Ehtiyatlı olun: “Ay bəxtəvər, udmusan” deyib aldadırlar

0
4

Son günlər müxtəlif vasitələrlə vətəndaşları aldadaraq pullarını mənimsəyən fırıldaqçıların sayı artıb. Bu barədə virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

E.Hüseynovun sözlərinə görə, yalançı iş elanlarından sonra evlərə zəng vurub vətəndaşları aldadan şəbəkə peyda olub. “Son günlər vətəndaşların müxtəlif vasitələrlə aldadılmasının şahidi oluruq. Yalançı iş elanları ilə onlarla vətəndaş aldadıldı. Son günlər isə evlərə zəng vurub özünü firma nümayəndəsi kimi təqdim edənlər ortaya çıxıb”, – deyə E.Hüseynov əlavə edib.

Fırıldaqçı “firma nümayəndələrinin” iş üslubu belədir. Əvvəl “bəxtəvər” nömrə seçilir, vətəndaşa nömrəsinin uduşa düşdüyü bildirilir. “Təşkilatımıza müraciət edənlər şikayət ərizələrində göstərirlər ki, zəng vuran özünü Türkiyənin məşhur firmasının yerli nümayəndəsi kimi təqdim edib. Sonra 560 manatlıq tozsoran, 150 manatlıq tərəzi, 150 manatlıq ütü udduqları bildirilir. Vətəndaşı inandırdıqdan sonra növbəti texniki mallara 50 faizlik endirimli kupon təklif edilir. Təxminən 900 manatlıq avadanlıq və kupon üçün cəmi 180 manat ödəyən vətəndaşlar aldadıldıqlarını malların qiymətini öyrəndikdən və kuponun işə yaramadığını görəndən sonra anlayırlar”.

E.Hüseynov deyir ki, vətəndaşlara satılan malların ümumi qiyməti 100 manatdan da az olub. “Vətəndaş malları geri qaytarmaq üçün müqavilədə göstərilən ünvandakı mağazaya gedib. Bəlli olub ki, deyilən ünvanda mağaza yoxdur. Zəng olunan telefon isə söndürülüb. Vətəndaşlarla bağlanan müqavilə və zəmanət kağızı da onları inandırmaq üçün istifadə edilən vasitələrdən biridir”, – E.Hüseynov söyləyib.

Təşkilat rəhbəri şikayətləri İqtisadiyyat və Vergilər Nazirliyinə göndərib.