Cahangir Hacıyev ailə üzvlərinə 16 plastik kartla kredit ayrılmasını etiraf edib

0
4

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Günün ikinci yarısında keçirilən prosesdə C.Hacıyev ifadə verib. Lent.az-ın məlumatına görə, o, saxlanılma şəraitindən narazı olduğunu bildirib: “Xahiş edirəm ki, bu məsələlərə qanun çərçivəsində baxasınız. Cinayət işini Baş Prokurorluğunun əməkdaşlarının aparılmasını istəyirəm. İttiham aktında 211 milyon manat ziyan vurmağım qeyd edilib. Lakin nə qədər toplayıb, hesablayırsan bu rəqəm çıxmır. Mənim və yaxınlarımın 5 milyon manata yaxın səhimlərimiz olub. Onun 2 milyon manata yaxını isə mənimdir. Niyə bu vəsait kreditə ödənilməyib? Bu kreditlər layihələrə ödənilib”.

Bundan başqa, C.Hacıyev deyib ki, 15 il Beynəlxalq Bankda sədr işləyib: “Mən devalvasiya əlehinə olmuşam. Devalvasiya zamanı Beynəlxalq Bank bir gecənin içində 130 milyon manat itirib. Oradakı menecmentlərin sayəsində aktivlərin dəyişməsində 7-9 milyon manat ziyanla çıxdı. Əgər menecmentlərin səyi olmasaydı, dəyən ziyan 150 milyon manat olacaqdır”.

Sabiq bank sədri qətiyən özünü təqsirli bilmədiyini deyib. Daha sonra C.Hacıyev dövlət ittihamçısının suallarını cavablandırıb. O, ailə üzvlərinin adına 16 plastik kartla kredit ayrılmasını etiraf edib: “Ailə üzvlərim həmin kredit kartlardan istifadə edib”.

Beləliklə, məhkəmənin növbəti iclası avqustun 26-na təyin edilib.