Yolunuzu Naxçıvandan salın:Möcüzələr diyarı heyrətləndirməkdə davam edir…

0
3

Beş min illik tarixə malik olan Naxçıvan müstəqillik illərində özünün sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Ərazisi 5,5 min kvadrat-kilometr olan Naxçıvan MR-in inzibati ərazi vahidinə paytaxtı Naxçıvan şəhəri olmaqla, 5 şəhər, 7 rayon, 8 qəsəbə, 206 kənd daxildir. 450 minə yaxın əhalisi var. İqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye təşkil edir. Muxtar Respublikada 3 ali məktəb fəaliyyət göstərir.

Bəşər sivilizasiyasının beşiyi sayılan, tarixiliklə müasirliyin qovuşduğu məkan –Naxçıvan açıq səma altında muzeyi xatırladır. Bu qədim və müqəddəs torpağa qədəm qoyan hər kəs tarixi-memarlıq abidələrinin sehrinə düşür. Ən qədim mədəniyyətin daşıyıcıları olan abidələr bu torpağın xalqımıza məxsusluğunun daş pasportudur. Zəngin tarixi-mədəni irsin daşıyıcısı olan 1200-dən artıq tarixi abidənin 57-si dünya əhəmiyyətlidir. Dünya memarlığının inciləri siyahısına daxil edilmiş XII əsrin yadigarı Mömünə Xatın türbəsi, həm də bu torpağın rəmzidir.

momune xatun

Yaşı min illərlə ölçülən Gəmiqaya daşüstü təsvirləri, XII-XIV əsrlərə aidQarabağlar Memarlıq Kompleksi, Xanəgah Abidələr Kompleksi, əfsanəvi Haçadağ, tarixi abidələrlə zəngin olan qoruq-şəhər Ordubad, haqqında müqəddəs Qurani-Kərimdə bəhs edilən Əshabi Kəhf ziyarətgahı, qədim tikililər, qalalar, yaşayış yerləri və nekropollar turistlər üçün cəlbedici məkanlardır.

14 il mühasirədə qalan və Əmir Teymur kimi bir dünya fatehinə baş əyməyənƏlincə qala dillərə dastan olub. Qala əsaslı şəkildə bərpa olunmuşdur. Bərpa işləri zamanı Əlincə dağının ətəyində “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi üçün bina inşa olunmuşdur.

elinceqala
Culfa istiqamətində turizm potensialını artıran digər dünya əhəmiyyətli abidə isəGülüstan türbəsidir.

Naxçıvan MR Ali Məclisi sədrinin yüksək diqqət və qayğısı nəticəsində Naxçıvan abidələri ikinci ömrünü yaşamağa başlamışdır. Ötən dövr ərzində Mömünə Xatın türbəsi konservasiya edilmiş, Əshabi-Kəhf, İmamzadə, Buzxana abidələri, Şərq hamamı, Yusif Küseyiroğlu türbəsi, Xan sarayı, Ordubadda Aza körpüsü, qədim Qeysəriyyə abidəsi, Culfada Xanəgah Abidələr Kompleksi, Naxçıvanqala kimi onlarca tarixi yadigarımız əsaslı bərpa olunmuşdur. Bundan başqa, daş abidələrimizi qorumaq, bu nadir nümunələri öyrənmək və təbliğ etmək məqsədilə açıq səma altında muzey yaradılmış, Naxçıvan memarlıq məktəbinin müasir dövrümüzdə ən layiqli davamı olan Hüseyn Cavid məqbərəsi ucaldılmış və Nuh türbəsi bərpa edilmişdir.

Müstəqillik illərində muzeylərin yaradılması işi davamlı xarakter almışdır. Hazırda muxtar respublikada 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir.

gülüstantürbəsi

Tarixi abidələrin müasir tikililərlə harmoniyası şəhərin turizm məkanı kimi əhəmiyyətini artırır. Burada tarixi abidələrlə müasir memarlıq üslubunda inşa olunmuş binalar iç-içədir. Təkcə paytaxt Naxçıvan şəhərində deyil, bölgələrdə də yeni yollar, körpülər salınmış, yüzlərlə idman, mədəniyyət, təhsil və səhiyyə obyektləri, kənd və qəsəbələr salınmış, müasir infrastruktur formalaşdırılmış, dünya memarlığının ən yeni nailiyyətləri qədim Şərq memarlığı ilə üzvi surətdə sintez olunaraq gözəl binalar inşa edilmişdir.

Naxçıvan Muxtar Respublikası əlverişli coğrafi siyasi mövqeyə malikdir. Belə ki, Türkiyə Respublikası və İran İslam Respublikası kimi, turizm ehtiyatı böyük olan ölkələrlə həmsərhəd olması, Böyük İpək Yolunun üzərində yerləşməsi turizmin muxtar respublikada inkişafına şərait yaradan əsas amillərdəndir.

Burada tarixi-mədəni turizmlə yanaşı, turizmin ekoloji, ziyarət, müalicə, etnik, dağçılıq və digər növlərinin inkişaf etdirilməsi üçün münbit şərait vardır. Naxçıvanda bitən dərman bitkilərindən istifadə orqanizm üçün olduqca faydalı sayılır.

Muxtar respublikanın kəndlərinin çox hissəsi dağlıq ərazilərdə, çay vadilərində yerləşir. Geniş ərazi, münbit torpaq, saf su, təmiz hava, bol günəş – bunlar zəngin təbiət sərvətləridir. Bütün bunlar ekoloji turizmin inkişafı üçün mühüm amillərdir.

Hazırda muxtar respublika ərazisində 3 yasaqlıq, 1 milli park, 1 qoruq vardır.Ümumilikdə, muxtar respublika ərazilərinin 27 faizi xüsusi mühafizə altında olan ərazilərdir ki, bu da ekoloji tarazlığın qorunmasına ciddi yanaşan ölkələrdəki vəziyyəti qat-qat üstələyir. Əsrarəngiz təbiətə, gözəl flora və faunaya malik Şahbuz bölgəsi cazibədar məkanlar sırasında yer alıb. Bu yerlər təbii gözəllikləri ilə məşhurdur. İnsanı valeh edən meşələrlə örtülü dağların qoynunda yerləşən, şəlaləli çayları, soyuq bulaqları, güzgü kimi bərq vuran gölləri olan Şahbuz rayonu səyahət həvəskarlarının, təbiət vurğunlarının, turistlərin ən çox xoşladıqları məkanlardandır.
batabat-1
Daha çox üz tutulan ünvansa Batabatdır. Yayın qızmar çağlarında sərin havada, təbiətin qoynunda dincəlmək, üzən adanı görmək, Zorbulağın suyundan içmək həvəsi bu yerləri məşhurlaşdırıb. Əgər burada gecələmək istəyirsənsə, hər cür şərait var. Əgər ilin dörd fəslinin əlamətlərini görmək istəyirsənsə, o zaman Ordubad ərazisindəki Göygölə səyahət edəcəksən. Gözəl təbiət abidəsi olan Göygöl onu görənləri öz sehrinə salır.

Bütün bu sadalananlar ekoturizmin yarımnövü olan kənd yaşıl turizmin inkişafına da öz müsbət təsirini göstərir. Muxtar respublikada gedən sosial-iqtisadi inkişafın nəticəsidir ki, artıq ən ucqar dağ kəndlərində belə kənd yaşıl turizm həvəskarlarını qəbul edib onların istirahətini təmin etmək üçün hər cür imkan var. Ən ucqar dağ kəndlərində belə yüksək sürətli internet şəbəkəsindən və poçt-rabitə xidmətlərindən istifadə etmək mümkündür. Əsrarəngiz təbiət mənzərələri ilə insanı ovsunlayanBiçənək, Kükü, Nəsirvaz, Bist, Tivi, Şahbulaq, Xanəgah və adlarını sadalamadığımız onlarca belə yaşayış məntəqələrində kənd turizmi üçün əlverişli şərait mövcuddur. Şahbuz rayonunun Ağbulaq kəndi isə istirahət mərkəzinin salındığı ilk məkan kimi cəlbedicidir.

aqbulaq-11

Naxçıvan Muxtar Respublikasına üz tutan turistlər, eyni zamanda, kəndlərdə ekoloji cəhətdən təmiz, keyfiyyətli ərzaq məhsulları ilə qidalanacaqlar. Naxçıvan mətbəxində geni modifikasiya olunmuş məhsullara rast gəlmək qeyri-mümkündür. Hər məhsul təbii və ekoloji cəhətdən təmizdir. Muxtar respublika ərzaq məhsullarına olan tələbatın böyük hissəsini yerli istehsal hesabına təmin edir.

Süfrələrin bəzəyi olan “Badamlı”“Sirab” suları çox qiymətlidir. Azərbaycanın mineral su ehtiyatının 60 faizi muxtar respublikanın payına düşür.

Darıdağ arsenli suyu isə bir çox xəstəliklərin müalicəsində mühüm rola malikdir. Muxtar respublikanın müalicə mənbələri tək bu sularla məhdudlaşmır. Duzdağ Fizioterapiya Mərkəzi hər il xeyli sayda turist qəbul edir. Mərkəzdə bronxial-astma xəstələrinin müalicə edilməsi dünyanın müxtəlif yerlərindən bu məqsədlə gələn turistlər üçün çox yaxşı nəticələr verir.

duzdaq-1

Kurort zonaları yaxınlığında mehmanxanaların olması da mühümdür. Mərkəzin yaxınlığında dünyanın dörd bir yanından gələn turistləri qəbul edə biləcək yüksək standartlara cavab verən beşulduzlu “Duzdağ” oteli fəaliyyət göstərir.

Muxtar respublikada dini turizmin inkişafı üçün də real zəmin mövcuddur.Buradakı çoxsaylı ziyarətgahlar, imamzadə və pirlər, məscidlər də dini turizm həvəskarlarının diqqətini cəlb edən əsas amillərdəndir. Naxçıvanda dini turizmin inkişafı istiqamətində görülən işlər, dini-mədəni abidələrin bərpası və qorunması, təşkil olunan turizm marşrutları dini dəyərlərimizin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Qurani-Kərimdə adıçəkilən Əshabi-Kəhf mağarası Naxçıvan ərazisindədir. “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksində bərpa işləri aparılmış, turistlərin ziyarəti üçün lazımi şərait yaradılmışdır.

Xatırladaq ki, İslam Konfransı Təşkilatına üzv dövlətlərin turizm nazirlərinin 2009-cu il 13-15 oktyabrda Bakı şəhərində keçirilən VI konfransında Naxçıvan şəhəri 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan olunub.

Naxçıvana gələn turistlər Uzunobadakı çimərlik istirahət zonasının təklif etdiyi xidmətlərdən də faydalana bilərlər. Atçılıq aktiv istirahət, əsl həzz və sağlamlıqdır. Naxçıvan şəhərinin bir neçə kilometrliyində yaradılan Naxçıvan Atçılıq Klubunda atların yürüşü, məşq etdirilməsi, atüstü oyunların keçirilməsi üçün hərtərəfli şərait var.

Muxtar respublikanın çox hissəsini dağlıq ərazilər təşkil edir. Uca, sıldırım qayalar, əzəmətli dağlar Naxçıvanın təbiətinə özgə bir gözəllik qatır. Gələcəkdə dağ turizminin inkişafı da qaçılmazdır. 

Turizm ehtiyatları ilə yanaşı, həmin ölkədə müasir infrastrukturun olması da şərtdir. Bu baxımdan muxtar respublikanın sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin göstəricisi, həmçinin təhlükəsiz region olması turizmin inkişafında əsas detallardandır. Naxçıvan Muxtar Respublikasında 3 gömrük keçid məntəqəsi, 1 beynəlxalq hava limanı, 5 avtovağzal, 9 bank, iri ticarət mərkəzləri, 25 restoran-kafe fəaliyyət göstərir. Muxtar respublikanın hər bir bölgəsi müasir tələblərə cavab verən yol infrastrukturu ilə təchiz edilmişdir.

Muxtar respublika ərazisində turistlərin marağı nəzərə alınmaqla Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Gəmiqaya, Naxçıvan-Qarabağlar turist marşrutları hazırlanmışdır.
culfa-serur-yolu
Yüksək xidmət, sərfəli qiymət. Turizmin inkişafı kompleks yanaşmanı tələb edir. Hazırda muxtar respublikamızda fəaliyyət göstərən 21 mehmanxana və mehmanxana tipli müəssisələrin birdəfəlik qonaq tutumu 1448 nəfərdir. Bunlardan “Duzdağ” Otel və Təbriz mehmanxanası 5 ulduzludur. Otel və mehmanxanalarda çalışanlar üçün davamlı olaraq peşə məktəblərində təkmilləşdirmə kursları keçirilir, ixtisaslı kadrların işə cəlb edilməsi diqqətdə saxlanılır. Qeyd etmək lazımdır ki, turizm sənayesinin inkişafı məqsədilə Naxçıvan Dövlət Universitetində və Naxçıvan Universitetində “turizm və otelçilik ixtisası” fəaliyyət göstərir. Ötən dövrdə universitetlərin məzunları olmuş ixtisaslı kadrlar sahələri üzrə müvafiq işlə təmin olunmuşlar.

Hazırda muxtar respublikamızda 5 turizm firması fəaliyyət göstərir. Naxçıvan şəhərindəki 17-ci əsrə aid Zaviyyə-Mədrəsə binasında yerləşən Naxçıvan Turizm İnformasiya Mərkəzi muxtar respublikanın turizm potensialını tanıtmaq üzrə ixtisaslaşıb.

Mömünə xatın, əzəmətli təbiət abidəsi Haçadağ, yenilməzlik rəmzi Əlincəqala, eləcə də Azərbaycan xalqının birliyinin rəmzi – “Şərur yallısı” bu ulu torpağın simvollarındandır. El sənətkarlarının, folklor kollektivlərinin qatıdlığı xalq yaradıcılığı günlərinin keçirilməsi də Naxçıvanın daha bir rəmzinə çevrilmişdir. Yüksək səviyyədə təşkil olunan milli bayramlar, sərgilər, beynəlxalq festivallar da turistlərin marağını cəlb edir. Açıq havada rəngarəng konsert proqramları, aşıq havaları, el yallıları, milli rəqslər zövqlü anlar yaşadır. Sənətkarlar tərəfindən hazırlanan bir-birindən dəyərli və maraqlı əl işləri – suvenirlər turistin öz ölkəsinə apara biləcəyi ən yaxşı hədiyyədir. Ona görə də Naxçıvanda xalq sənətkarları üçün emalatxanalar yaradılmışdır. Bu emalatxanalarda müxtəlif xalq yaradıcılığı sahələri qorunur, ağac üzərində oyma, misgərlik, dulusçuluq, papaqçılıq, bədii tikmə, toxuculuq kimi qədim el sənətləri yaşadılır. Burada xalçaçılıq da geniş yayılmışdır. Bu gün dünyanın bir sıra muzeylərini bəzəyən nəfis Azərbaycan xalçalarına Xalça muzeyində tamaşa etmək və sənətkarların toxuduqları hədiyyəlik xalçaları alıb aparmaq olar.

eshabi-kef
Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında turizmin tarixi kökləri var. Ta qədim zamanlardan Naxçıvan səyyahların, elm adamlarının, səyahətsevərlərin marağında olub. Bu gün də muxtar respublika tarixi özündə yaşadan zəngin abidələri, gözəl təbiəti, sağlamlıq ocaqları, nəhayət, müasirliyi və inkişafı ilə turizm bölgəsi kimi tanınmağa iddialıdır. Füsunkar təbiətə, qədim tarixə, zəngin adət-ənənələrə malik Naxçıvan və qonaqpərvər, mehriban naxçıvanlılar sizin yolunuzu gözləyir.(xalqqazeti.com)

Ruhiyyə Rəsulova,
Naxçıvan Dövlət Televiziyasının baş redaktoru