“…çıxın bir kəlmə deyin ki, biz ölkə prezidentinin tövsiyyəsini qəbul etmirik”

0
6

Vüqar Əliyev:“Bəzi özbaşınalıqların və qanunsuzluqların nəticəsində teatrı da, ardınca ölkəni də tərk etmək məcburiyyətində qaldım”

 

Bizim ağır atletimiz Qazaxıstanın bayrağı altında Rio olimpiadasının çempionu olub, dünya rekordunu 4 kilo civarında təzələyəndə, mən Gəncədəydim. Açığı, idmançımızın uğuruna çox sevindim, kimsənin düşünə bilməyəcəyi qədər çox. Elə bir o qədər də qəzəbə boğuldum, əsəblərim tarıma çəkildi. Axı, bu necə ölkədi ki, bizim gül kimi uşaqlarımız gedib başqa dövlətlərin bayrağını qaldırırlar. Özümüz isə Zimbabve zəncilərindən tutmuş, keçmiş sosialist ölkələrinin üçüncü dərəcəli idmançılarına qədər, harda nə qədər dələduz var,  ətək-ətək pulla gətirib burda guya yığma komanda düzəldirik. Tək bircə olimpiya medalı üçün harda gəldi, kimə gəldi astronomik ölçülərdə rüşvət təklif edirik. Axırda onun da, ya zibili çıxır, dünyada biabır oluruq, ya da pulu bəri başdan nəğd şəkildə almış “idmançılarımız” elə ilk aeroportdaca yoxa çıxırlar. Yenə də biabırçılıq, yenə də analoqsuz idman siyasətinin fiaskosu. Bir kimsənin də nə cınqırı çıxır, nə səsi eşidilir. Sanki elə belə də olmalıymış…

Bu dərdimiz təkcə idman sahəsi ilə bitsəydi nə vardı ki. Azərbaycanın yüzlərlə alimləri, minlərlə həkimləri, mühəndisləri, mədəniyyət və incəsənət adamları, misiqəçiləri indi dünyanın çeşidli, bizim üçün yad olan, ölkələrində çox uğurlu fəaliyyət göstərir və hərəsi öz sahəsində həmin ölkələrin inkişafına xidmət etməkdədilər.  Elə bu günlərdə yaxın dostların aracılığı ilə tanış və həmsöhbət olduğum Vüqar Əliyev də  illər öncə buradakı haqsızlıqlara arxa çevirib, qanunsuzluqlardan bezərək ölkəni tərk etmiş istedadlı soydaşlarımızdan biridi. Hazırda qardaş Türkiyənin teatr və kino sahəsində sayılıb seçilən mütəxəssislərdən biri kimi çalışmaqdadı və yaşına görə də xeyli uğurlar qazana bilib. Məhşur “Kurtlar vadisi” serialında, həmçinin də bir sıra digər serial və filmlərdə önəmli rollara çəkilib. Bir sözlə, ölkəmizi tərk etməsindən də, qardaş Türkiyə olsa belə, başqa bir dövlətdə, özgə bir məmləkətdə işinə, əməyinə verilən qiymətdən də, işlədiyi şəraitdən də, kəndinə göstərilən münasibətdən heç bir narazılığı yoxdur. Təbii ki, özünün də dediyi kimi, bir vaxtlar ölkəni tərk etmiş olmasaydı, bəlkə də çoxdan sevdiyi peşəsinə əlvida deyib,  teatr-kino sahəsindən ayrı düşərək,  ya “Sədərək”də corab, ya da “Binə”də tuman-köynək satırdı. Bax belə. Bizim övladlarımızı bizə, ölkəmizə, millətimizə və dövlətimizə xidmət etməkdən perik salan bir zehniyyət və bu zehniyyətdən doğan siyasət hakimdi indi Azərbaycanda.

Anlayacağınız, bu dəfəki müsahibim, qardaş Türkiyədə teatr və kino sənətinin uğurları üçün çalışan soydaşımız  Vüqar Əliyevdi.

Sərdar Əlibəyli

 

1

  • Vüqar bəy, Azərbaycana xoş gəlmisiniz.

 

  • Çox sağ olun.

 

  • Əslində, bir azərbaycanlıya “Azərbaycana xoş gəlibsən” demək ayıb olur, amma necə deyərlər, hardan gəlib hara gedirsən və niyə Türkiyədəsən? Sənətdisə bura da var, neçə teatrlarımız fəaliyyət göstərir. Yaxşı-pis filmlər, seriallar filan da çəkilir.

 

  • Türkiyədə olmağımın müxtəlif səbəbləri var. Burdan getməyə qərar verəndə, qarşımda iki seçim var idi. Bir Rusiyaya getmək, bir də Türkiyəyə. Əslində bu variantların ortaya gəlmə səbəbi də sırf dillə bağlı idi. Nəticə etibarilə mən Türkiyəni seçdim.

 

  • Rus dilini də bilirsənmi?

 

  • Bilirəm.

 

  • Rusiyada əlaqələrin var idimi?

 

  • Var idi. Ancaq mən, dediyim kimi, Türkiyəni seçdim. Yəqin ki, bu seçimim də daha çox qanla bağlı olan bir şey idi.

 

  • Burada olanda harada işləyirdin?

 

  • 1989-cu ildən Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında işə başladım.

 

  • Artıq onda teatr Bakıdaydı.

 

  • Bəli, həmin vaxt teatr Bakıda bərpa olundu, mən də orda işə başladım. 2000-ci ilə qədər elə o teatrda çalışdım. Daha sonra teatrda üzləşdiyim bəzi özbaşınalıqların və qanunsuzluqların nəticəsində teatrı da, ardınca ölkəni də tərk etmək məcburiyyətində qaldım.

 

  • Kim idi özbaşınalıq eləyən və özbaşınalıq deyəndə nəyi nəzərdə tutursan?
  • Mədəniyyət Nazirliyinin də bir sıra digər şəxslərin özbaşınalığından söhbət gedir. Dediyim kimi, teatrı tərk edəndən sonra, burda qala bilməyəcəyimi anladım və hara getmək məsələsi gündəmə gələndə Türkiyə bir az ağır basdı. 2004-cü ildən Türkiyədəyəm və günü bu gün də orada teatr və kino sahəsində fəaliyyət göstərirəm.

 

  • Barəsində danışdığın özbaşınalıqlar nədən ibarət idi?
  • Dediyim kimi, mən burda dövlət adına fəaliyyət göstərən bir teatrda işləyirdim. 1989-cu ildə teatrda işləməyə başladım. Sonra isə İncəsənət Universitetinin aktyorluq fakultəsinə qəbul oldum və orda qiyabi oxudum. Teatr dahisi Nəsir Sadıqovun tələbəsi olmuşam. Nəsir Sadıqov o dövrdə Azərbaycan teatrının ən böyük rejissorlarından biri idi. Deməyim odur ki, onun kursunda oxudum və həmin vaxtlar müharibədə də iştirak elədim. Hal-hazırda müharibə veteranıyam, 1992-ci ildə bir il Qarabağ döyüşlərində vuruşmuşam. Müharibə veteranı kimi dövlətin verdiyi rəsmi sənədim də var. Hətta müharibə veteranı kimi maaşım da ödənilir. Sonradan yenə teatra qayıtdım və dediyim kimi Mədəniyyət Nazirliyindən bəzi məmurların özbaşlıqları oldu.

2

  • Elə hey özbaşnalıqılar oldu deyib durursan, neylədilər axı?

 

  • Indi ora gəlirəm. 1998-ci ildə şair Zəlimxan Yaqubun yaradsıcılıq gecəsi keçirilirdi. Biz də həmin vaxt Zəlimxan Yaqubun “Göyçə dərdi” poemasından “Didərginlər”adlı tamaşa hazırlamlşdıq. O zaman şairin özü teatra gəldi və dedi ki, həmin tamaşadan yaradıcılıq gecəsində bir səhnənin oynanılmasını istəyir. Tədbir də o vaxtkı Respublika – indiki Heydər Əliyev sarayında keçirilirdi. Təbii ki, biz də buna razılıq verdik, hazırlaşdıq və saraya getdik. Dekabr ayının ya 8-i, ya da 9-u olardı. Yaradıcılıq gecəsi oldu və biz də öz səhnəmizi oynadıq. Heydər Əliyev də gecəyə qatılmışdı. Tədbir bitəndən sonra, həmişə olduğu kimi, yenə də səhnə arxasına gəldi. Orda Heydər Əliyev bizim teatrın problemləri ilə maraqlandı. Zəlimxan Yaqub da orda buldirdi ki, İrəvab teatrının yer problemi var və digər məsələləri də danışdı. Heydər Əliyev orda birbaşa göstəriş verdi və dedi ki, bu teatr gözəl bir yerdə yerləşdirilsin. Mənim yadımdadı ki, görüşdə o vaxtkı Mədəniyyət naziri Polad Bülbüloğlu, Nəsimi RİH-in başçısı Tahir Quliyev də var idi. Orda qeyd olundu ki, Nəsimi rayonun ərazisində Həmkarlar İttifaqının Mədəniyyət evi var və həmin Mədəniyyət evi Sahil bağının sol tərəfində idi. Həmin vaxt Musiqili Komediya Teatrının binası təmirdə olduğundan, müvəqqəti orada yerləşdirilmişdi. Biz də sevindik ki, prezidentimzin göstərişi var, teatrımıza yer verəcəklər və biz də normal fəaliyyət göstərəcəyik. Aradan bir neçə gün keçdi, Mədəniyyət Nazirliyindən bizə zəng elədilər ki, gedib binaya baxaq. Mən o zaman teatrın direktor müavini idim və o da bu işlərlə məşğul olmağı mənə həvalə eləmişdi.

 

  • Direktor kim idi?

 

  • Vidadi Əliyev idi.

 

  • İndi də deyəsən o direktordu.

 

  • Yox, məndən cəmi iki ay sonra onu da çıxartdılar. Nə isə, mən Mədəniyyət Nazirliyində oldum, dedilər ki, özümüz sizi dəvət edəcəyik. Haradasa 15 gündən sonra Vidadi Əliyevlə məni Mədəniyyət Nazirliyinə dəvət elədilər. Yenə də orda dedilər ki, prezidentin göstərişi var və sizi o binada yerləşdirəcəyik. Ordan Mədəniyyət Nazirliyinin işçiləri ilə gedib binaya baxdıq və bizə bildirdilər ki, teatrı köçürtmək üçün hazırlıqlarınıza başlayın. Böyük məmnuniyyətlə hazırlıq işlərinə başladıq və elə hesab elədik ki, bizim teatr üçün Bakıda ən ideal yer elə buradı. Həm də ölkənin tanınmış teatrlarının əksəriyyəti o ərazidə yerləşdiyindən, tamaşaçılar üçün də gediş-gəliş rahat olar deyə düşünürdük. Beləcə aylar ötdü və teatrın direktoru da işləri mənə həvalə etdiyindən tez-tez, nə oldu deyə maraqlanırdı. Həmin vaxt az qala həftədə bir dəfə nazirliyə gedib oradakı müəyyən şəxslərlə görüşürdüm. Onlar da hər dəfə mənə deyirdilər ki, heç narahat olmayın bu bina sizindi, çünki ortada prezidentin sözü və tövsiyyyəsi, tapşırığı var. Aradan bir az da keçəndən sonra, onlar  başqa yollarla getməyə başladılar. O vaxtlar Bakıda Flora Əhmədova adlı məhkəmə sədri var idi. Həmin o Flora xanımın atası da vaxtilə – 1940-cı illərdə bizim teatrda aktyor işləmişdi. Bir gün həmin Flora xanım mənə zəng vurub görüşmək istədi və gedib onunla görüşdüm. Orda Flora xanım soruşdu ki, məsələ nədir? Mən ona məsələni dedim və o da öz növbəsində bildirdi ki, Həmkarlar İttifaqının sədri ilə danışıb məsələni tezləşdirəcək. Çünki, prezidentin tövsiyyəsi var idi deyə, məsələnin tezliklə həll olunacağına inanırdı. Bir neçə gündən sonra Flora xanım zəng vurub bildirdi ki, onlar binanı bizə vermək istəyirlər, ancaq bunun üçün Mədəniyyət Nazirliyinin məktubu və müqaviləsi olmalıdı.  O mənə dedi ki, gedib Həmkarlar İttifaqının sədri ilə görüşüm. Mən də gedib Səttar Mehbalıyevlə görüşdüm. Görüş zamanı o, mənə dedi ki, sən kimsən və nə ortalığa düşübsən? Təzədən ordan Mədəniyyət Nazirliyinə getdim və təbii ki, prezidentin tövsiyyəsini bu qədər gözardı edilməsinə etiraz eləyib tələb etdim ki, bizə ya “hə” deyin, ya da “yox”. Orda da mənə bir nəfər dedi ki, sən kimsən axı bu işlərlə məşğul olursan? Ona da bildirdim ki, mən teatrın direktor müaviniyəm, ortada prezident Heydər Əliyevin tövsiyyəsi var və siz də bunu qəbul etmisiniz. Son olaraq bildirdim ki, çıxın bir kəlmə deyin ki, biz ölkə prezidentinin tövsiyyəsini qəbul etmirik. Otaqdan çıxanda da  dedim ki, mənim burda xüsusi marağım yoxdu və teatrın direktor müavini kimi maaşımı alıb öz işimlə məşğulam. Beləcə bu get-gəllər xeyli uzandı, axırda dedilər ki, siz bilmirsiniz ortada başqa şeylər var.

 

  • O başqa şeylərin nədən ibarət olduğunu demədilər?

 

Davamı var…