Natiq Cəfərovla bağlı rəsmi açıqlama – “Xeyli miqdarda gəlir əldə etməklə…”

0
6

Baş Prokurorluq REAL hərəkatının icra katibi Natiq Cəfərli ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda deyilir:

Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Maliyyə və Ədliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyatları davam etdirilir.

Cinayət işi üzrə çoxsaylı dindirmə, baxış, axtarış, götürmə və sair istintaq hərəkətləri yerinə yetirilmiş, Cəfərov Natiq Mehman oğlunun cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması barədə səlahiyyətli dövlət orqanlarından daxil olmuş məlumatlar məhkəmə qərarı əsasında Maliyyə və Vergilər nazirlikləri, həmçinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisləri tərəfindən yoxlanılıb.

Natiq Cəfərovun 2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs kimi özü üçün qanunsuz üstünlük əldə etmək, yəni vergiləri ödəməkdən yayınaraq gəlir əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə edib Demokratiyaya Milli Dəstək Fondu tərəfindən özünün bilavasitə həyata keçirdiyi layihələr üzrə ayrılmış 94.565 ABŞ dolları məbləğində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə pul vəsaitlərinin “Bank Respublika” ASC-nin Nərimanov filialında yerləşən bank hesablarına köçürülməsini təmin etməklə nağdlaşdırıb götürərək təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihə rəhbəri kimi müxtəlif vəzifələrə işçilər cəlb edərək özünə, eləcə də həmin şəxslərə xidmət və əmək haqları adı ilə pul vəsaitlərinin ödənilməsini təşkil etməsində, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 71.334 manat məbləğində xeyli miqdarda gəlir əldə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasında əsaslı şübhələr müəyyən edilib.

Natiq Cəfərov iş üzrə verdiyi ifadələrində göstərilənləri təsdiq edərək qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini dostu, eyni zamanda həmin dövrdə REAL Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməkliyi ilə mənfəət əldə etmək məqsədi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib.

Natiq Cəfərovun Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq davam etdirilir.