Girdiman çayına təhlükəli maddə axıdılıb:Suyun rəngi və tərkibi dəyişib, əhali təşvişdə

0
3

İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli və suvarma suyu kimi istifadə etdiyi Girdiman çayının suyunda təhlükəli vəziyyət yaranıb.

Artıq 10 gündür ki, Girdiman çayının suyu naməlum səbəbdən yaşıl rəngə boyanıb.

Çaya çirkli maddələrin axıdılması səbəbindən suyun rəngi və dadı dəyişib, sudan qeyri-adi qoxu gəlir. Hətta çayın içərisindəki daşlar da yaşıl rəngə boyanıb.

Bu təhlükəli vəziyyət çayın suyundan istifadə edən İsmayıllının Gəraybəyli, Xəlilli, Eyyubbəyli və Ağsunun Külüllü, Pirhəsənli, Padar, Nəmirli, Gursulu, Kəlağaylı, Sarvan, Qasımlı, Bəyimli, Mustafalı kəndlərinin və Ağsu şəhərinin sakinlərinin narahatlığına səbəb olub.

İsmayıllı rayon İcra Hakimiyyətinin Gəraybəyli kəndi üzrə icra nümayəndəsi Rüstəm Babayev bildirib ki, yüz illərdir ki, Babadağdan axıb gələn və bulaq sularından yaranan Girdiman çayının duru suyunun son günlər yaşıl rəngə boyanması hamını ciddi narahat edir:

“On gün əvvəl Girdiman çayı ilə köpüklü su gəlib, sonra isə yaşıl rəngdə çirkli su axmağa başlayıb. Qeyri-adi iyə malik olan bu çirkli su hələ də gəlməkdə davam edir. Rayon ərazisində zavod və fabrik olmadığı üçün ehtimal olunur ki, İsmayıllı rayonunun şimalındakı meşəlik ərazilərdə, Girdiman çayının kənarında fəaliyyət göstərən istirahət mərkəzləri tərəfindən qanunsuz olaraq bu çaya çamaşırxana və kanalizasiya tullantıları axıdılır. Zəhərli toksik maddələrin axıdıldığı Girdiman çayının suyu artıq insanların sağlamlığına da ciddi ziyan vurur. Son günlər Gəraybəyli kəndində 15-ə yaxın adam mədə-bağırsağında yaranan problemlə, işləmə-qusma əlamətləri və dəri xəstəlikləri ilə bağlı həkimə müraciət edib. Çayın suyu qəflətən çirklənəndən sonra insanların səhhətində problemlər yaranıb. Suyun tərkibinin yoxlanılması və bunun insan sağlamlığına hansı təsirinin olub-olmadığını müəyyən etmək üçün aidiyyati qurumlara müraciət etmişik. Əvvəllər bu çayda belə bir hal baş verməyib. Hazırda bu sudan məişətdə istifadə etmək mümkün deyil”.

Xəlilli kənd sakini Vaqif Məmmədov və Gəraybəyli kənd sakini Məzahir Xəlilovisə bildirib ki, zəhərli toksik maddələrlə çirkləndirilən Girdiman çayının suyundan artıq içməli su kimi istifadə etmək, hətta çimmək və paltar yumaq mümkün deyil.

Onlar içmək üçün hazırda avtomobillərlə baha qiymətə su almaq məcburiyyətində qaldıqlarını deyirlər. Kənd sakinləri məsələnin tezliklə araşdırılması və insanları təmiz sudan məhrum edən şəxslərin tapılması üçün aidiyyatı qurumlardan xahiş edirlər.

APA