Milli Məclisin deputatı:”Bahalaşma yenə davam edəcək”

0
3

«Yay mövsümü ilə bağlı qiymət artımı bir qədər səngisə də, qarşıdan payız, ardınca da qış gələcəyindən bahalaşma yenə davam edəcək”.

Bu sözləri Milli Məclisin deputatı Əli Məsimli Azadlıq radiosuna açıqlamasında deyib.

Deputatın sözlərinə görə, qiymət artımına mövsümü amillərdən başqa Qurban Bayramı da təsir göstərib. Amma ölkəyə idxal yüksək səviyyədə olduğundan, manatın dəyərsizləşməsi qiymətlərə daha çox təsir edir:

Son aylar manat hər yüz dollara görə 20 manatdan çox nominal dəyər itirib. Bu amil idxal inflyasiyasını gücləndirir və qiymətlər də buna uyğun şəkildə artır. Azərbaycanda istehsal olunan məhsulların bir hissəsinin maya dəyərində xaricdən gətirilən xammal, material, komplektləşdirici məmulat və s. çox olduğundan, belə məhsulların qiymətləri də artır. Sırf yerli məhsulların qiymətləri də bunların arxasınca «sürünməyə» və artmağa başlayır”.

Ə. Məsimlinin sözlərinə görə, Azərbaycanda əhalinin xeyli hissəsinin alıcılıq qabiliyyəti gözəçarpan dərəcədə azaldığından, sürətli qiymət artımının iqtisadi əsası yoxdur:

Yəni, manatın məzənnəsinin aşağı düşməsi xaricdən gətirilən malların, eləcə də mövsümlə bağlı məhsulların qiymətini artırırsa, bu, təbii haldır. Ancaq bəzən işbazlar manatın məzənnə məsələsindən sui-istifadə edir və qiymətləri əsassız, həm də aramsız qaldırırlar. Deməli, qiymət artımının bir hissəsi Azərbaycan iqtisadiyyatında gedən proseslərdən, digər hissəsi idxal inflyasiyasından qaynaqlanırsa, qalan hissəsi süni qiymət artımıdır”.

Deputat belə hallara son qoymaqdan ötrü İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidməti sui-istifadə hallarına qarşı qanunvericiliyə uyğun tədbirlər görməyə çağırıb.

Ə. Məsimli qiymət artımının qarşısını almağın ən etibarlı yolu yerli istehsalı inkişaf etdirmək, inhisarçılığı aradan qaldırmaq və sahibkarlara əlverişli biznes və rəqabət mühiti yaratmaqa görür: “İki sarsıdıcı devalvasiya olsa da, manat hələ də öz real bazar dəyərini tapmayıb. Ona görə də müəyyən ara və səngimələrlə manata təzyiq davam edir. Manat öz bazar dəyərini tapanadək ucuzlaşacağından, xaricdən gətirilən malların qiymətləri də buna uyğun artacaq. Hökumət indən belə də yumşaq devalvasiya variantına üstünlük versə, manat bazar dəyərini tapanadək bir qədər də ucuzlaşacaq. Ondan sonra, bir müddət səngimələrlə, böhranlı durumun qarşısı alınanadək həmin proses müxtəlif sürətlə davam edəcək. Belə şəraitdə manatın məzənnəcə sabit qalması ölkə iqtisadiyyatının böhranlı vəziyyətdən çıxma tezliyindən və inkişafından asılı olacaq. Ona görə də, qiymət artımının qarşısını etibarlı şəkildə almaqdan ötrü yerli istehsal inkişaf etdirilməlidir”.

Xatırladaq ki, bu ilin 8 ayında da orta illik inflyasiya ikirəqəmli olub. Dövlət Statistika Komitəsinin (DSK-nın) məlumatına görə, yanvar-avqust aylarında istehlak məhsulları və xidmət qiymətləri ötən ilin eyni dövrünə nisbətən 10,8 faiz artıb. Ayrılıqda ərzağın qiyməti 12,2 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 15,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərsə 4,9 faiz bahalaşıb.