Bəzi xarici dairələrin məqsədi bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, xalqımızın iradəsini qırmaqdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan dövləti güclü dövlətlər sırasındadır: “Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. Biz heç bir yerdən yardım almırıq, buna ehtiyac da yoxdur, öz hesabımıza yaşayırıq və dünyada öz hesabına yaşayan ölkələrin sayı o qədər də çox deyil. Ona görə, hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr etməlidir ki, müstəqil dövlətdə yaşayır. Bu gün bizim taleyimiz öz əlimizdədir. Biz əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq və o dövrü indiki dövrlə müqayisə edəndə görürük ki, ən sürətli inkişaf dövrü müstəqillik dövrüdür. Nəyə görə? Çünki taleyimiz öz əlimizdədir”.
İlham Əliyev qeyd edib: “Biz öz gələcəyimizi qururuq, biz qabağa gedirik. Ona görə, bu müsbət dinamikanı davam etdirmək, inkişafı dayanıqlı etmək üçün bir daha deyirəm ki, vətənpərvərlik, milli dəyərlər, milli ruh xüsusi yer tutur. Çünki dünyada bizim önəmimiz artır. Bizim işimizə qarışmaq istəyənlərin sayı da az deyil. Bu illər ərzində müxtəlif dövrlərdə bizim işimizə qarışmaq istəyənlər öz məqsədlərini güdürdülər. O məqsədlər bizim məqsədlərlə üst-üstə düşmür. Bizim məqsədimiz müstəqillikdir, azadlıqdır, xalqın firavanlığıdır. Bəzi xarici dairələrin məqsədi isə tam başqadır – bizə diktə etmək, Azərbaycanı alətə çevirmək, Azərbaycan xalqının iradəsini qırmaq və ondan sonra Azərbaycan kimi qüdrətli ölkədən öz məqsədləri üçün istifadə etməkdir. Bu isə bizim üçün fəlakət olar. Biz başqa ölkələrin təcrübəsini, yaxın tarixini görürük. O ölkələr ki xaricdən idarə olunur, o ölkələr dağıdılır. O ölkələr ki xarici mənfi təsirə qarşı müqavimət göstərmir, o ölkələr, xalqlar məhv olur. Son 10 il ərzində Yaxın Şərqdə milyonlarla insan həlak olub. On milyonlarla insan əlil, qaçqın, köçkün olub, ölkələr, bütün infrastruktur dağıdılıb. Bunu edənlər xarici qüvvələrdir.
Ona görə, bizim gənclər də, müəllimlər də bu reallığı bilməlidirlər. Bizə təzyiqlər ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz.
Mən istəyirəm ki, burada, bu mərasimdə iştirak edən gənclər də gələcəkdə bu yolla getsinlər. Çünki gələcəkdə ölkəmizi gənclər idarə edəcəklər. Ölkələrin inkişafını şərtləndirən onun insanlarıdır. Ölkəni hansı insanlar idarə edirlərsə və xalq onları dəstəkləyirsə, bax, o siyasət də aparılır. Ona görə, biz həmişə müstəqil olmalıyıq. Heç vaxt müstəqilliyimizi əldən verməməliyik. Müstəqillik deyəndə mən rəsmi atributları nəzərdə tutmuram”.
Prezident deyib ki, müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq, necə ki bu gün yaşayır: “Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələr üçün də cəlbedicidir. Ona görə, bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə inanırlar, sözümüzə inanırlar. Ona görə ki, biz ləyaqətli siyasət aparırıq və xalqın maraqlarını həmişə müdafiə edirik. Mən istəyirəm ki, gənclər də bu istiqamətdə inkişaf etsin. Əminəm ki, belə də olacaq”.