HACI MƏHƏRRƏM 3 DİLİM PENDİRİ 6 MANATA SATIR
Bir neçə gündür ki, ölkənin aparıcı KİV-ləri Novxanıda yerləşən My Beach adlı çimərlikdə yaşanan dərəbəylik və soyğunçuluq haqda reportajlar dərc edir. Qeyd edək ki, həmin komplekse çimərliklə yanaşı həm də restoran aiddir. Azinforum.az-ın əməkdaşlarının həmin kompleksə aid restoranda apardıqları araşdırma zamanı məlum olub ki, My Beach-in restoranında olan soyğunçuluq heç də çimərliyindən geri qalmır. Özünü elit sayan bu restoranda masaya xidmət edən ofisiant tapmaq müşkül məsələdir. Maraqlıdır ki, dənizin kənarında olan restoranda çay sifarişi qəbul olunmur.
Xidmətçilər bildirirlər ki, çay (özü də baha qiymətə- Azinforum.az ) yalnız yemək yedikdən sonra verilə bilər. Bu yaxınlarda jurnalist həmkarlarımızdan birinin yazdığına görə, o My Beach-in çimərliyinə 10 manat ödəyib girərkən, dərin yoxlamaya məruz qalıb və onun çantasında olan uşağı üçün götürdüyü yoqurd və soku “müsadirə” ediblər. Aydındır ki, bunların hamısı kompleksin “ceyranın belində” olan qiymətlərində satılan məhsulları müştərilərə sırımaq üçün edilir.
Heç bir turizm və ölkə qanunları ilə uyğunlaşmayan arxayınçı fəaliyyəti bizi My Beach-in kimə məxsus olduğu ilə maraqlanmağa sövq etdi. Apardığımız dəqiqləşdirmədən sonra, məlum oldu ki, My Beach kompleks daha çox tikinti biznesilə məşğul olan məşhur “Qurtuluş 93” Yaşayış Kompleksinin sahibi Hacı Məhərrəm Novruzova məxsusdur. Bu iş adamı bəzi tənələr və tənqidlərdən yaxa qurtarmaq üçün My Beach-i türklərə icarə verdiyini desə də, demək olar ki, hər gün kompleksdən onun üçün ayrılan hamamlı, divanlı kotecdə əyləşir. Bu iş adamının tikinti sektorundakı reputasiyası barədə məlumat əldə etmək üçün, internetdə bir axtarış vermək kifayət edir. Deyəsən, Hacı Məhərrəm həmin sahədə qazandığı təcrübəni indi də xidmət sektorunda sınamaq istəyir.
Bütün danışıqlarda əslən naxçıvanlı olduğunu və özünü hakimiyyətə çox yaxın adam kimi təqdim edən bu Hacı restoranında 3 pomidior, 3 xiyar bir, bir balaca da göyətinin adına “Tərəvəz səbəti” qoyaraq, yayın günündə onu müştərilərə 5 manata soxuşdurur. Cəmi 6 nazik dilimdən ibarət olan pendirə isə 6 manata qiymət qoyub. Biz hələ başqa qiymətlərdən danışmırıq. Azinforum.az fakt olaraq restoran tərəfindən qiymətləndirilən menyunu təqdim edir.
ÇİNARƏ SEYİDOVA
AZİNFORUM.AZ