Milli olmayan “Dənizkənarı Milli Parkı”mızı milliləşdirməyin ən sadə yolu…

0
4
Paytaxtımızın ən maraqlı, cəzbedici məkanı dənizkənarı bulvarımızdı. Bu məkan Bakı sakinlərinin, şəhərimizə təşrif buyurmuş qonaqların ən sevdiyi yerlərdən biridir. 1998-ci ildə Milli Park statusu verilmiş bulvar son illərdə dünyanın ən müasir, abad dənizkənarı parklarından birinə çevrilib.
4
Bu yaxınlarda həmkarımız Ləman Ələşrəfqızı Milli Parkımıza geniş status həsr etmişdi. Qiymətlərin kəlləçarxa vurmasından söhbət açıb, şəhər sakinlərinin, hətta qonaqların narazı qaldığı məqamlara toxunmuşdu. Nə yazıq ki, faktların doğruluğunu inkar etmək imkanım xaricindədir. Milli Park kimlərinsə ticari, biznes maraqlarının aşıb-coşduğu məkana çevrilib ki, burada gəzib-dolaşmaq, ürəyi yananda su və ya bir stəkan çay içmək əksəriyyətin cibinə uyğun gəlmir. Mənim təklifim isə nə ticarətə, nədə ki, biznesə bağlıdır. Vətəndaş kimi Milli Parkın millətimizin, dövlətimizin uğurlarının təbliğ-təşviq guşəsinə çevrilməyini arzulayıram.
2
Sirr deyil ki, bulvarımızda milli olan cüzi bir şeylər qalıb ki, narahatlğın da səbəbi məhz budur. Hətta ağaclar xaricdən gətirilib ki, xarici qonaqları bununla təəccübləndirmək qeyri mümkündür.
Ölkəmiz tədricən xarici turistlərin diqqətini çəkməyə başlayıb ki, bu yay paytaxtımıza axışan qonaqların çoxluğu diqqətdən yayınmır. Milli Parkımız nə qədər böyüsə də, insan sıxlığı hiss olunacaq qədərdi. Buna sevınməmək olmur. Onda, bəs nə üçün, əlimizdəki real imkandan bütövlükdə Azərbaycanımızın dilbər guşələrinin tanıtımına çalışmayaq. Hər bir rayonumuz barədə ətraflı bilgilər verən tablolar, reklam stendləri quraşdırmaq olmazmı?!  Və yaxud, nə üçün Milli Parkımızda milli qəhrəmanlarımızın büstləri qoyulub, onların nə üçün və kimlərlə vuruşduğu təbliğ edilməsin. Azərbaycanın dünyaca məşhur olan alimləri, şairləri, yazıçıları, incəsənət xadimləri var ki, hər gün böyüyən Milli Parkda onların da tanıtımına məncə yer tapmaq mümkündür. İnanıram ki, ölkəmizə axışan turistləri yeyib-içib, əylənməkdən daha çox, millətimizin, dövlətimizin nələrə qadir olduğunu öyrənmək maraqlandırır.
3
Təklifim budur, Milli Parkımızı qonaqları, şəhər sakinlərini narazı salan işbazların əsarətindən xilas edib, daha böyük dəyərlərə, ölkəmizin tanıtımına xidmət göstərə bilən məkana çevirək.
Lalə Ramizqızı