2016-cı ilin 6 ayı ərzində Azərbaycanda insan alveri ilə bağlı 132 cinayət faktı qeydə alınıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 92 nəfər qadın insan alverinin qurbanı olub, 24 nəfər qadın fahişəliyə cəlb edilib.
Dövlət Komitəsi insan alverinin baş vermə səbəblərini də açıqlayıb.
Bildirilib ki, insan alverinə məruz qalmanın başlıca səbəbləri bu barədə olanməlumatsızlıq, qadınların öz hüquqlarını bilməməsi, maddi vəziyyətin aşağı olması, sosial şəbəkələrdə bu məqsədlə yaradılmış cinayətkar qruplar tərəfindən cəlb edilmə və digərləridir: “Azərbaycan prezidentinin 2014-cü il 24 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinə uyğun olaraq ölkəmizdə risk qrupu altında olan baxımsız, kimsəsiz, hüquq pozuntuları törətmiş, insan alverinin potensial qurbanları sayılan yetkinlik yaşına çatmayan şəxslərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq işlər görülməkdədir. Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində qeyd olunan kateqoriyaya daxil olan uşaqlarla bağlı aidiyyəti şəhər/rayon İcra Hakimiyyətləri yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaları ilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Komitə tərəfindən aidiyyəti orqanlarla birgə 2012-ci ildə ölkə üzrə uşaqların təhsildən yayınması və əmək fəaliyyətinə cəlb olunması hallarının monitorinqi aparılıb. İnsan alverinin qarşısının alınmasında ən gözəl vasitə maarifləndirmədir. Bu bəşəri cinayətin təhlükəlilik dərəcəsinin yüksək olmasını nəzərə alaraq, vətəndaşların maarifləndirilməsi olduqca önəmlidir. Maarifləndirmə vasitəsi ilə əhalinin insan alveri barədə biliklərini artırmaqla bunun qarşısını ala bilərik”.
“Araşdırmalar göstərir ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində son illərdə böyük nailiyyətlər əldə edib. Ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Bununla bağlı beynəlxalq təşkilatlarla da işbirliyi həyata keçirilir” – deyə məlumatda qeyd olunub.