Azərbaycanda ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsi, dini atributların və dini bayraqların nümayişi qadağan olunur.Bununla məşğul olan əcnəbilər maliyyə sanksiyası tətbiq olunmaqla, ölkədən deportasiya ediləcək.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni 516.0.3 maddəsi təklif olunur. (APA)
Yeni maddəyə görə, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənar yerləşdirilməsi qadağan olunur. Bu qadağalar pozulduğu təqdirdə, vətəndaşlar 2 000 manatdan 2 500 manata qədər, vəzifəli şəxslər 8 000 manatdan 9 000 manata qədər, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manata qədər cərimə olunacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2 000 manatdan 2 500 manat cərimə edilməklə, Azərbaycan ərazisindən inzibati qaydada çıxarılacaqlar.
Layihə Milli Məclisə təqdim olunub və parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq.