NASA-nın keçmiş əməkdaşı iqlimşünas alim Con L. Keysi sensasion proqnozlarla çıxış edib. O, yeni çapdan çıxmış kitabında yer kürəsinə 30 il davam edəcək sərt qış fəslinin yaxınlaşdığını iddia edib.
Strateq.az xəbər verir ki, Keysinin tezislərinə görə önümüzdəki 30 il qlobal soyuma baş verəcək. O öz kitabında bunu günəşin fəallığının azalmaları ilə izah edir.
Maraqlıdır ki, Keysinin bu tezislərini bir çox həmkarları da dəstəkləyib. Alimlərin fikirlərinə görə, önümüzdə bizi “solar minimum” deyilən günəşdəki alovlanma və partlamaların azalacağı bir dövr gözləyir. Alimlər hesab edirlər ki, getdikcə günəşin fəallığı azalacaq və “solar qış yuxusu” dövrünə girəcək.
Günəşin 30 il davam edəcəyi təxmin edilən qış yuxusunda okean və atmosferin temperaturu xeyli aşağı düşəcək. Nəticədə böyük vulkanik partlamalar və zəlzələlər olacağı ehtimal edilir.
Həmçinin kitabda, temperaturun düşməsilə bitkilərin donması nəticəsində kənd təsərrüfatı istehsalına böyük zərər dəyəcəyi və qida uğrunda qarşıdurmaların yaranacağı qeyd edilib.
Keysi iddia edir ki, son ayların ən böyük qarşıdurmalarının yaşandığı yerlərdən biri olan Ukraynadakı böhranın səbəbi də bu ani iqlim dəyişikliyinə qarşı Rusiyanın tədbirlər planı ola bilər.
Keysinin təxminlərinə görə, Rusiyanın Ukraynadakı əsl maraq mərkəzi indilərdə ikiyə bölünmüş olan ölkənin əhəmiyyətli bir buğda qaynağı olmasıdır. Bu nəzəriyyəyə görə, Rusiya “solar qış yuxusu” zamanı qida ehtiyacını qarşılaya bilmək üçün Ukraynanın qaynaqlarını istifadə etməyi planlaşdırır.