“Gilan” iddialara cavab verdi:“350 yeni işçi qəbul etməyi planlaşdırırıq”

0
4

Bir müddət əvvəl saytımızda “Gilan Tekstil Parkı” MMC-in fəaliyyətilə bağlı məqalə dərc olunmuşdu. Məqalədə bildirilirdi ki, sözügedən müəssisədə kadr çatışmazlığı üzündən Azərbaycanın bir sıra dövlət sifarişləri xarici ölkələrə verili. Bununla bağlı konkret fakt da səsləndirmişdi. Bildirilmişdi ki, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının kamuflyaj formaları üçün parçanın toxunması Afrikanın ən yoxsul ölkələrindən Sudanın bir trikotaj fabrikinə sifariş verilib…

Yazıda səslənən fikirlərlə bağlı “Gilan Tekstil Parkı” MMC rəsmi mövqeyini ünvanlayıb və deyilənləri yerində yoxlamaq üçün əməkdaşımızı müəssisəyə dəvət edib.

Hələlik müəssisənin saytımıza ünvanladığı mövqeni təqdim edirik:

Strateq.az saytında 16 avqust 2016-cı il tarixində dərc olunmuş

““Gilan” Holdinqdə qalmaqal: Fəhlələr niyə tətilə çıxıb?” başlıqlı

məqaləyə cavab

“GİLAN TEKSTİL PARK” MMC 2012-ci ildə Sumqayıt şəhərində fəaliyyətə başlayıb. Müəssisənin nəzdində iplik, toxuma, boya və tikiş fabrikləri mövcuddur. Fabriklərdə dünyaca tanınmış “Rieter”, “Picanol”, “Karl Mayer”, “Juki”, “Automatex” və s. istehsalçıların avadanlıqları quraşdırılıb. Müəssisə müxtəlif çeşidli iplik, toxuma və hörgü, xam və boyanmış parçalar, ev tekstili məhsulları və geyim əşyaları istehsal edir. “GiLTEX” əmtəə nişanlı məhsulları Azərbaycanın əksər ixtisaslaşmış mağazalarında və şəbəkə supermarketlərində əldə etmək mümkündür. Ən qısa zamanda Sumqayıtda ilk fabrik satış mərkəzi fəaliyyətə başlayacaqdır. GİLAN TEKSTİL PARK İSO 9001:2008, İSO 14001:2004, OHSAS 18001 standartlarına cavab verir, istehsal olunan məhsullar qüvvədə olan AZS standartlarına əsasən Uyğunluq sertifikatlarına malikdir.

Qeyd olunduğu kimi, GİLAN TEKSTİL PARK-ın əsas istehsal istiqamətlərindən biri toxuma və hörgü parçaların istehsalıdır. Onların arasında 100% pambıq iplikdən istehsal olunan müxtəlif təyinatlı toxuma və hörgü parçaları ilə yanaşı,  geniş çeşiddə 100% pambıq, pambıq-polyester qarışığı olan işçi geyimi və xüsusi təyinatlı sukeçirməz, odadavamlı, kamuflyaj parçaların istehsalı üzrə GİLAN TEKSTİL PARK-ının  geniş təcrübəsi mövcuddur. Belə ki, 2015-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuların, xüsusi məktəb, DSX Akademiyası üçün geyim təchizatı, o cümlədən kamuflyaj təchizatı tamamən müəssisə tərəfindən həyata keçirilib. Bununla yanaşı GİLAN TEKSTİL PARK tərəfindən Azərbaycanda fəaliyyət göstərən digər iri Tikiş fabrikləri kamuflyaj parçası daxil olmaqla müxtəlif çeşiddə parçalarla təchiz edilir və onlarla strateji tərəfdaşlıq edilir. Misal üçün, Azərbaycan Respublikası Silahlı Qüvvələri, Daxili Qoşunları və əksər digər güc strukturlarını geyim və digər tekstil məhsulları ilə təmin edən “BAKI TİKİŞ EVİ” ASC belə daimi tərəfdaşlardan biridir və bu fabrik həmin məqsədlərlə müəssisənin istehsal etdiyi parçalardan istifadə edir.

GİLAN TEKSTİL PARK-ın malik olduğu ən müasir dəzgah parkının istehsal gücü ölkədaxili tələbatdan artıq olduğu üçün fabriklərin tam güclə fəaliyyət göstərməsi məqsədilə xarici bazara çıxmaq istiqamətində müxtəlif tədbirlər görülür. Müəssisə beynəlxalq nüfuzunu artırmaq, yeni tərəfdaşları əldə etmək üçün 2016-cı il ərzində ölkə xaricində iki sərgidə iştirak edib və növbəti birində iştirak etməyə hazırlaşır. Artıq bu gün Türkiyə kimi tekstil istehsalçı-ölkəsində müəssisənin məhsulları yüksək nüfuza malikdir və onlara ciddi tələbat var. Ev tekstili və parça satışı üzrə MDB ölkələri ilə geniş ticarət münasibətləri mövcuddur. Müəssisənin cari satışının 20% ixrac təşkil edir və bu payın artırılması məqsədilə iş aparılır.

Hazırda GİLAN TEKSTİL PARK-da 650 nəfərdən artıq işçi çalışır. Onların əksəriyyəti Sumqayıt şəhəri və onun ətrafında yaşayan sakinlərdir. Mövcud qlobal iqtisadi böhran dövründə, inkişaf etmiş ölkələrdə işsizliyin yüksəldiyi zaman müəssisə ştatını artırır, daha çox Azərbaycan ailəsinin gəlir mənbəyinə çevrilir.

GİLAN TEKSTİL PARK üzrə hazırda orta əmək haqqı 300 manatdan yuxarıdır.Bu məbləğ müəssisəmizin yerləşdiyi Sumqayıt şəhəri üzrə orta əmək haqqından artıqdır. Müntəzəm olaraq, GİLAN TEKSTİL PARK-da uzun müddət səmərəli fəaliyyət göstərən əməkdaşların əmək haqları artırılır. Bunu müvafiq statistik hesabatlar, nəzarət edən səlahiyyətli icra hakimiyyəti orqanları, ən əsası isə müəssisənin yerləşdiyi və əksər işçilərinin yaşayış ünvanı olan Sumqayıt şəhərinin sakinləri müşahidə edib təsdiqləyirlər.

Müəssissə Sumqayıt şəhərində ən arzuolunan və nüfüzlu işəgötürən şirkət kimi tanınır və gündəlik daxil olan yüzlərlə iş müraciətləri bunu sübut edir. Bu prosesin davamlı olması və şirkətin dayanıqlığına xidmət etməsi üçün zəruri tədbirlər görülür.  Hal-hazırda GİLAN TEKSTİL PARK-da 50-dən artıq boş iş yerinə işçi qəbulu həyata keçirilir. Cari ilin sonunadək Gilan Tekstil Parkı əlavə 350 yeni işçi qəbul etməyi planlaşdırır və bununla da müəssisədə 1000 nəfər işçi daimi iş yeri ilə təmin olunacaqdır. Şirkət işçilərini əvəzsiz olaraq keyfiyyətli nahar yeməyi, fərdi mühafizə vasitələri və uniforma ilə təmin edir, onların həyat və sağlamlığının müdafiəsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər həyata keçirməklə yanaşı, xaricdən dəvət olunan təcrübəli mütəxəssislərin iştirakı ilə işçilərin peşəkar biliklərini artırmaq məqsədilə  daxili təlimlər keçirir.

Bundan əlavə GİLAN TEKSTİL PARK tekstil sahəsində yerli kadrların inkişafı üçün Respublikada fəaliyyət göstərən bir neçə ali təhsil müəssisələri ilə davamlı olaraq  stratejı tərəfdaşlıq edir və tələbələrin istehsalatda təcrübələrini keçirilməsi və inkişafı üçün əvəzolunmaz rol oynayır. Bələ ki, yalnız cari il ərzində GİLAN TEKSTİL PARK-da 18 tələbə təcrübə proqramı keçib, onlardan 2 tələbə yay təcrübə proqramı bitdikdən sonra işə qəbul edilib.

“GİLAN TEKSTİL PARK” MMC qısamüddətli və uzunmüddətli inkişaf strategiyalarına malikdir. Onların həyata keçirilməsi üçün müəssisənin rəhbər və işçi heyəti, təsisçisi GİLAN HOLDİNQ daim və əzmkarlıqla çalışır. Artıq indi müəssisə nümunəvi istehsalçı və  ixracatçı şirkət kimi tanınır və bu, hələ yolun əvvəlidir…