Ötən həftə İstanbulda güllələnən məşhur kriminal avtoritet Rövşən Canıyev (Lənkəranski) arxayınçılığının güdazına gedib. Virtualaz.org xəbər verir ki, bu haqda “Rosbalt”a situasiya ilə tanış olan mənbə bildirib.
Mənbənin sözlərinə görə, Rövşən Canıyev son vaxtlar təhlükə hisslərini bir qədər itirmişdi. “O hesab edirdi ki, oğru dünyasında silahlı əməliyyat aparmağa qadir olan az qala tək özüdür. Gördüyümüz kimi, səhv etdi”-mənbə qeyd edib.
Onun sözlərinə görə, əvvəllər Rövşən İstanbulda təhlükəsizlik tədbirlərinə ciddi riayət edirdi, lakin sonradan bir qədər arxayınlaşdı. Onun İstanbulun Barbaros bulvarı rayonundakı həmin otelin sahibi ilə dostluq münasibətləri yaranmışdı. Rövşən otelin mərtəbələrindən birinin yarısını götürmüşdü və oranı özünün mənzil-qərargahına çevirmişdi.
“Canıyevin icarəyə götürdüyü həmin yerə kənar şəxslərin girişi qadağan idi. Rövşən tədbir keçirəndə otelin restoranına sadə müştərilər girə bilərdi, ancaq onları çox sərt yoxlamadan keçirirdilər, azacıq şübhə doğuranları buraxmırdılar. Rövşən özü İstanbulda kottecdə yaşayırdı. Ancaq heç kimə sirr deyildi ki, Rövşəni həmin oteldə tapmaq olar. Nəticədə olan oldu”-mənbə bildirib.
“Rosbalt” qeyd edir ki, Zaxari Kalaşovun (“Şakro Molodoy”) həbsindən sonra kriminal aləmdə liderliyi Rövşən Lənkəranskinin düşmənlərindən Laşa Şuşanaşvili üzərinə götürmək istəyir. Lakin Rövşənin və onun müttəfiqi Merab Canqveladzenin sağlığında bunu etmək çətin olardı. İndi Rövşən yoxdur, Merabı isə killerlər izləyir. Əgər onu ada aradan götürsələr “Laşa”nın elə ciddi düşməni qalmayacaq.