Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın həyata keçirdiyi terror aktlarının arxasında Fətullahçı Terror Təşkilatı (FETÖ) olduğunu bəyan edib.
Bunu bu gün Pakistan Senatının və Milli Məclisinin üzvlərini və İslam Dünyası Vətəndaş Cəmiyyəti Təşkilatı Birliyinin təmsilçilərini qəbul edən Ərdoğan deyib ki, Türkiyə adları fərqli olsa da, eyni məqsədlə hərəkət edən və bir-biri ilə yaxın əlaqədə olan terror təşkilatlarının ortaq hücumuna məruz qalır.
Türkiyə prezidenti bildirib ki, PKK-nun hücumlarının arxasında FETÖ-nün olduğunu anlamaq üçün kahin olmağa gərək yoxdur. Türkiyənin terror təşkilatlarına qarşı mübarizə aparacaq qüdrətə malik olduğunu vurğulayan Ərdoğan ABŞ-a da mesaj verib. PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YRG-nin Münbicin İŞİD-dən azad edilməsindən sonra geri çəkiləcəyi ilə bağlı ABŞ-ın üzərinə öhdəlik götürdüyünə işarə edən Ərdoğan öhdəliklərin yerinə yetirilib-yetirilməyəcəyini izlədiklərini söyləyib: “İraq və Suriyada Türkiyənin təhlükəsizliyini təhdid edəcək proseslərə nail olmaq istəyənlərə söyləyirəm ki, biz hər şeyin fərqindəyik. Türkiyə bir çadır dövləti deyil”.
Türkiyə prezidenti 15 iyuldan sonra 182 terrorçunun zərərsizləşdirildiyini, təhlükəsizlik qüvvələrinin terrorçulara yardım edən 3 min nəfəri saxladığını, 318 nəfərin həbs edildiyini də açıqlayıb: “Millətimiz bütün təhlükəsizlik qüvvələri ilə mübarizə aparacaq. Hazırda Suriyanın şimalında YPG hücumları təhdid yaradır. Qərb bizi anlamayıb, anlamır və anlamayacaq. Biz bunun fərqindəyik, dürüst davranmırlar. Biz terrorçularla mübarizə sahəsində hərbi əməliyyatları və hüquqi mübarizəni fasiləsiz davam etdirəcəyik”.
APA