İcra hakimiyyətlərinin idxal mallarını satın almaq səlahiyyəti dayandırıldı –FƏRMAN

0
3

Azərbaycan Prezidenti İlham Əliyev icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında  Fərman imzalayıb.

Fərmanda icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində səmərəliliyi artırmaq, ölkədə sahibkarlıq fəaliyyətini genişləndirmək, habelə biznes və investisiya mühitinin əlverişliliyini və rəqabət qabiliyyətini daha da artırmaq məqsədi ilə İcra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1 yanvar tarixinədək idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması dayandırılır.

Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş məhdudiyyət dövlət zəmanəti ilə alınmış xarici kreditlər, xarici qrantlar, ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi ehtiyacları ilə bağlı idxal olunan malların (işlərin, xidmətlərin), dərman və tibb vasitələrinin satın alınmasına şamil edilmir.

Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş müddətdə bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış müqavilələr üzrə idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınmasına razılıq verilməsi barədə qərarı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir.

Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş müddətdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınması zərurəti yaranarsa, icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən həmin malların (işlərin, xidmətlərin) satın alınmasına razılıq verilməsi barədə qərarı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir.

Fərmana görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən idxal mallarının (işlərinin, xidmətlərinin) satın alınmasına xərclənən vəsait barədə üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.