Elnur Aslanov ölkədən çıxıb? –Onun Harvarda oxumağa gedəcəyi xəbəri yayılıb

0
5

Vaxtilə adı Gülən camaatı ilə əlaqədə hallanan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri Elnur Aslanov ölkədən gedib.

Bu haqda məlumatı Axar.az saytı yayıb.

Saytın bildirdiyinə görə, E.Aslanov məzuniyyətə çıxıb və məzuniyyətdən sonra vəzifəsinə geri qayıtmayacaq.

Nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsi də faktı təsdiqləyib: “Elnur Aslanov bir həftə əvvəl öz istəyi ilə məzuniyyətə çıxıb. Məzuniyyət dövrünün nə qədər davam edəcəyi və onun ölkədə olub-olmadığını bilmirik. Ola bilsin ki, sentyabrda işə qayıtsın, ola bilsin ki, məzuniyyət müddəti uzansın. Bu barədə dəqiq məlumatımız yoxdur”.

Strateq.az-a bir başqa mənbədən verilən məlumata görə, Elnur Aslanov bir müddət əvvəl yaxın dostlarına bildiribmiş ki, o, təhsil dərəcəsini yüksəltmək fikrindədir və bu məqsədlə Harvard Universitetinə oxumağa getmək istəyir.

Qeyd edək ki, E.Aslanov 19 dekabr 2007-ci ildə Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri təyin edilib. Adı Gülən camaatna xidmətdə hallanan E.Aslanov 17 mart 2014-cü ildə vəzifəsindən azad edilib.

E.Aslanov Milli Məclisin keçmiş deputatı Rəbiyyət Aslanovanın oğludur.