Stanislav Tarasov
REGNUM İA, 10.09.2016
ABŞ və Rusiya Cenevrədə növbəti uzun diplomatik marafondan sonra Suriyada barışıq haqda saziş əldə edib. Bu, “danışıqlar haqda danışıqlar” idi, çünki ABŞ dövlət katibi Con Kerrinin sözlərinə görə, “yeni asayiş planı yeni danışıqlara da start verməlidir” ki, “münaqişə dayansın”.
Bu planın detallalrı elan olunmur, lakin ümumi şəkildə aşağıdakı kimi görünür.
Suriyada atəşkəs rejimi sentyabrın 12-də, müsəlmanların Qurban Bayramı günündə qüvvəyə minməlidir. Barışıq yeddi gün çəksə, terrorçuların və mötədil müxalifətin arasında hüdudların müəyyən edilməsi üzrə xüsusi mərkəz yaradılacaq, ABŞ və Rusiya isə “Cəbhət ən-Nusra” və İŞİD-ə qarşı birgə əməliyyatlara başlayacaq. Suriya hökuməti ölkənin müəyyən rayonlarına aviazərbələr endirməməlidir. Müxalifət qüvvələri “Cəbhət ən-Nusra” və İŞİD ekstremist qruplaşmalarından mümkün bütün üsullarla məsafə saxlamalıdır. Rusiya XİN başçısı Sergey Lavrov bildirib ki, Suriya ABŞ-Rusiya planları ilə artıq tanış edilib, onu yerinə yetirməyə hazırdır, “tərəflər isə Suriyada birgə antiterrorizm əməliyyatları mümkün olan ərazilər məsələsi üzrə vahid fikir əldə edib”.
Lavrov həmçinin ümidini ifadə edib ki, Rusiya-Amerika sazişi BMT TŞ və Suriyaya Beynəlxalq Dəstək Qrupunun (SBDQ) dəstəyini qazanacaq.
Deməli, saziş var. O, ABŞ və Rusiya prezidentləri Barak Obama və Vladimir Putinin Çində “böyük iyirmilik” sammitinin gedişində görüş və danışıqlardan sonra mümkün olub. Lavrov və Kerri indi “atəşkəs haqda sazişin Suriyada siyasi keçid prosesinin irəliləməsinə şərait yaradacağı”na münasibətdə ehtiyatlı nikbinlik ifadə edirlər.
Yaranmış durumun bəzi mühüm özəlliklərini qeyd edək. Amerikalı ekspertlər xatırladırlar ki, indiki sazişə qədər on yeddi böyük sülh təşəbbüsü irəli sürülüb. Kofi Annanın 2012-ci il sülh planı, həmin ilin Brahimi planı, Cenevrə 1, 2 və 3, “Vyana prosesi”, “Dörd komitənin təşəbbüsü” bunların içindədir. Bütün bunlar Vaşinqtonla Moskva arasında “etibar qıtlığı” olan müxtəlif səbəblər üzündən iflasa uğrayıb, nəticədə isə “təxminən, 5 milyon qaçqın, 8 milyon köçkün meydana çıxıb və 400 min nəfər həlak olub”.
Amerikalıların fikrincə, sonralar “atəşkəs haqda danışıqlardan savayı Vaşinqtonun ideyaları bitib”. Buna görə də yeni Cenevrə sazişinin perspektivləri haqda məsələ açıq qalır, çünki hələlik müxtəlif pozalarla diplomatik Marlezon baletinin ifası müşahidə olunur. Heç olmasa, ona görə ki, Barak Obamanın prezident müddətinin başa çatmasına 130 gündən bir az artıq vaxt qalır və bu müddətdə Suriya bataqlığından çıxmaq çətin ki mümkün olsun, Ağ Evin yeni administrasiyası isə başqa yanaşmalar təklif edə bilər. Bu, bir.
İkincisi: Dəməşq, həmçinin cihadçı qruplaşmalar və qeyri-dövlət birləşmələrindən savayı Suriya müharibəsinə hələ ABŞ, Rusiya, İran və Türkiyə cəlb olunub. Lakin yeni sazişi ancaq Vaşinqton və Moskva hazırlayıb. Lavrovun sözlərinə istinadən yuxarıda dediyimiz kimi, Dəməşq planı icra etməyə hazırdır. Türkiyəyə gəlincə, bəzi əlamətlərə görə fikir yürüdəndə, onun Suriyada “Fərat qalxanı” əməliyyatı Rusiya və ABŞ-la razılaşdırılıb. Gözləmək olar ki, Ankara bəzi yönlərdə ruslar və amerikalılarla addımlayacaq. Lakin hamısındamı? Məsələ burasındadır ki, Türkiyə SQ-nin Suriyada görünməsi qarşıdurmanın yeni formatlarını törədib. Almaniyanın “Die Welt” qəzetinin dəyərləndirdiyinə görə, “Fərat qalxanı” “müharibəni Yaxın Şərq və bölgə üçün daha gözlənilməz və təhlükəli edib”.
Türkiyə bir tərəfdən Suriyada İŞİD-ə qarşı əməliyyat aparır, digər tərəfdən “mötədil müxalifət” adlı düşərgəyə aid edilən cihadçılara dəstək verir. Bir tərəfdən ABŞ Suriya kürdləri ilə ittifaq saxlayır, digər tərəfdən Ankara “Sultan Muradın briqadaları”nın simasında sünni türkmənləri dəstəkləyərək onlara qarşı mübarizə aparır. Suriya kürdləri isə de-fakto müəyyən struktur qurub və üç kantonu coğrafiyaca birləşdirməyə can atırlar. Türkiyə bir tərəfdən ABŞ, AB və NATO ilə qarşılıqlı fəaliyyətdədir, digər tərəfdən Rusiya və İranla yaxınlaşır. Bununla belə, Tehranın yeni Cenevrə sazişinə münasibəti hələlik aydın deyil.
Yekunda İŞİD probleminin əvəzinə hələlik az nəzərdən keçirilən nəsə gələ bilər.Cihadçıların “xilafət”inin sərhədləri sürətlə daralır. Onların İraq və Suriyadakı istehkamları dalbadal dağılır. ABŞ-ın başçılığı ilə İŞİD-lə mübarizə o nöqtəyə yetişib ki, “Washington Post”un Beyrutdakı müxbir məntəqəsinin rəhbəri Liz Slayın dediyi kimi, sual doğur: “Bəs sonra nə olacaq?” Ona elə gəlir ki, cavab bu cür olacaq:İŞİD-in gedişindən sonra düzən uğrunda yeni müharibələr.
Slay ehtimal edilən bu müharibələrin siyahısını verir: ABŞ-ın dəstəklədiyi kürd qoşunu Türkiyənin dəstəklədiyi ərəb ordusuna qarşı, Ankara Suriya kürdlərinə qarşı, Suriya kürdləri Suriya hökumətinə qarşı, ABŞ Dəməşqə qarşı, Türkiyə Suriyaya qarşı, İŞİD qalıqları hamıya qarşı, kürdlər kürdlərə qarşı.
Öz növbəsində bakılı politoloq, Siyasi innovasiya və texnologiyalar mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu əmindir ki, “Suriya sindromu” Dağlıq Qarabağ münaqişəsinin həllinə nüfuz etməklə Cənubi Qafqaza atılacaq – həm də ən sərt ssenari üzrə. Çünki “ABŞ dövlət katibi Kerri Kremlə Qarabağ məsələsində Rusiyanın liderliyini tanımaq təklifi verib, əvəzində isə Amerika Kremlin Suriya məsələsində ABŞ-ın liderliyinə razılığını əldə edir”.
Əhmədoğlunun dediyi kimi, “O, hər iki münaqişəni bərabər sayırsa, müəllifi ABŞ olan Qarabağ münaqişəsinin ABŞ üçün nə qədər mühüm olduğunu təsəvvür edin”.
Bir sözlə, Kerri-Lavrov sazişinin ətrafında ciddi ehtiraslar artıq qızışır və sonralar xeyli məsələ Amerika-Rusiya sazişinin nə qədər etibarlı çıxacağından asılı olacaq.Və təkcə Suriyada atəşkəs üzrə deyil, həm də bu dövlətin gələcəyi üzrə.
Tərcümə Strateq.az-ındır.