Ermənistanda merə sui-qəsd:avtomobili atəşə tutulub

0
3

Ermənistanın Eçmiadzin şəhərində atışma baş verib.

APA-nın “news.am” xəbər portalına istinadən verdiyi xəbərə görə, ötən gün yerli vaxtla 23:00 radələrində şəhərin hazırkı meri Karen Qriqoryanın avtomobili atəşə tutulub. Hadisə mer paytaxt Yerevandan qayıtdığı zaman baş verib. Həmin an avtomobildə merlə yanaşı onun qardaşı da olub.

Ehtimallar var ki, atəş açanlar mer olmaq üçün namizədliyini irəli sürən Artur Tumanyan və sabiq mer Qraçik Abqaryanın qohumu olub.

Maraqlıdır ki, sözügedən insident baş verəndən sonra hadisəni törətməkdə şübhəli bilinən hər iki şəxsin iştirakı ilə dava baş verib. Hazırda hər iki şəxs xəstəxanadadır.

Hazırkı merin ofisindən yalnız onu bildiriblər ki, silahlı insidentlə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Hadisə ilə bağlı açıqlama verən sabiq mer Qraçik Abqaryan isə bildirib ki, onun qohumu silahlı insidentdə iştirak etməyib: “Onlar döyülüblər və hazırda xəstəxanadadırlar”.

O əlavə edib ki, seçkiöncəsi şəhərdə vəziyyət kritikdir. Qeyd edək ki, mer seçkiləri sentyabrın 18-də baş tutacaq. Hazırkı mer Karen Qriqoryan hakim partiyadan deputat seçilən Manvel Qriqoryanın oğludur.