“BAŞA DÜŞDÜM Kİ, BU ÖLKƏDƏ HEÇ KİM HEÇ KİMİN KİTABINI OXUMAQ İSTƏMİR”

0
4

Vüqar Əliyev: “2004-CÜ İLDƏ QƏRAR VERDİM Kİ, AZƏRBAYCANI TƏRK ELİYİM“

 

Bizim ağır atletimiz Qazaxıstanın bayrağı altında Rio olimpiadasının çempionu olub, dünya rekordunu 4 kilo civarında təzələyəndə, mən Gəncədəydim. Açığı, idmançımızın uğuruna çox sevindim, kimsənin düşünə bilməyəcəyi qədər çox. Elə bir o qədər də qəzəbə boğuldum, əsəblərim tarıma çəkildi. Axı, bu necə ölkədi ki, bizim gül kimi uşaqlarımız gedib başqa dövlətlərin bayrağını qaldırırlar. Özümüz isə Zimbabve zəncilərindən tutmuş, keçmiş sosialist ölkələrinin üçüncü dərəcəli idmançılarına qədər, harda nə qədər dələduz var,  ətək-ətək pulla gətirib burda guya yığma komanda düzəldirik. Tək bircə olimpiya medalı üçün harda gəldi, kimə gəldi astronomik ölçülərdə rüşvət təklif edirik. Axırda onun da, ya zibili çıxır, dünyada biabır oluruq, ya da pulu bəri başdan nəğd şəkildə almış “idmançılarımız” elə ilk aeroportdaca yoxa çıxırlar. Yenə də biabırçılıq, yenə də analoqsuz idman siyasətinin fiaskosu. Bir kimsənin də nə cınqırı çıxır, nə səsi eşidilir. Sanki elə belə də olmalıymış…

Bu dərdimiz təkcə idman sahəsi ilə bitsəydi nə vardı ki. Azərbaycanın yüzlərlə alimləri, minlərlə həkimləri, mühəndisləri, mədəniyyət və incəsənət adamları, misiqəçiləri indi dünyanın çeşidli, bizim üçün yad olan, ölkələrində çox uğurlu fəaliyyət göstərir və hərəsi öz sahəsində həmin ölkələrin inkişafına xidmət etməkdədilər.  Elə bu günlərdə yaxın dostların aracılığı ilə tanış və həmsöhbət olduğum Vüqar Əliyev də  illər öncə buradakı haqsızlıqlara arxa çevirib, qanunsuzluqlardan bezərək ölkəni tərk etmiş istedadlı soydaşlarımızdan biridi. Hazırda qardaş Türkiyənin teatr və kino sahəsində sayılıb seçilən mütəxəssislərdən biri kimi çalışmaqdadı və yaşına görə də xeyli uğurlar qazana bilib. Məhşur “Kurtlar vadisi” serialında, həmçinin də bir sıra digər serial və filmlərdə önəmli rollara çəkilib. Bir sözlə, ölkəmizi tərk etməsindən də, qardaş Türkiyə olsa belə, başqa bir dövlətdə, özgə bir məmləkətdə işinə, əməyinə verilən qiymətdən də, işlədiyi şəraitdən də, kəndinə göstərilən münasibətdən heç bir narazılığı yoxdur. Təbii ki, özünün də dediyi kimi, bir vaxtlar ölkəni tərk etmiş olmasaydı, bəlkə də çoxdan sevdiyi peşəsinə əlvida deyib,  teatr-kino sahəsindən ayrı düşərək,  ya “Sədərək”də corab, ya da “Binə”də tuman-köynək satırdı. Bax belə. Bizim övladlarımızı bizə, ölkəmizə, millətimizə və dövlətimizə xidmət etməkdən perik salan bir zehniyyət və bu zehniyyətdən doğan siyasət hakimdi indi Azərbaycanda.

Anlayacağınız, bu dəfəki müsahibim, qardaş Türkiyədə teatr və kino sənətinin uğurları üçün çalışan soydaşımız  Vüqar Əliyevdi.

Sərdar Əlibəyli

 

II hissə

 

  • O başqa şeylərin nədən ibarət olduğunu demədilər?

 

  • Nəsə deməyə ehtiyac yox idi ki. Onsuz da gedib gəldikcə özüm hər şeyi görürdüm. Demək, biz binaya baxış keçirəndən sonra, həmin binanı kimlərəsə icarəyə veriblər. Hesab eləyin ki, teatr üçün nəzərdə tutulan binanın bir hissəsini təmir eləyib, qarşı tərəfdən əlavə qapı açaraq, hüquq məsləhətxanası eləmişdilər. Giriş qapısının yanını isə ofis kimi düzəldib Türkiyəyə gedib-gələn avtobusların sahibinə icarəyə vermişdilər. Foye isə süni arakəsmələrlə bölünərək, ayrı-ayrı otaqlar şəklində tam icarəyə verilmişdi. Işləri belə görüncə, nəhayət ki, bunlara bildirdim ki, siz, sadəcə biz bu binanı sizə vermirik, vermək istəmirik deyin, məsələ bitsin. Bir də ki, bizim əlimizdə hər hansı yazılı sərəncam-filan da yox idi, sadəcə prezident Heydər Əliyevin şifahi tövsiyyəsindən sonra hər şey başlanmışdı. Bir müddət sonra yenidən müvafiq idarələrlə əlaqə saxladıq və bizə dedilər ki, siz nə danışırsınız, Heydər Əliyevin şəxsi tapşırığı var və bina sizindi, gedin sahib çıxın. Bundan sonra yenidən həmin binaya gəldik və bəlli oldu ki, bina o vəziyyətə gətirilib ki, artıq orada teatrın işləməsi mümkün deyil.

 

  • Neyləmişdilər ki, binaya?

 

  • Dedim axı, binanı dilik-dilik bölüb onlarla firma, təşkilat və şəxslərə icarəyə vermişdilər. Təbii ki, həmin adamlardan da icarə haqqı alırdılar. Bəlkə müqavilə imzalayanlar filan da var idi. Belə ki, hətta o binaya teatrı köçürsəydik belə, ya o icarədarlarla bir arada işləməliydik, ya da onların binanı tərk etmələri üçün aylarla vaxtımız boşuna gedəcəkdi. Beləcə aradan bir az da vaxt keçdi və 2000-ci ilin əvvəllərinə gəldik. Bir gün teatrın direktoru Vidadi Əliyev məni yenidən Mədəniyyət Nazirliyinə göndərdi ki, get gör məsələ nə yerdədi. Mədəniyyət Nazirliyində İncəsənət Baş İdarəsinin rəisi vəzifəsində çalışan Əliqismət Lalayev adlı adam var idi. Onunla görüşdüm. Əliqismət Lalayev yenidən mənə “axı sən kimsən ki, bu işlərlə məşğul olursan?” dedi. Bildirdim ki, mən teatrın direktor müaviniyəm və məni də bura teatrın direktoru göndərib. Bir daha o adamın nəzərinə çatdırdım ki, axı məsələni niyə bu qədər qəlizləşdirirsiniz, bu bina İrəvan teatrına verilir, ya verilmir, onu deyin işimizi bilək. Yox, olmaz dedi. Qayıdıb teatra gəldim. Görünür mən ordan çıxandan sonra direktora zəng vurub nəsə demişdilər. Biz də direktorla 11 il idi ki, bir yerdə işləyirdik və bir-birimizi yaxşı tanıyırdıq. Gələn kimi mənə dedi ki, istəyirəm səni direktor müavinliyindən azad eləyim. Dedim ki, vəziyyəti başa düşürəm və bilirəm niyə müavin vəzifəsindən kənarlaşdırıldığımı. Düzdü, o mənə desə də ki, özü belə istəyir, ancaq, bu, belə deyildi. Nə isə, növbəti gün teatra gələndə gördüm ki, mənim müavin vəzifəsindən azad olmağımın əmrini divardan asıblar və məni ali aktyor  vəzifəsinə keçiriblər. Bunun qanunvericiliyin tələblərinə zidd olduğunu bilirdim və orda yazılır ki, teatrda aşağı vəzifəyə səbəbsiz keçirilə bilmək üçün mənim yazılı ərizəm və razılığım olmalıdı. Təbii ki, mən də bu əmrlə razılaşmadım və məsələni aydınlaşdırmaq üçün Mədəniyyət Nazirliyinə getdim. Nazirlikdə eşitdim ki, həmin Əliqismət Lalayev gedib nazir Polad Bülbüloğluna deyib ki, guya mən onu kabinetdə döymək istəmişəm, əlimdən zorla qaçıb. Bu haqda mənə Mədəniyyət  Nazirinin müavini Ədalət Vəliyev danışdı.  Təbii ki, bu deyilənlərə etiraz elədim, mən heç kimi nə döymüşdüm, nə də döymək istəmişdim. Tək problemim də o idi ki, ölkə başçısının verdiyi tövsiyyənin ardınca getmişdim ki, bu tövsiyyəni yerinə yetirirlər yoxsa yox.  Artıq direktor müavini vəzifəsindən ali dərəcəli aktyor vəzifəsinə keçirilməyim barədə sərəncam var idi. Sadəcə bu eşitdiklərin həmin sərəncamın necə meydana gəlmə səbəbini aydınlatdı.

 

  • Sizcə bu situasiyada teatrın direktoru Vidadi Əliyev sizi satdımı, yoxsa bu addıma məcbur edildi?

 

  • Məncə məcbur edildi. Vidadi Əliyev mənim uzun müddət tanıdığım normal bir mədəniyyət işçisi – teatr adamı Həm də biz uzun illərdi ki, dost idik. Amma bu söhbətlərin gedişində mən ona demişdim ki, Vidadi müəllim, belə şeyləri nahaq eləyirsən, çünki sən məni işdən çıxarandan sonra sənin özünü də işləməyə qoymayacaqlar. Hətta uzun illərdi teatrda aktyor vəzifəsində çalışan həyat yoldaşı Elmira Əliyeva da ona demişdi ki, əgər bu gün Vüqarı teatrdan çıxardıllarsa, sabah da sənin özünü çıxaracaqlar. Əslində elə də oldu, mən teatrdan gedəndən iki ay sonra Vidadi Əliyevin də əmrini verdilər.

 

  • Vidadi Əliyev işdən çıxandan sonra o haqda heç söhbətiniz oldumu?

 

  • Bəli, oldu, o artıq etiraf elədi ki, məni işdən çıxartmağa məcbur edilib. Zatən başa düşürdüm ki, bu onluq deyil və mən əslində birbaşa onun tapşırığını yerinə yetirməkdən başqa neyləmişdim ki, belə israrla işdən çıxartmaq qərarına gələydi. Artıq dediyim kimi, mən müavin vəzifəsindən ali aktyor vəzifəsinə keçməklə razılaşmadım, hətta məhkəməyə müraciət eləmək qərarına gəldim. Işləri məhkəməyə hazırladığım zaman, yaxın dostlardan biri mənə zəng vurub dedi ki, prezident aparatından Hidayət Orucov səninlə görüşmək istəyir. Bəri başdan onu da qeyd edim ki, Hidayət Orucov, Mədəniyyət Nazirinin müavini Ədalət Vəliyevin doğma dayısıdı.

 

  • Dostunuz kim idi, tanınmışlardan idi, yoxsa …?

 

  • Yox, tanınan biri deyil, adi dostlarımdan idi. 2000-cu ilin iyun ayının neçəsi oduğu yadımda deyil, amma dəqiq şənbə günü idi. O gün həm də ona görə yadımda qalıb ki, mən gedəndə Hidayət Orucovun katibəsi yerində deyildi, çünki şənbə günü onların iş günü olmur. Saat 4-də Hidayət Orucovun yanına gəldim. O, mənə dedi ki, sənin atanla biz dost olmuşuq, o mənim qardaşım olub, daha nələr nələr. Sonra da əlavə elədi ki, eşitmişəm məhkəməyə müraciət eləmək istəyirsən, bir əmi kimi sənə məsləhət görürəm ki, o fikrindən vaz keç, hər həftənin cümə günü burda müşavirə olur və sizin nazir də ora gəlir. Mən sənin məsələni nazirlə danışacam və səni öz yerinə bərpa elətdirəcəm. Mən də baxdım ki, dövlət müşaviri səviyyəsində bir adam məndən xahiş edirsə, sözünü çevirmək yaxşı düşməz. Dedim ki, yaxşı, siz mənə bu cür söz verirsinizsə, mən məhkəməyə getməyəcəyəm. O dövrdə artıq teatr tətilə getməyə hazırlaşırdı. Düşündüm ki, hələ qabaqda sentyabra kimi vaxt var, yəqin ki, o vaxtacan hər şey yoluna girər. Ordan gəlib evdə oturdum. Və o oturan, bu oturan sentyabra qədər heç bir xəbər çıxmadı. Sentyabrda hamı kimi mən də teatra gəldim və gördüm ki, orada mənə hamıdan fərqli münasibət var, sanki mən heç burda işləmirəm. Gəlib direktordan soruşanda dedi ki, sən artıq burda işləmirsən.

 

  • Direktor hələ Vidadi Əliyev idi?

 

  • Yox Vidadi Əliyev artıq işdən çıxmışdı. Direktor başqa adam idi və o dedi ki, məndən əvvəl sənin sərəncamını verib işdən çıxarıblar. Mənim artıq aktyor olduğumu bildirdi və əlavə etdi ki, aktyorlar sentyabr ayından yeni müqavilə imzalayırlar. Sənin də müqavilən olmadığından artıq burda işləyə bilməzsən. Ordan çıxıb Hidayət Orucova zəng elədim. Görüşəndə nömrəsini mənə vermişdi. Telefonda mənə dedi ki, nə istəyirsiz gedin eləyin, mən bu işlərə qarışmıram. Onu da əlavə etdi ki, mən burda oturub milli məsələlərlə məşğulam, teatr ayrı sahədi və milli məsələlər sahəsinə aid deyil. Mən də bildirdim ki, Hidayət müəllim, əgər bu məsələlərə qarışmırsınızsa, o zaman 3 ay əvvəl mənə niyə söz verirdiniz? Təbii ki, mənə cavab vermədi və dəstəyi asdı. Bütün bu olanlardan sonra ortada yapacaq bir şey qalmamışdı. Hələ əvvəlcədən teatrın nəzdində bir dərnək yaratmışdım və orda uşaqlara aktyorluq sənətini tədris eləyirdim. Bir gün mənə dedilər ki, mədəniyyət nazirliyindən iki nəfər müfəttiş gəlib sənin burdakı fəaliyyətini araşdırır. Gəlib müfəttişlərlə görüşdüm. Onlar özləri mənə dedilər ki, iki aydı burda işləyirik, amma səninlə bağlı bir şey tapa bilmədik. Demək bunlar mənim barəmdə nəsə tapıb fakt qarşısında qoymaq istəyirlərmiş ki, sənin burda belə problemlərin var. Açığını deyim ki, mənim teatrda işlədiyim müddətdə heç bir gəlirim filan olmayıb, sadəcə maaşa işləmişəm. Bütün işləri də qanuni əsaslarla görmüşdüm. Beləcə olub-bitənlərə baxdım və düşündüm ki, bundan sonra geriyə öz işimə qayıtsam nə olasıdı ki? Təzədən mənim orda işləməm mümkün olmayacaq. Bu xüsusda da məhkəmələrə baş vurmağı-filanı artıq vaxt itkisi hesab elədim. Bir sözlə, başından bəri danışdıqlarımdan sizin də gördüyünüz kimi, başa düşdüm ki, bu ölkədə heç kim, heç kimin kitabını oxumaq istəmir. Bu düşüncələr içərisində illər ötdü və 2004-cü ildə qərara gəldim ki, Azərbaycanı tərk eləyim. Hara gedim və harda qərar tutum məsələsi barəsində söhbətin əvvəlində danışdım. Bir sözlə, Türkiyəyə getmək qərarına gəldim. Dostumuz Sabir Rüstəmxanlı elə mənim yanımda Türkiyədəki dostlarınnan telefonla danışdı. Turan Yazqanla Sabir bəyin danışığından sonra o, “gəlsin” – dedi, “burada gərəkən köməkliyi göstərərəm”. Beləliklə, İstanbula gedəsi oldum və orda Turan hocamızla görüşdüm.  Elə görüşdüyümüz andaca İstanbul radiosunda çalışan Meral Deniz adlı bir qadınla danışdı. Ondan sonra isə Turan bəy, Zəfər Karaçayla telefon əlaqəsi yaradıb mənə işimlə bağlı kömək göstərməsini istədi. Sonra gedib hər ikisi ilə görüşdüm. Beləliklə, yavaş-yavaş yaxşı dostlar və türk dünyasında tanınan kişilərin yaxından dəstəyi ilə İstanbulda radio və televiziya qurluşlarında işləməyə başladım. Bir müddət sonra, səhv etmirəmsə, yanvar ayının 19-da “İffət” adlı 90 dəqiqəlik ilk filmim efirə getdi. Beləcə, işlərin gedişində baxdım ki, hər şey qaydasına düşür və yavaş-yavaş müxtəlif seriallardan və bədii filmlərdən təkliflər almağa başladım.
  • Dediyin kimi, Türkiyəyə gəldin və yavaş-yavaş işlər qaydasına girdi. Artıq Türkiyənin sənət dünyasında az-çox tanınan isimlərindənsən. Sırf yaradıcılıq və yaradıcı adamlara münasibət baxımından oraynan buranın fərqi çoxdumu?

 

Davamı var

Əvvəli bu linkdəhttp://milletim.info/2016/08/19/cixin-bir-k%C9%99lm%C9%99-deyin-ki-biz-olk%C9%99-prezidentinin-tovsiyy%C9%99sini-q%C9%99bul-etmirik/