Anar Behrudiyə barışıq təklif etdi

0
3

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar qurumdan istefa vermək istəyən şair Rüstəm Behrudiyə barışıq təklifi ünvanlayıb.

Birlik sədri musavat.com-a müsahibəsində R.Behrudinin birlikdən ayrılmasına təəssüf etdiyini deyib: “Birlikdən rəsmi çıxmaq üçün ərizə yazılmalıdır. Ümid edirəm ki, Rüstəm düşünüb, daşınıb belə bir ərizəni yazmayacaq, Birliyin üzvü olaraq qalacaq və inşallah gələn il 60 yaşını xoş məramla qeyd edəcəyik”.

Rüstəm Behrudi aznews.az-a açıqlamasında Anarın barışıq təklifinə cavab verib: “Mən Anar müəllimə təşəkkür edirəm. O mənim üçün həmişə böyük bir ziyalı, örnək olub. Ancaq o yaşda bir adam deyiləm ki, qərarlarımı dəyişəm. 18 yaşda bir uşaq deyil, 59 yaşda bir şairəm.

Mən Yazıçılar Birliyini tərk elədim, vəssalam. Kişiyəm, kişi sözü bir dəfə deyər. Anar müəllimi çox istəyirəm. Özü də onunla bir problemim yoxdur. Sadəcə özüm çıxdım və bunu ictimaiyyətə bəyan elədim”.

Xatırladaq ki, R.Behrudi dünən AYB-dən istefa verdiyini açıqlayıb.