuna doğru azəri dili termini sıradan çıxmış, onu ,,pəhləvi” termini əvəz etmişdir. Səfəvilər dövlətinin yaranması ilə əlaqədar Türk dilinin əhəmiyyətinin daha da artması bu sülalənin hakimiyyətinin əvvəllərində, yəni XVI əsrdə azərilərin əksəriyyətinin türkləşməsi ilə nəticələnmişdir. Hazırkı talışlar isə azərilərin türkləşməyən hissəsinin nəsillərindəndir (Bax: Yenə orada. s. 255). Problemin tərəfsiz tədqiqi isə göstərir ki, əslində tarixdə İran dilləri qrupuna daxil olan Azəri dili adlı dil, bu dildə danışan və əksəriyyəti də XVI əsrdə türkləşən xalq olmayıb. Bu Ə. Kəsrəvinin və B. V. Millerın əsasında siyasi məqsədlərin dayandığı uydurmalarıdır. Başqa sözlə desək, bu bitməmiş kol dibindəki doğulmamış dovşan balasıdır. Şeyx Səfiəddinin 12 rübaisinin yazıldığı dildə danışmış tayfa. Ə. Kəsrəvinin Azəri dilinin nümunələri kimi təqdim etdiyi 18 materialdan on ikisi Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddinin yazdığı rübailərdir. B. V. Miller yazırdı ki, müasir Talış dilinə daha yaxın olan dildə dini mövzuda yazılmış bu rübailərdə çoxlu ərəb və fars sözləri vardır. Bəs Ərəb, Fars, Monqol və digər dilləri bilən Şeyx Səfiəddinin bu dildə şeir yazmasının səbəbi nədir ? Məlum olduğu kimi Şeyx Səfiəddin Şirazdan Ərdəbilə qayıtdıqdan sonra Sədi Şirazinin məsləhəti ilə təhsilini artırmaq üçün Lənkəranın Siyavurd kəndinə Şeyx Tacəddin İbrahim əl – Kurdi əs – Səncaninin (Şeyx Zahidin) yanına getmiş, 25 il onun yanında qalaraq müridi və xəlifəsi olmuş, onun Bibi Fatimə adlı qızı ilə ailə qurmuşdu. Şeyx Zahid də vəfat edərkən yaratdığı dərviş cəmiyyətinə rəhbərlik etməyi oğlu Şeyx Camaləddinə yox, kürəkəni Şeyx Səfiəddinə tapşırmışdı. Şeyx Zahidin əcdadı Gilana XI əsrdə Xorasandan, Mərv yaxınlığındakı Səncan adlı yerdən gəlmişdı. Təbii ki, hansı etnosa mənsub olmalarından asılı olmayaraq Şeyx Zahid və müridləri, o cümlədən Şeyx Səfiəddin Siyavurdda yaşadıqlarından yerli sakinlərin – Kerqanrudluların da dilini bilməli idilər və bilirdilər də. Kerqanrudluların əsas hissəsi isə buraya Qızılüzən (Sefidrud) çayı hövzəsindən gəlmiş Kerinqani (Kirinqani) adlı Tati tayfalarından idilər. Tati tayfaları arasında onlara ən yaxın olanı Xərzani tayfası idi. Kerqanrudlular – Kerinqanilər (Kirinqanilər) və Xərzanilər (Hərzanilər) Antik dövrdə (e. ə. IV – e.- nın III əsrləri) Xəzər dənizindən cənub – şərq tərəfdə yerləşən Hirkaniyada yaşamış Hir tayfasının sonrakı nəsillərindəndi. Mənşəcə Kuti (Massaget – Maskut – Qıpçaq) türk tayfalarından olan hirlər (Bax: Tofiq Əzizov. Skiflər, saklar, massagetlər, talışlar və azərilər. Avrasiya info. saytı). Hirkaniyada yaşayarkən qonşu Day tayfalarının təsiri altında irandilliləşmişdilər. Hir tayfasının Gilanda və Talışda da yaşamasını Xalxalda Hir, Astara və Lənkəran rayonları ərazisində Hirkan adlı yerlərin olması da təsdiq edir. Buna görə də, hərzanilər, kirinqanilər, ən azından onlarla qohumluq əlaqələrinə görə, Xalxal və Perimbel seyidləri arasında qıpçaq türkləri kimi mavi gözlü sarışın adamların da olması təbii haldır. Çox güman ki, hərzanilər Təbrizdən şimal – qərb tərəfdəki əraziyə Xalxalın mərkəzi Hirdən, kirinqanilər isə Qaradağa Astara ətrafındakı Kerqanruddan Səfəvilər sülaləsinin himayəsi altında XIV əsrdən tez olmayaraq getmişdilər (Bax: Tofiq Əzizov (Əzizbəyli). Skiflər, saklar,… ). Kerinqanilər hazırda Şərqi Azərbaycan ostanının Culfa şəhristanının Dizmar bəxşinin Kerenqan (Kirinqan) kəndində və Həsənlu bəxşinində bir neçə kənddə yaşayırlar (Bax: Talışlar – Vikipediya). 20 min nəfərdirlər. Şeyx Səfiəddinin rübailərini yazdığı dilə gəldikdə isə, bu dil həmin vaxt Siyavurd kəndində də yaşamış, qaynatası Şeyx Zahidin, həyat yoldaşı Bibi Fatimənin də danışdığı Kerinqani tayfasının dilidir. Ə. Kəsrəvinin topladığı 18 ədəd materialın hamısı birlikdə Hərzani və Kerinqani tayfalarının danışdığı dilin müxtəlif şivələrindədir. Ə. Kəsrəvinin Azəri dilinin nümunələri kimi təqdim etdiyi materialların yazıldığı bu dilin X – XII əsr Ərəb müəlliflərinin əsərlərindəki adı isə Azəri deyil, əl – Fəhləviyyə – Pəhləvidir. Şeyx Zahidin və Qızılbörk Firuzşahın ,,əl – Kurdi” ləqəbi haqqında. Ə. Kəsrəvi ,,Səfvət əs – Səfa” əsərinin 1491 – ci və 1508 – ci il nüsxələrində Şeyx Zahidin və Şeyx Səfiəddinin Firuzşah adlı babasının adında əs – Səncani sözünün qarşısında əl- Kürdi ləqəbinin olmasını əsas götürərək belə bir nəticəyə gəlmişdi ki, Səfəvilər sülaləsi mənşəcə kürddür. Türkiyənin Z. V. Toğan, Faruq Sümer, E. Xəmgin, M. Ekinçi və Ö. Uluçay adlı tarixçiləri də bu məsələdə onu müdafiə edirlər (Bax: Tofiq Nəcəfli. Səfəvilərin ethik mənsubiyyəti məsələsi müasir Türkiyə tarixşünaslığında. Strategiya. Az sayti ). Tədqiqatlar göstərir ki, Ə. Kəsrəvi Talış, Hərzani və Kerinqani (Kirinqani) dillərini bilmədiyindən bu məsələdə də səhvə yol vermişdir. Məlum olduğu kimi, Şeyx Zahidin əcdadları Gilana, Şeyx Səfiəddinin beşinci babası Firuzşah da Ərdəbilə XI əsrdə Xorasandan Mərv şəhəri yaxınlığındakı Səncan adlı yerdən gəlmişdilər. Hər ikisinin də ləqəbi əl – Kürdi olmuşdur (Yenə orada.). Lənkəranın Ləj kənd məscidinin axundu, AMEA – nın M. Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Samid Quliyev Şeyx Zahidin əl – Kurdi ləqəbi haqqında yazır: ,,Gilani ləqəbi ona yaşadığı vilayətə uyğun olaraq verilmiş, ,,Kurdi” ləqəbi isə Talış dilindən tərcümədə dərviş və ya nohə deyən anlamına gəlməklə (kırdi – ağlaşma və ya ağı) şeyxin sufilərə xas dərvişanə həyat tərzi keçirməsinə işarə olmuşdur (Samid Quliyev. Şeyx Zahid irsi. axundsamid@gmail. com). Yəni bu halda əl – Kurdi ləqəbinin Kürd etnosu ilə bağlılığı yoxdur. Kurdi sözünün kirinqanilərin və hərzanilərin dilində hansı mənanı verdiyini müəyyənləşdirmək isə məsələyə daha da aydınlıq gətirərdi. Ərəblər talışlara Azəri yox, ət – Taylasan demişdir. Talış etnotoponiminin tarixindən bəhs edən istedadlı tədqiqatçı, əslən özü də talış olan M. Mirzəyev yazır: ,,Ə. Kəsrəvi qeyd edir ki, ərəblər Azərbaycana gələnə qədər ,,talış” sözünə heç bir mənbədə rast gəlinmir. Talışlar barəsində ərəb mənbələrində ilk məlumat verənlərdən biri ibn – Xordadbeh (820 – 913) olmuşdur. O ,,Yollar və məmləkətlər haqqında kitab” əsərində ,,ət – Teyləsan” dedikdə talışları nəzərdə tutmuşdur. … Əhməd əl – Bəlazuri (820 – 892) ,,talış” sözünü Təyləsan şəklində işlədərək ərəblərin buranın fəthindən bəhs etmişdir. Tarixçi ibn əl – Əsir (1160 – 1234) ,,Əl – kamil fi- t – tarix” əsərində ,,Teyləsan” (,,Talış” – M. M.) ərazisinin adını çəkmişdir” (Musarza Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. Bakı – 1993, s. 6 – 7). Yazılı mənbələrdə talışlardan ,,Talış” adı ilə ilk dəfə əl – Qərnati 1162 – ci ildə yazdığı ,,Ağıllara tövhə və mövcüzələrin seçilməsi” adlı əsərinin 44 – cü səhifəsində bəhs etmişdir (Bax: N. M. Vəlixanlı. IX – XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. Bakı – 1974, s. 320). Beləliklə, Ərəb mənbələrindəki azərilərin talışlar olduğunu israr edənlər nəhayət belə bir həqiqəti qəbul etməlidirlər ki, həmin mənbələrdə talışların adı ,,Azəri” yox, əvvəlcə ,,ət – Taylasan”, daha sonra ,,Talış” olmuşdur. Ərəblər talışlara bu adı yağışdan qorunmaq üçün başlarına və çiyinlərinə atdıqları yun parçaya görə yox, başlarına qoyduqları şiş ot tayası formalı papağa görə vermişlər (Bax: Tofiq Əzizov. Talış sözünün mənası haqqında yeni yozumlar. Avrasiya info saytı). Qeyd etmək yerinə düşər ki, bu papaqlardan təkcə talışlar yox, həm də, onlarla qonşu olan və qarışıq şəkildə yaşayan Azərbaycan türkləri də istifadə etmişlər və mən özüm kəndimizdə bunun şahidi olmuşam (Bax: Tofiq Əzizov. Skiflər, saklar, massagetlər, …). Məhz həm də, eyni formalı paltarlardan istifadənin nəticəsi idi ki, rus məmurları tərəfindən 1886 – cı ildəki siyahıyaalmaya görə, Lənkəran qəzasında 47 min talış yaşadığı halda, 1897 – ci ildə siyahıyaalma ana dilinə görə aparılanda onların sayı 34 min nəfərə enmişdi (Bax: Qəmərşah Cavadov. Talışlar. Bakı – 2004, s. 25). Beləliklə, zorla azəri adlandırılmaq istənilən etnosların heç biri heç vaxt Azəri adı daşımayıb. Bu adın daşıyicıları indiki kimi əvvəldən də Azərbaycan türkləri olmuşdur.
Davamı var…