Məlum olduğu kimi, prezident İlham Əliyevin 2212 nömrəli Sərəncamı ilə “Konstitusiyada dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edildikdən sonra, bəzi dəyişikliklərlə ölkə başçısının Sərəncamı ilə Referendum Aktı layihəsi ümumxalq səsverməsinə çıxarılıb. Artıq 2016-cı ilin sentyabr ayının 26-na referendum təyin edilib.
Referendumdan sonra həyata keçiriləcək bir sıra dəyişikliklərlə bağlı maraqlı müzakirələr başlayıb və təkliflər səslənir. Belə ki, bəzi millət vəkilləri referendumdan sonra ölkədə böyük islahatların həyata keçiriləcəyini bildirirlər. Referendumdan sonra Nazirlər Kabinetinin və parlamentin buraxılacağı ilə bağlı fikirlər də səslənir.
Bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov çıxış edib. Millət vəkili indiki məqamda Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin önəmini vurğulayaraq deyib ki, vitse-prezidentlik institutu özünü doğrultduqdan sonra Nazirlər Kabinetinin məsələsinə baxıla bilər:
“Təxminən 10 ilə yaxındır ki, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması əsas müzakirəobyektidir. Nəhayət, bununla bağlı qərar qəbul edilib, referendum keçiriləcək. Yəni bu prosesdə faktiki olaraq müəyyən sahələr üzrə təyin olunan vitse-prezidentlər konkret cənab prezidentlə işləyəcəklər. Bu, çevikliyi artırmaq və gedən islahatları sürətləndirmək üçün çox böyük əhəmiyyət daşıyır”.
V.Əhmədov deyib ki, vitse-prezidentlik institutu özünü doğrultduqdan sonra Nazirlər Kabineti buraxıla bilər: “Ancaq sözügedən institut hələlik Azərbaycanda oturuşmadığı üçün Nazirlər Kabinetinin fəaliyyəti müəyyən müddət davam edəcək”.
Strateq.az xəbər verir ki, deputat Nizami Cəfərov isə “Reytinq” qəzetinə açıqlamasında vitse-prezident institutu formalaşandan sonra Nazirlər Kabinetinin özündə də müəyyən islahatlar aparmağın mümkünlüyünü deyib. Onun sözlərinə görə, bu, ikinci, üçüncü məsələdir. Çünki Referendum Aktından da hiss olunur ki, vitse-prezidentlərin görəcəyi böyük işlər olacaq:
“Bu saat dünyada çox mürəkkəb hadisələr baş verir. Azərbaycan da bu hadisələrdən kənarda deyil, eləcə də Azərbaycanın dövlət strukturunda xeyli irəliləmə müşahidə olunur. Artıq 25 illik müstəqillik təcrübəsi var və bu təcrübədən irəli gələrək müəyyən islahatlar aparılmalıdır. Mən düşünmürəm ki, burada təkrar olunacaq vəzifələrin sayı artır. Ciddi məsələlər var ki, onların üzərində analitik dayanılmalıdır. Yəni, prezident idarəçilik üsulunda bir islahat gündəmdədir”.
Nizami Cəfərov qeyd edib ki, referendum dəyişiklikləri Nazirlər Kabineti ilə birbaşa bağlı deyil. Bir sıra məsələlər var ki, onların həlli üçün vitse-prezident institutu lazımdır.
Parlamentin prezident tərəfindən buraxılmasına gəlincə, N.Cəfərov vurğulayıb ki, hazırkı Konstitusiya ilə də prezidentin parlamenti buraxmaq səlahiyyəti var.
Millət vəkilinin sözlərinə görə, son günlər prezidentin parlamenti buraxması və yeni seçkilərin keçirilməsi məsələsi müzakirə olunmaqdadır: “Əgər reallıq, ölkənin inkişafı, demokratiyanın tələbləri, idarəçilik texnologiyalarında yeniləşmələr əsas verəcəksə, belə bir qərarın qəbuluna qeyri-adi baxmaq olmaz. Təbii, bu qərar veriləndə əsaslandırılacaq ki, nə üçün yeni seçkilərə getmək lazımdır. Düzdür, hələlik bu barədə konkret məsələ yoxdur, amma mən mümkün variantla bağlı öz mövqeyimi bildirdim”.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev isə bildirib ki, referendum və onun nəticələri ilə bağlı hər hansı rəy bildirməyə tələsmək lazım deyil: “Ümumən mənim qənaətim bundan ibarətdir ki, hələ referendumun keçiriləcəyi günü, onun nəticələrini, həmin nəticələrin təsdiqini gözləmək lazımdır. Ən azından əldə hüquqi fakt və mükalimə yürütmək üçün əsas olsun deyə”.
E.Musayevin fikrincə, vitse-prezident postunun tətbiqindən sonra Nazirlər Kabinetinin buraxılma məsələsinə gəlincə, o, bunu asan prosedur saymır. Çünki Nazirlər Kabineti illər boyunca formalaşmış strukturdur, idarəetmədə yetərincə önəmi olan bir qurumdur:
“Amma yenə də öncədən nələrisə söyləmək çətindir. Hər halda, cənab prezidentin ümumi idarəetmə və struktur islahatları ilə bağlı yekun qərarı nə olacaqsa, hakimiyyət təbliğatçısı və iqtidar tərəfkeşi olaraq, həmin qərarı birmənalı şəkildə dəstəkləyəcəm”.
Millət vəkili parlamentin buraxılma ehtimalının reallaşacağına da inanmır: “Ən azından ona görə ki, bu parlamentin formalaşmasından heç bir il ötməyib. Deputatlar da səlahiyyətləri çərçivəsində üzərlərinə düşən işi, vəzifələri layiqincə yerinə yetiriblər. Üstəlik, ortalıqda bu ehtimalı yürütmək üçün konkret əsas və digər faktorlar da sezilmir.
Ona görə də hesab edirəm ki, parlament öz uğurlu və dövlətçiliyə sadiq fəaliyyətini 2020-ci ilə, yəni növbəti seçkilərə qədər davam etdirəcək”.
Hakimiyyət düşərgəsindəki adının çəkilməsini istəməyən mötəbər mənbəmiz isə iddia edir ki, referendumdan sonra ölkədə ciddi dəyişikliklər nəzərdə tutulub. Amma bu dəyişiklik planından çox az adamın dəqiq məlumatı var. Elə bu səbəbdən də bəzi deputatlar, hakimiyyətə yaxın siyasilər müxtəlif versiylar səsləndirirlər:
“Daha dəqiqi odur ki, bu referendum böyük dəyişiliklərin bünövrəsi olacaq. Yəqin ki, müəyyən müddətdən sonra gözlənilməyən qərarlar veriləcək və böyük dəyişikliklər başlayacaq. Təbii ki, Nazirlər Kabineti və parlamenitin buraxılması da reallaşa bilər”.
Strateq.az